Rusiyaya dünyanın müxtəlif ərazilərindən tərəvəz və meyvə gətirən şirkətlərin əksəriyyəti Peterburqdandır.
Axar.az “Fontanka” saytının Moskvada keçirilən “WorldFood Moscow” sərgisinin nəticələrini analiz etdikdən sonra yayımladığı reportajı ixtisarla təqdim edir:
Rusiyaya tərəvəz idxalı 2017-ci ilin nəticələrinə əsasən, 2,5 milyon ton olub. Bu, təxminən 1,5 milyard dollardır. Meyvə idxalı statistikası isə daha böyükdür. Belə ki, meyvə idxalı 5 milyon ton, dəyəri isə 3,5 milyard dollar edir. Bu həcmin təxminən 60%-i Peterburqdan keçir.
Bütöv bazarın 5%-dən az hissəsi biznesmenlərin payına düşür. Daha 95%-lik hissə isə milyardlarla dollar dövriyyəsi və ofisləri olan şirkətlər tərəfindən idarə edilir. Bu, o şirkətlərdir ki, “Vol Strit” elitası haqqında filmlərin dekorasiyası ola bilərlər. Sentyabrda Moskvada məhz onlar “WorldFood Moscow” ərzaq sərgisində toplanmışdılar.
Bu görüşlər 1992-ci ildən keçirilir. Peterburqlular üçün xüsusilə tərəvəz və meyvə idxalatı seksiyası maraqlı gələ bilərdi. Belə ki, 4 gün ərzində burada 30 ölkədən 229 fərqli şirkətin nümayəndəsi toplanmışdı. İdxalatla məşğul olan Rusiya şirkətlərindən sərgidə 64 firmanın stendi var idi. Hər yerdə olduğu kimi, bu biznesdə həmçinin güclü oyunçular var, hansı ki, aralarında bazarın “Okeya” və ya “Lentı” kimi nəhəng ticarət şəbəkələrinin hələlik əllərinin çatmadığı hissəsini bölürlər.
Böyük idxalatçı şirkətlər arasında bir neçə bazar iştirakçısı dərhal “Əhməd Frut”, “Nevski Meyvə Şirkəti”, “Qlobus”, “Aybarus”, “Tropik” və “Ruzifrut” adını çəkdi. Bunlardan “Tropik” və “Qlobus” Peterburqda yerləşmirlər, amma burda öz nümayəndəlikləri var. “Aybarus” şirkətinin baş direktoru Maksim Dontsovun dəyərləndirməsinə görə, bu gün təxminən bütün idxalatın 25-30%-i bu şirkətlər vasitəsilə gerçəkləşdirilir. Tərəvəzin isə 60-70%-ni bu şirkətlər həyata keçirir. Yerdə qalan hissə orta və kiçik oyunçuların payına düşür.
“Oyunçulardan kimin böyük, kimin kiçik olduğunu dəqiq söyləmək olmaz. Bunu hesablamaq belə problemlidir, çünki hər kəsin fərqli gömrükləri, ölkələri, şəhərləri, həcmləri var. Biz başa düşürük ki, hər kəs hər şeyə qadirdir. Kimin böyük, kimin balaca olduğunu ayırmağa gərək yoxdur. İstənilən malı gətirməklə bağlı problem yoxdur, problem onu satmağın sərfəli olmasıyla bağlıdır”, – deyə “Əhməd Frut”un nümayəndəsi Mixail Slastenin bildirib.
Sürətli idxal prosesi Rusiyada ən məşhur məhsul nümunəsi - bananla yaxşı təsvir edilə bilər. Hər həftə Sankt-Peterburqa 190 milyon ədəd banan gətirilir.
Hər bir idxalçının meyvə daşımaları ilə bağlı həm yazılı, həm də şifahi razılaşması var. Bu meyvənin 90 faizi Sankt-Peterburqla 11 min kilometr məsafədə yerləşən Ekvadordan gətirilir.
Əsas müştərilərlə - ərzaq şəbəkələri ilə - satınalma məsələsi həftədə bir dəfə yalnız elektron formatda keçirilmiş tenderlərdə qərar verilir, pərakəndə satışla məşğul olanlar gələcəkdə lazım olan malların çeşidi və miqdarı haqqında məlumat verirlər. İdxalçılar isə qiyməti aşağı salmaqla bir-biri ilə rəqabət aparırlar.
Ən əlverişli şəraiti təklif edənlər məhsullarını supermarketlərin rəflərinə daşıyır.
Qitələr arasında gəmilərlə meyvə daşınması 26-28 gün təşkil edir. Banan Rusiyaya yaşıl halda və 12 dərəcə temperaturda göndərilir ki, yolda yetişib xarab olmasın. Sankt-Peterburqdakı porta çatanda ya Sofiyski, ya da Kalinin bazasına göndərilir. Oradan da məhsulun 90 faizi mağazalara göndərilir. Qalan 10 faiz məhsulu isə kiçik mağazaların rəflərində və köşklərdə görmək olar.
Meyvə və tərəvəzlərin böyük əksəriyyəti Rusiyaya Türkiyə, Misir, Mərakeş, Pakistan və Latın Amerikası ölkələrindən gətirilir.
