Beynəlxalq Dialoq və İnkişaf Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” layihəsi çərçivəsində İsveç Krallığının paytaxtı Stokholm şəhərində “Sollentuna havbud bibliotekshuset” kitabxanasında sərgi - konfrans təşkil edib.
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, tarix elmləri namizədi Nüşabə Məmmədova QHT.az saytına İsveç Krallığına səfəri və rəhbərlik etdiyi təşkilatın Stokholmda keçirdiyi tədbir ilə bağlı müsahibə verib.
- Nüşabə xanım, salamlayırıq Sizi. İlk olaraq Stokholm səfəri ilə bağlı soruşaq. Səfər kim tərəfindən təşkil olundu və necə keçdi?
-İsveç Krallığının paytaxt şəhəri olan Stokholma səfərlə bağlı onu deyə bilərəm ki, səfərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” mövzusunda layihə ilə bağlı idi. Layihənin əsas məqsədi Azərbaycanın qədim torpağı olan İrəvanın Ermənistana siyasi mərkəz olaraq verilməsinin 100 illik dönümü ilə əlaqədar İrəvanla bağlı tarixi həqiqətlərin, o cümlədən XIX əsrin əvvəllərindən etibarən bu əraziyə kütləvi erməni köçürülmələri, yerli əhalinin demoqrafik göstəricisinin aşağı salınması və məcburi deportasiyaların məqsədli təşkili, İrəvanın Ermənistana paytaxt olaraq verilməsinin siyasi məqamlarının, qarşılıqlı razılaşma, Azərbaycan tərəfinin qoyduğu şərtlər və digər məsələlərin gündəmə gətirilməsi və bununla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olmuşdur.
-Nəyə görə bu tədbiri məhz İsveç Krallığı, Stokholmda keçirməyi qərara aldınız?
-100 il bundan öncə, Azərbaycan Şərqdə ilk dəfə olaraq respublika formasında öz müstəqilliyini elan etdi. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini yaşadaraq, öz dövrünün dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Müstəqilliyinin elan olunmasından bir neçə gün sonra, may ayının 30-da Azərbaycan Nazirlər Şurasının sədri Fətəlixan Xoyskinin imzaladığı müstəqillik haqqında məlumat radioteleqrafla bütün ölkələrin xarici işlər nazirliklərinə, o cümlədən İsveç Krallığının xarici işlər nazirliyinə göndərildi. Bu il eyni zamanda Azərbaycanın 17 ölkə ilə, o cümlədən İsveç Krallığı ilə diplomatik əlaqələrinin yaradılmasının 100-cü ildönümüdür. 1918-ci ildə İsveç konsulluğu Bakının mərkəzində yerləşirdi. Həmin vaxtda İsveç Krallığının Azərbaycanda konsulu K.K.Vander-Ploud idi. İsveç konsulu K.K.Vander-Ploud həmin vaxtda Bakıda və bütün Azərbaycanda baş verən siyasi proseslər haqqında öz ölkəsinə məlumatlar göndərmişdir. “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” olaraq biz, tarixi mövzuya həsr olunmuş bu tədbiri 1918-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan və həmin dövrün tarixi həqiqətlərini, həmçinin epiqramlarını öz arxivlərində qoruyub saxlayan ölkələrdən birində - İsveç Krallğının paytaxtı Stokholm şəhərində keçirmək qərarına gəldik.
-Səfərə necə hazırlaşmışdınız?
- Səfər öncəsi, biz artıq bütün hazırlıq işlərini yekunlaşdırmışdıq. İsveç Krallığının paytaxtı Stokholm şəhərində tədbirin təşkili ilə bağlı olaraq, Azərbaycanda olan əlaqədar qurumlara – Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın İsveç Krallığındakı səfirliyinə, İsveçdə Azərbaycan Naminə Təşkilatına və İsveçdə fəaliyyət göstərən digər bir neçə KİV və QHT nümayəndələrinə məktublar göndərmiş və danışıqlar aparmışdıq. İsveçdə tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan dövlət orqanlarına məlumat formalı məktublar göndərilmiş və bir neçə dövlət orqanlarının rəhbər nümayəndələri ilə görüşlər keçirilib.
İsveç Krallığında keçiriləcək tədbir üçün lazım olan vəsaitlərin, xüsusilə İrəvanın Ermənistana siyasi mərkəz olaraq verilməsi ilə bağlı sənədli film üçün materialların toplanması və bukletin hazırlanması məqsədilə, 3 ay müddətində Azərbaycan Dövlət Tarix Arxivində, Azərbaycan Respublikası Dövlət Arxivində, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Arxivində və Baş Fondunda mövzu üzrə araşdırmalar apardıq və çox qiymətli sənədlər əldə etdik. Həmin sənədlərdən filmin və bukletin hazırlanmasında istifadə edilmişdir. Bütün vəsaitlər ingilis dilinə tərcümə olunub. Hazırlanan vəsaitlərin – sənədli film (disklərdə), slayd təqdimat (disklərdə), buklet və s. tədbirdə sərgisi təşkil olundu. Tədbir Svtokholmda “Sollentuna havbud bibliotekshuset” kitabxananın konfrans zalında keçirildi.
