Müasir dövrdə istədiyimiz informasiyanı sürətli şəkildə internetdən tapa bilərik. Bunun üçün çoxumuz vikipediyaya müraciət edirik.
Məlumat üçün bildirək ki, 1999-cu ildə yaradılan bu layihənin baş redaktoru və təşkilatçısı Larri Senqer, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gəlib və onu ilk olaraq nupediya adlandırıblar.
2001-ci il yanvarın 15 də nupediya ensiklopediyası əsasında vikipediya açıq ensiklopediyası internetdə fəaliyyət göstərməyə başlayıb. Azərbaycanda isə vikipediya 2004-cü ü ilin yanvarında yaradılıb.
Vikipediya açıq resurs olduğu üçün orda istənilən şəxs əlavə və dəyişiklik edə bilər. Buna görə də bəzən vikipediya mətnlərində yanlış informasiyalar da yer alır. Bütün bunları sistemləşdirən və təlimlərlə könüllülərə istiqamət verən bir ünvan, bir məkan var.
Beləcə yolumuzu Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın (AMEA MEK) Sərbəst Elektron Resursları şöbəsinə salırıq. Bizi orda gənc və enerjili bir kollektiv qarşılayır. Biz gedəndə təlim zamanıydı. Könüllülərin təlimə marağı böyükdür. İş prosesi haqqında məlumat almaq üçün ilk növbədə AMEA MEK-in Sərbəst Elektron Resursları şöbəsinin müdiri Elnur Eltürklə söhbətləşirik.
Elnur Eltürk deyir ki, ölkədə əvvəlki illərə nisbətən vikipediyaya maraq artıb: ”Vikipediya könüllülük prinsipi ilə fəaliyyət göstərir. Biz təkcə Azərbaycan seqmentinə işləmirik. Eyni zamanda ingilis və rus dilli üzrə məqalələr yerləşdiririk.
İndi 138 min 16 məqalə var. İstifadəçilərin sayı çox olsa da, təəssüf ki, aktiv istifadəçilərin sayı azdı. Hazırda bu rəqəm 100 mini keçib. Aylıq 500 dən çox abunəçi olur. Əvvəllər, yəni 2004-cü ildə Azərbaycan şöbəsi fəaliyyətə başlayanda fəallıq güclü idi, sonra aktivlik zəiflədi. İndi fəallıq yenidən artmağa başlayıb.
Məqalələri ingilis, rus dilindən tərcümə edirik, Şəms Tərcümə Xidməti bizə təmənnasız dəstək göstərir. AXC ilə bağlı elan elədiyimiz aylqıqda 546 məqalə yazılıb yerləşdirildi. 90-a yaxına məqalə ərəb, fars, rus, ingilis türk dillərində tərcümə edildi”.
Şöbə müdiri deyir ki, bəzən təxribatlar olur, çalışırlar bunun qarşısını alsınlar: “Vikipediyada hər kəsin məqalə yerləşdmək imkanı var deyə burda intellektual kəsim daha fəal olmalıdır. Bu istiqamətdə təlimlər keçirik. Maksimum çalışırıq ki, xarici dilli vikipediyada fəallaşaq”.
Söhbətimizə Sərbəst Elektron Resursları şöbəsinin Əlaqələndirmə bölməsinin müdiri Qulamhüseyn Məmmədovla davam edirik. O qeyd edir ki, şöbənin könüllüləri işdən sonrakı asudə vaxtlarında da vikipediyada fəaliyyət göstərirlər: “Əsas məqsədimiz Azərbaycan dilində olan materialların sərbəst elektron resurs olan vikipediyada çoxalmasıdır. Çünki 21-ci əsrdə, insanların hər şeylə maraqlandığı dövrdə ilk müraciət olunan ünvan vikipediyadır”.
