Sentyabr 23-də paytaxta normadan artıq yağış düşüb, bu da gözlənilməz olduğu üçün su səviyyəsi küçələrdə artıb. Bütün bunlar belə bir sual yaradır ki, kanalizasiya sistemi payız-qış mövsümünə hazırdırmı?
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Teleqraf.com-a bildirib ki, yaranan vəziyyətin əsas səbəbi qısa müddətdə yağan yağışın intensivliyidir.
O qeyd edib ki, kanalizasiya xətlərimiz normal işləyir: “Kanalizasiya işləməsəydi bu gün də küçələrimiz su və zibil olardı. Bizim briqadalarımızın hamısı dünən iş başında oldu, bulvarda, Ziya Bünyadov küçəsində, Yasamal, Binəqədi ərazilərində çalışdılar. Biz məcbur olub, qurğuların çatdırmadığı üçün Sahildəki iki kollektorumuzu açdıq. Bizim xətlərimiz, yağış barmaqlıqlarımızın hamısı işlək vəziyyətdə idi”.
Mətbuat xidməti rəhbəri deyib ki, kollektorların çoxu 1970-80-ci illərdə tikilib, mütəmadi olaraq onların içərisi palçıqdan, daşdan, məişət tullantılarından təmizlənir: “2012-2014-cü illərdə monitorinq apardıq, xüsusi robortlar gətirdik, xətlərin vəziyyətin öyrəndik. Biz12 kub metrlik həcmdə olan kollektorlarda məişət tullantıları çıxartdıq. Hətta burdan maşın təkəri, heyvan dərisi, mal başı, soyuducu hissələri, dəmir də çıxdı. Bununla ötürücü qabiliyyətini xeyli gücləndirdik.
Sonra Həsən Əliyev küçəsi boyunca yeni kollektor çəkdik, 2017- ci ildə Prezidentin tapşırığı ilə 14 nöqtədə yağış sularının kənarlaşdırılması ilə bağlı işlər gördük. Düşünürəm ki, bundan sonra kifayət qədər işlər görülməlidir”.
Şəhərdə tikinti işləri və binaların çoxalmasının kanalizasiya xətlərinə təsirindən danışan “Azərsu“ rəsmisi deyib ki, son vaxtlar Bakı şəhəri bəlkə də iki dəfə böyüyüb: “Bakıda əvvəllər quru torpaq sahələri çox idi, yağış yağanda su ora hopurdu. Bu gün tikililərin çoxalması, onların qabağının asfaltlanması, yollar genişlənməsi yağış sularının hamısının bizim şəbəkəyə gəlməsinə səbəb olur. Ona görə də şəbəkənin yükü artıb”.
Anar Cəbrayıllı payız-qış mövsümünə hazır olduqlarını qeyd edib: “Dünəndən başlayaraq mütəxəssislərimiz su harada yığılır, niyə yığılır - onun səbəblərini aradan qaldırmaq üçün araşdırmalar aparır. Avqust ayının sonlarından başlayaraq, mütəmadi olaraq xətlər, yağış barmaqlıqları təmizlənir. Bilirik ki, ən çox yağıntılar payızda düşür və ona görə də əvvəldən tədbirlər görülür”.