-İrəvanın Ermənistana siyasi mərkəz olaraq keçirilməsinin 100 illiyi ilə əlaqədar tədbirin keçirilməsində əsas məqsəd nədir?
- Əsas məqsəd Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şuranın keçirdiyi iclasda Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi qərara alındı. Həmin iclasda Azərbaycan Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Erməni Milli Şurası ilə aparılan danışıqlar barədə məlumat verdi. О bildirdi ki, “Ermənistan federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır. Aleksadrapolun (Gümrü) Türkiyəyə birləşməsindən sonra bu yalnız İrəvan ola bilər, İrəvanın güzəştə gedilməsi qaçılmazdır.” Həmin dövrdə Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılması beynəlxalq məsələyə çevrilmişdir. Batum danışıqlarında Osmanlı hərbi komandanı Vehip Paşa ermənilərə ərazi verilməsinin məcburiyyət olduğu bildirdi. 1918-ci il iyunun 4-də Batumda Osmanlı imperiyası, Azərbaycan və Ermənistan Respublikaları arasında bağlanmış “Sülh və Dostluq” müqaviləsi Ermənistanın müstəqilliyini tanıyan ilk beynəlxalq sənəd idi. İmzalanmış müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min kv.km , əhalisi 326 min nəfər təşkil edirdi. Müqaviləyə Ermənistanın üzərinə bir neçə öhdəliklər, o cümlədən Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcəyi barədə öhdəlik götürmüşdür. Bu öhdəliklər nəinki yerinə yetirilmədi, Ermənistan Respublikası elan olunduqdan sonra azərbaycanlılara qarşı soyqırımı Ermənistanın dövlət siyasətinə çevrildi. 1918-20-ci illərdə ermənilər Bakıda və Qafqazda azərbaycanlılara qarşı kütləvi qırğın, zorakılıq və terror törətmiş, əmlaklarını talan etmişlər. 1918-1920-ci illərdə Ermənistanın ərazisində yaşayan azərbaycanlıdan kütləvi qırğınlar zamanı 10.000 nəfər öldürülmüşdür. Bu faktı Z.Korkodcan "Sovet Ermənistanının əhalisi, 1831 - 1931" kitabında təsdiqləyir. Amerika alimləri Castin və Karolin Makkartilərin məlumatına görə, qarşıdurmanın sonunda 1920–ci ilə qədər İrəvan quberniyasında 80.000 müsəlman əhalisinin 2/3-dən çoxu ya öldürülmüş, ya da qaçqın düşmüşdü. Sovetlər Birliyi yarandıqdan sonrakı dövrdə də Ermənistanın əsas siyasi xətti Azərbaycana qarşı ərazi iddiaları irəli sürülməsindən ibarət idi. 1921-ci il mart Moskva və oktyabr Qars müqavilələri ilə Zəngəzurun böyük bir hissəsi Ermənistana birləşdirildi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə Azərbaycan, Ermənistan tərəfindən edilən hərbi təcavüzlə, azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdır. Azərbaycan dövlətinin apardığı siyasət göstərir ki, bu problemin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
-Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, Siz ötən il, Belçika Krallığının paytaxtı Brüsseldə girovluqda saxlanılan həmvətənlərimizlə bağlı silsilə tədbirlər həyata keçirmişdiniz. Bu il İsveç Krallığında Azərbaycan tarixi həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə tədbir keçirdiniz. Bu tədbirlərin davamı olacaqmı?
-Artıq 30 ildir Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib. Hər gün Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşkəs rejimi pozulur və bundan sərhəd bölgələrində yaşayan dinc sakinlər əziyyət çəkirlər. Erməni əsgərləri tərəfindən artilleriya atəşləri nəticəsində sərhədlərdə günahsız insanlar, qadınlar, uşaqlar öz evlərində öldürülürlər. Bu gün Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və onun ətrafında olan 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Sərhəd bölgələrdə yaşayan insanlar aydın səma arzulayırlar. Erməni silahlı qüvvələri tərəfindən girovluqda saxlanılan soydaşlarımız bizlərdən kömək gözləyir. Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, bu sahədə beynəlxalq səviyyəli layihələrin davamlı olaraq həyata keçirilməsini, ölkəmizdə və regionda sülhün və sabitliyin qorunması istiqamətində dövlətimizin apardığı siyasətə hər zaman dəstək olacağımızı düşünürük.