Qulamhüseyn Məmmədov deyir ki, ixtisası tarix olduğuna görə yazdığı məqalələrin 90 faizi tarixə aiddir: “Cümhuriyyətimizin 100 illiyi ilə bağlı şöbəmizin könüllüləri tərəfindən yüzlərlə şəkil köçürüldü, şablonlar, kateqoriyalar hazırlandı, 600- 700 məqalə yaradıldı. Həmçinin mətbuat günü ilə bağlı simvolik olaraq 143, aprel döyüşləri ilə bağlı 20-30 məqalə yazılıb yerləşdirildi”.
Məqalələr yaradılarkən mənbələr, istinadlar önəmlidir, tarixi mövzuda məqalə hazırlamaq isə olduqca məsuliyyətli işdir. Müsahibim deyir ki, hər tarixi dövrün özünün peşəkarı var: “Doğrudur, yazdığına etibar elədiyimiz tarixçilərimiz var ki, onların əsərlərindən istifadə edirik. Ancaq xarici tarixşünaslığa istinad etmək zərurətini də vurğulamalıyıq”.
Təxribatların mümkün qədər qarşısını almağa çalışdıqlarını deyən bölmə müdiri əlavə edir ki, bu yaxınlarda sosial şəbəkədə separatçı Dağlıq Qarabağla bağlı məqalə gündəmə gəlmişdi: “Məqalə Azərbaycan dilində həm qısa idi, həm də həqiqətləri əks etdirmirdi. Onu əsaslı şəkildə redaktə elədim, demək olar ki, yenidən yazdım. Bu məqalədə Qarabağda olan separatçı erməni hərəkatının başlanması, Ermənistanın onlara dövlət olaraq dəstəyi, BMT-nin verdiyi qətnamələrin həyata keçirilməməsi, Azərbaycana qarşı soyqırımlar ətraflı şəkildə öz əksini tapdı”.
Sərbəst Elektron Resursları şöbəsinin təlimlər üzrə bölmə rəhbəri Günay Məmmədovanın sözlərinə görə, Azərbaycanın mədəniyyətini, tarixi hadisələri, mədəni irsi ilə bağlı məlumatları həm Azərbaycan, həm də xarici dilli vikipediyada yerləşdirmək və təbliğ etmək məqsədilə təlimlərini keçilir: “Artıq 45-dən çox təlim keçmişik. Təlimlərdə həm nəzəri, həm də praktiki işə diqqət edirik. 8 dərs ərzində məqaləni necə yaratmaq lazımdır, daxili, xarici istinadlar, vikipediyada etibarlı və etibarsız mənbələrdən istifadə yolları haqqında iştirakçılara məlumat veririk.
Təlimdə iştirak üçün özləri müraciət edənlər də var. Bizim özümüzün də müraciət etdiklərimiz olur. Azərbaycan Milli Elmlər Akademiyasında 42 institut və təşkilat var ki, onun 30-dan çoxuna artıq təlim keçmişik.
Hazırda Zoologiya İnstitutunun, Aviasiya Akademiyasının əməkdaşlarına təlim keçilir. Məhz təlimlər hesabına 2015-ci ildə 107 min məqalə var idisə, 2018-cildə məqalələrin sayı 138 mindir.
Onu da deyim ki, təlimlərdən qabaq vikdepdiyaya məqalələr düzgün yerləşdirilmirdi. Jurnala verilən məqalə ilə vikipediyada yerləşdirilən məqalə arasında fərq çoxdur. Biri var məlumatı olduğu kimi yerləşdirmək, bir də vikipediyanın prinsiplərinə riayət eləmək.
Vikipediya sərbəst elektron resurs olsa da, burada məqalə yerləşdirməyin öz qanunları var. Terminlərin çoxu rus dilindədi. Azərbaycan dilində tapmaq olmur. Müvafiq məqalələri tələbələr yerləşdirir, yaxud akademiyanın gənc alimləri yeni məqalələr yaradır və ya redaktə edirlər”.
Bölmə rəhbəri deyir ki, vikipediyada tez-tez mövzulu ay layihəsi keçirilir. Tələbələr burada iştirak edir və mükafatlandırılır, bu isə onları həm də stimullaşdırır.
