Ödənişli yol yeni Ələt-Astara magistral yolunun başlanğıcı Yenikənd istiqamətində 31-204-cü kilometrliyi əhatə edir. Artıq həmin yolun ödənişli olması ilə bağlı qərar verilib və işlərə başlanılıb.
Bu sözləri Teleqraf.com saytına açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, ödəniş Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək, avtomobil və yük maşınları arasında fərq olacaq: “ Yeni magistral yol köhnə magistral yoldan 38 km qısadır, bu məsafəyə sərf olunan yanacağa veriləcək pulun müqabilində, bəlkə ondan da az miqdarda ödəniş etməklə sürücülər o yoldan istifadə edəcəklər.
Mövcud yolla getsələr 40 km artıq gedəcəklər, həm də orda 60-90 km sürət həddi var, bu da yanacağın artıq işlənməsinə səbəb olur.
Qənaət olunan yanacağa ödəniləcək məbləğ qədər yeni yola ödəməklə sürücülər bu yoldan istifadə edəcəklər. Burda ciblərinə ziyan olmayacaq”.
Sosial şəbəkədə yaranan narazılıqlara münasibət bildirən şöbə rəisi deyib: “Ödənişli yol beynəlxalq təcrübəyə əsaslanır, amma yerli şəraitə uyğunlaşdırılacaq. Məqsəd insanların pulunu mənimsəmək deyil, daha keyfiyyətli, daha rahat yolla gediş-gəlişi təmin etməkdir, əlavə vəsaitdən söz gedə bilməz.
Ödənişli yolun Azərbaycanda ilk dəfə tətbiqi planlaşdırılır. Növbəti ödənişli yol yeni salınacaq Rusiya yolu üçün nəzərdə tutulur”.