Ölkənin şərq hissəsi üçün isə Hindistan və Çin idxalçıları daha aktualdır.
2014-cü ilə kimi iri ixracatçılar arasında Avropa ölkələrini də görmək olardı, amma siyasi səbəblərə görə, onlar coğrafiyanı dəyişməyə məcbur oldular.
“İlboyu satışda meyvə və tərəvəzin olması üçün biz dünyadakı tacirlərlə işləyirik. Bir yerdə mövsüm bitəndə başqa yerdə başlayır. Məsələn, indi naringi mövsümü başlayır. İndi biz onu Türkiyədən alacağıq. Orada mövsüm başa çatandan sonra isə biz Mərakeşdən gətirəcəyik. Daha sonra zəncirvari: Pakistan, Misir, Argentina, CAR, Uruqvay, Peru və yenidən Türkiyə. Halqa bağlanır”, - “Aysel Qrup”un baş direktoru Darya Panova bildirib.
Sankt-Peterburqa meyvələr Cənubi Amerika, CAR, Mərakeş, hətta Yeni Zelandiyadan gətirilir.
İndi bu sektor çiçəklənən dövrünü yaşamır. Çoxları şirkətlərə öz şərtlərini diqtə edir. Maliyyə hesabatlarına inansaq, 2017-ci ildə biznesin mənfəətlilik yalnız 0.5 faiz artıb. “Əhməd Frut” şirkətinin mədaxili 8 milyard rubldan çox olub, təmiz gəliri isə 51 milyon rubl təşkil edib. “Aybarus” şirkətində də işlər elə də yaxşı deyil. 8.5 milyard rublluq mədaxildə firma cəmi 48 milyon təmiz gəlir əldə edib.
Analoji vəziyyət “Nevski” meyvə şirkətindədir. 5.7 milyard rubl mədaxilin yalnız 42 milyon rublunu təmiz gəlir təşkil edib. Ən böyük mənfəət 1 faizlik göstərici ilə “Ruzifrut”da qeydə alınıb. 2017-ci ildə şirkətin mədaxili 5 milyard, gəliri isə 55.9 milyon rubl təşkil edib.
Böyük şirkətlərə 2 profilli hüquqi şəxs lazımdır. Bunlardan biri malın birbaşa gəlişinə, digəri isə satışına cavabdehdir.
“Bazarda işlər dolların kursu ucbatından elə də yaxşı getmir. Bütün dünyada qiymətlər eynidir. Onlar dollarladır, amma bizdə rubldur və o özünü kifayət qədər qeyri-stabil aparır. Mağazalarda isə qiymət siyahısı əvvəlki səviyyədədir. Bu il idxalçıların ili uğurlu maliyyə nəticələri, ya da sıfır vəziyyətində bitirəcəkləri hələlik bəlli deyil. Dolların kursu normallaşanda bazarda hər şey yaxşı olacaq”, – deyə “Əhməd Frut”un nümayəndəsi Mixail Slastenin deyib.
Rusiya meyvə-tərəvəz biznesi milli nöqteyi-nəzərdən kifayət qədər dəqiq bölünüb. Xarici görünüş baxımdan ruslara bənzəyən biznesmenlərdən top şirkətlər arasında yalnız Aleksandr Frenkel (“Nevski” Meyvə Şirkəti) və David Kalixman (“Qlobus”) var. Böyük şirkətlərin yarıdan çoxunu və yerdə qalanların praktik 80-90%-nə Rusiyaya Azərbaycandan gələn insanlar sahibləniblər. Əgər onların hamısı ölkələrinin şimal-qərbində yerləşən Şəmkir rayonundan olmasaydılar, o zaman bu, təəccüblü olmazdı. Məsələn, “Ruzifrut” şirkətinin rəhbəri Elbrus Məmmədov və “Aybarus”un rəhbəri Elçin Əhmədov məhz bu rayondan çıxan şəxslərdir.
Şəmkirin Şiştəpə kəndindən Peterburqa “Əhməd Frut”un rəhbərləri Aydın Musayev və İlham Hacıyev gəlib. Yeri gəlmişkən, onlar digər sahələrdə də fəaliyyət göstərirlər. Bir müddət əvvələ qədər onlar “Dunay” və “Parnas-siti” ticarət mərkəzlərinə sahib idilər.
Hazırda bu aktivlərdən “Əhməd Frut”la rəsmi şəkildə bağlı olan yalnız “Parnas” ticarət mərkəzidir. Onun binası Hacıyevin sahibi olduğu “Sidney” MMC-yə məxsusdur. Yeri gəlmişkən, bu şirkət Peterburqun hökumət orqanlarıyla şəhərin şimalında avtovağzal tikintisi üçün 1 milyard rublluq müqavilə imzalasa da, öhdəliklərin yerinə yetirilməsi gecikir.
Azərbaycanın faktiki olaraq bir kəndinin sakinlərinin çoxmilyardlıq meyvə və tərəvəz bazarının idxalatının 30%-ni nəzarət altına almasıyla bağlı “Fontanka” tezliklə ayrıca maraqlanacaq.