Andora Respublikasının ilk Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oscar Ribas Reig Gəncəyə bir günlük səfər edib.
Teleqraf.com xəbər verir ki, mehribanlıqla qarşılanan hörmətli qonaqla Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, qədim tarixə malik bu şəhər dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, eləcə də Mirzə Şəfi Vazeh kimi dühalar bəxş edib.
Baş nazir Gəncədə səmimi münasibətə, qonaqpərvərliyə görə minnətdarlığını bildirib, onu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçdiklərinə görə mərkəzin idarə heyətinə razılığını ifadə edib.
Sonra qonaq dahi söz ustadı Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, məzarının üztünə gül dəstələri düzüb. Burada fəaliyyət göstərən Nizami muzeyində olan Andoranın ilk Baş naziri Nizami dövrünün eksponatlarına, eləcə də şairin dünyanın müxtəlif ölkələrindən gətirilmiş əlyazmalarına baxaraq təəssüratlarını zənginləşdirən Oscar Ribas Reig sonra Heydər Əliyev Mərkəzinə gəlib. Dahi şəxsiyyətin abidəsini ziyarət etdikdən sonra mərkəzlə yaxından tanış olub. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxan qonaq mərkəzdəki video konfrans zalında ictimaiyyət nümayəndələri qarşısında məruzə ilə çıxış edib.
Gəncə ilə tanışlıqdan sonra Andora Respublikasının ilk Baş naziri Oscar Ribas Reig Qəbələyə yola düşüb.