Vikipediyada məlumatların rus və ya ingilis dilində yerləşdirlməsi ölkəmiz haqqında məlumat axtaranlar üçün ən asan mənbədir. Bu, ölkəmizin tanıdılmasında da əsas rol oynayır.
Sərbəst Elektron Resursları şöbəsinin əməkdaşı Nuray Tanırverdiyeva deyir ki, rus dilli vikipediyadan Azərbaycan dilinə və ya əksinə tərcümə edir: “Məqsədimiz tariximizi, mədəniyyətimizi başqa ölkələrə tanıtmaqdır. Rus vikipediyasında bizimlə bağlı məqalə azdır, çalışırıq ki, sayı artıraq.
Təlimlərdə çalışıram ki, rus dilini bilənlər öz ixtisaslarına uyğun terminlər yazıb vikipediyaya əlavə etsinlər“.
Digər tərcüməçi Sərbəst Elektron Resursları şöbəsinin əməkdaşı Jalə Babazadə isə ingilis dilli vikipediyada milli qəhrəmanlarımız haqqında məqalələr yaratdığını qeyd edir: ”Hazırda Raquf Orucovun məqaləsi yaradılır. Proses ilin axırına kimi davam edəcək”.
Təlimçi Gülarə Səbzəliyeva əsasən ədəbiyyatla bağlı məqalələr yerləşdirməklə məşğuldur: “Milli mətbuatın yaranmasının 143 illiyi ilə bağlı Vikipediya Metodik Mərkəzinin könüllüləri olaraq 143 məqalə yaratdıq və əsaslı şəkildə redaktə etdik. Komandamızın bu sahədə fəaliyyətə başlarkən ilk diqqət yetirdiyi nüans vikipediyada mətbuatla bağlı boşluqları üzə çıxarmaq və bu boşluqlar üzərində iş aparmaq oldu.
Mətbuatla bağlı işləyəndə bütün dövrlərə nəzər yetirdik və bu işi sistemli şəkildə həyata keçirdik. Vikipediyada bu ay hərb ayıdır. Bizim üçün vacib məqamlardan biri kəmiyyət yox, keyfiyyətdir”.
Vikipediyanın əsas qanunu budur ki, yazılmış məqalənin məzmunu tamamilə tərəfsiz olmalıdır, heç bir subyektiv fikir əksini tapmamalıdır. Təlimçi bunun üçün etibarlı mənbələrə istinad edildiyini deyir: “Bir mövzu ilə bağlı məqalə yerləşdirəndə əvvəlcə araşdırma aparırıq. Kitabxanamızdan, həmçinin elektron resurslardan material əldə edirik, mütləq mənbələr tapırıq. İnsanlar Azərbaycan dilli vikipediyaya inanırlar, güvənirlər”.
Digər təlimçi Səbinə Abizadə birinci olaraq Almaniya, Rusiya və Avropa barədə məqalələri rus dilindən Azərbaycan dilinə tərcümə etdiyini deyir: “Hazırda işlədiyim mövzu xalqların mifologiyasıdır ki, Azərbaycan dilində mənbə yoxdur, rus dilindən tərcümə etməli oluram”.
Bir iş günü necə başlayır sualına isə həmsöhbətim belə cavab verir: “Əvvəlcə hansı məqaləni tərcümə edəyəcəm və ya yaradağacam, onu müəyyənləşdirirəm. Müvafiq mənbələr tapdıqdan sonra məqaləni vikipediyada yerləşdirirəm. Elə məqalə olur ki, biz onu günlərlə işləyirik. Eləsi də olur ki, bir gündə 2-3 məqalə yaradırıq”.
Gənc, enerjili bir komanda işinə davam edir, axtarır, tapır, yazır və təqdim edir. Bütün dünya üçün işləyir. Əlbəttə, öz ölkəmiz və onun həqiqətləri naminə... İnformasiya müharibəsi dövründə düzgün və dəqiq məlumatların əlçatan olması çox vacibdir. Bunu onlar bacarır....