27 Sentyabr 2018 16:10
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu gün üç peyki, bu sahənin inkişafına dair uzunmüddətli proqramları, infrastrukturu ilə dünyanın kosmik klubunun üzvüdür və qlobal kosmik sənayendə öz mövqelərini möhkəmləndirir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Azerspace-2” peykinin orbitə çıxarılmasına münasibət bildirən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycan son beş ildə orbitə 3 peyk çıxarıb. Ötən illər ərzində “Azerspace-1” və “Azərsky” adlı 2 peyk orbitə buraxılıb:

“Dünən isə “Azerspace-2” adlı 3-cü peykimizin orbitə buraxılması bir daha dövlətimizin gücünü və Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan inkişaf siyasətinin yüksək səmərəsini göstərir. Əlbəttə ki, biz bunu, eyni zamanda, ölkəmizin iqtisadi uğuru kimi də qəbul etməliyik. Çünki peyklərimiz vasitəsilə Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və Qafqaz regionunda telekommunikasiya sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edilir.

Eləcə də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti bütün dünya üzrə, o cümlədən “Google” da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir”.

S.Vəliyeva əlavə edib ki, Azərbaycanın peyklərinin orbitə çıxarılması ölkəmiz üçün siyasi, iqtisadi-sosial və elmi baxımdan olduğu kimi, həmçinin strateji prizmadan da böyük əhəmiyyət kəsb edir:

“Müasir dövrdə kosmik sənaye təkcə kosmosu fəth etmək vasitəsinə deyil, həm də qlobal və regional sosial-iqtisadi məsələlərin, elmi-texniki problemlərin həlli üçün əsas vasitəyə çevrilib. Peyklərimizin kosmosa çıxarılması Azərbaycanın etibarlı informasiya təhlükəsizliyi sisteminin formalaşmasını təmin etməklə yanaşı, ümumən, telekommunikasiya sisteminin inkişafına ciddi təkan verir.

Telekommunikasiya peykinin fəzaya buraxılması ölkənin bütün ərazisində internet, beynəlxalq telefon danışıqları, televiziya yayımı və peyk xidmətlərinin keyfiyyətini daha da yüksəldəcək. Eyni zamanda, peyklər vasitəsilə xəritəçəkmə, hidrometeorologiya, yerin təkinin öyrənilməsi, geodeziya işlərinin yüksək səviyyədə aparılması mümkün olacaq.

Bir sözlə, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq orbitə çıxarılmış peyklərimiz Azərbaycanın daha da inkişafına, ən əsası, daha etibarlı müdafiəsinə, təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər