Etimadın nəşini gecə gətirəcəyəm. Sabah Nardaran qəbristanlığında torpağa tapşırılacaq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında dünən güllələnərək öldürülən iş adamı Etimad İsmayılovun həyat yoldaşı Sevil Nuriyeva deyib.
Sevil Nuriyeva dəfn mərasiminin sabah saat 13:00-da olacağını deyib: "Çox pis vəziyyətdəyəm. Dəfnlə ailəsi məşğul olur".
Jurnalist həmkarımız Elxan Şükürlü bildirib ki, Etimad İsmayılovun atası İlyas İsmayılov və anası Zəkiyyə xanım hazırda Nardaranda dəfn məsələləri ilə bağlı hazırlıq görür. Etimad İsmayılovun cənazəsi həyat yoldaşı Sevil Nuriyeva və dostları tərəfindən Bakıya gətiriləcək.
Qeyd edək ki, dünən gecə saatlarında İstanbulun Florya adlanan ərazidəki ofisində şəriki Gözəl Dəmirov tərəfindən qətlə yetirilən E.İsmayılovun cənazəsi Yenibosna morqunda ekspertizadan keçirildikdən sonra ailə üzvlərinə təhvil verilib.
Qətlə yetirilən Etimad İsmayılov “Ədalət” partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın isə həyat yoldaşıdır. Onu qətlə yetirən Gözəl Dəmirov isə keçmiş polis zabiti və biznesmendir.