Son zamanlar xərçəng xəstəliyi insanların qorxulu yuxusuna çevrilib. Özünü gec büruzə verən, adətən, müalicəsi çətin olan bu xəstəliyin daha bir növü - süd vəzi xərçəngi qadınlar arasında sürətlə yayılır. Ötən il ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyularaq qeydiyyata götürülənlərin çoxunda – 1967-sində süd vəzi xərçəngi aşkarlanıb.
Bu istiqamətdə mammoloq Firuz Abbasov Teleqraf.com-un suallarını cavablandırır.
- Həkim, Azərbaycanda süd vəzi xərçəngi hansı səviyyədədir?
- Etiraf edək ki, süd vəzi xərçəng son illər çoxalıb. Xəstələr bizə gəlib çatana qədər özünümüalicə ilə məşğul olur – sirop düzəldir, gedib qaşıq yandırır, müxtəlif türkəçarə üsullardan istifadə edirlər. Hansı şəhərdə inkişaf var, orda onkoloji xəstəlik də artır.
- Süd vəzi xərçənginin səbəbləri barədə nə demək olar?
- Ən çox genetika ilə bağlıdır. 13-17-ci genin transformasiyası baş verir, həmin gendə qırıq olur. Bu gen süd vəzisinin və ginekologiyanın qapısıdır...
- Stress bu xəstəliyin əsas səbəblərindən biridir deyirlər.
- Yox, stress əsas səbəb deyil. Daha çox ekologiya, qida təsir edir... Qidalanma əsas faktordur. Əvvəllər süd alanda bir saat ərzində qaynatmaq lazım idi, çünki çürüyürdü, indi südü içib qoyursan soyuducuya, bir həftədən sonra açıb baxırsan ki, dadı dəyişilməyib.Smetana, ətə, kolbasaya, ayrana, hətta çörəyin özündə belə parafin vururlar ki, kif atmasın. Bütün bunların axırı, əlbəttə, belə olacaq – xəstəliklər artacaq.
- Süd vəzi xərçəngini əvvəlcədən bilmək, məlumatlı olmaq can qurtarır, elə isə əlamətləri nədir?
- Süd vəzisi xərçəngini ginekologiyada əvvəlcədən bilmək olar, amma tutalım, mədəaltı, mədə xərçəngində xəstəlik bilinmir. Yalnız metastaz verəndə ortaya çıxır. O ki qaldı süd vəzi xərçənginə. Genetik analizi aparılır, transformasiya varsa, profilaktika olunur, analiz götürülür. Yeganə profilaktika yolu budur. Təbabətdə başqa profilaktika yoxdur, hamısı yalan söhbətdir. Əgər səndə genetik zəiflik varsa, heç bir şey kömək etməyəcək.
Xəstədə ağrı varsa, müalicə aparılır, dərman yazılır, xüsusi dərman profilaktikası yalan söhbətdir.
- Deyirlər, əslində qadınların hamısı bu riski daşıyır, hər altı aydan, bir ildən bir müayinədən keçmək lazımdır...
- Xaricdə bu, qanundur, qadınlar ildə bir dəfə mammoqrafiyadan, ulturasəs müayinəsindən keçir. Orda bunu məcbur edirlər. Mən 10 il Moskvada işləmişəm, orda ildə bir dəfə məzuniyyətə çıxmamışdan qabaq, bütün orqanlar, infeksiyalar, hər şey yoxlanılır, sağlamdırsa məzuniyyətə buraxırdılar. Amma indi burda 5 il qabaq ümumi “çek-ap”dan keçmişəm. Bizdə profilaktika yoxdur.
- Həkim, qadınlar, mən də içində olmaqla həkimə getməkdə maraqlı deyilik. Yalnız nəsə xoşagəlməz bir şey olanda, ağrı kəskinləşəndə həkimə gedirik...
- İndi təzə telefon çıxıb, qiyməti 2 min manatdır, onu almaq üçün hamı növbəyə yazılır. Amma 40 manat ulturasəs müayinəsinə baha deyirlər. Bizim mentalitet belədir, dünyagörüşümüz fərlidir. Xaricdə elə şeyə rast gəlmirsən.
- Süd vəzi xərçəngi deyəndə ilk növbədə qadınlar yada düşür, kişilərdə necə, bu xərçəngin növü varmı?
- Kişilərdə də olur, amma çox az, 2 faiz təşkil edir, əsasən də 35 yaşdan yuxarı kişilərdə rast gəlmək olur.
- Qadınlarda ən çox risk qrupu neçə yaşı əhatə edir?
- Praktikamda ilk dəfə 32 yaşlı qadının xərçəng olduğunu biləndə dəhşətə gəldim, indi onkologiyada 14 yaşlı qız var ki, süd vəzi xərçəngidir. Xəstəlik cavanlaşır. Radiasiya, internet, vay-fay, 4 G hamısı şüalanma yaradır. Evdə antena qoyursan, hansı ki, göydən siqnal alır... Camaat narazılıq etmir, hətta altında oturur ki, təki sosial şəbəkəyə girə bilsin. Bunlar da xəstəliyi cavanlaşdırır.
- Xərçəngin bu növü vaxtında aşkar olunsa, xəstəliyin başqa növlərindən daha rahat müalicə olunur, qurtulma şansı daha çoxdur, eləmi?
- Əlbəttə, mədə, mədəaltı, ağciyər xərçənginə baxanda bu növ bir az optimizm doğurur, yumurtalıq və süd vəzi xərçənginin başlanğıc xərçəngi olanda uzun müddət remissiya alırsan.
- Tövsiyələriniz nədir?
- Biri zəncəfil, biri badımcan xeyirdir yazır, belə asan çarə olsaydı hər kəs onları edərdi. Bunlara inanmaq olmaz. Yeganə tövsiyə odur ki, gərək yeməyinə diqqət yetirəsən. Demirəm ki, bütün günü kələmlə, balqabaqla qidalanasan. Sadəcə diqqət eləmək lazımdır. Artıq su içəndə belə insana ziyan vurur. Hər gün kolbasa, sosiska və ya kabab yemək düzgün deyil. Normasında hər şeyi yemək lazımdır.
- Siz öz qidalanmanıza necə diqqət edirsiniz?
- Hər şeyi normada yeyirəm. Yeməyi axşam elə seçirəm ki, yağlı olmasın. Bizdə gecə saat 11 tamamda süfrəyə aş gəlir. Dünyanın heç yerində belə şey yoxdur.