Gələcəkdə orta məktəblərdə "Həyat bilgisi" fənnində dinlər haqqında məlumatların daha geniş şəkildə şagirdlərə çatdırılması istiqamətində işlər gedir.
Bu sözləri jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Təhsil eksperti Nadir İsrafilov Teleqraf.com-a açıqlamasında bu fikrə münasibət bildirib.
Onun sözlərinə görə, ictimai həyatımızda ikinci belə situasiya olmayıb ki, cəmiyyətin dini maariflənməsi bu qədər aktual olsun: “Dövlət və dini qurum yetkililərinin, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik var. Zənnimcə, məsələnin çözülməsi istiqamətində konkret və praktik addımlar atılmalıdır”.
Ekspert qeyd edib ki, məktəblərdə dinin tədrisi ilə bağlı hər hansı fikir ortaya atanda, məsələni siyasiləşdirən, təhsilin dünyəvi xarakter daşıdğını söyləyənlər irəli çıxır: ”Bir mühüm məqamı unuduruq ki, dini siyasiləşdirməyin özü elə dini savadsızlqdan, siyasi ambisiyalardan qaynaqlanır. Artıq neçə illərdir bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar məktəblərdə dinin tədrisinin zəruriliyini əsaslandırmaqla, bunu cəmiyyətə lazım olan, əslində çoxdan həyata keçirilməsi gərəkən bir məsələ olduğunu vurğulayırlar.
Dünyanın ən reytinqli universitetlərində, kolleclərində, məktəblərində bu kimi məsələlər öz həllini tapıb və təhsilin dünyəviliyi ilə heç bir ziddiyyət təşkil etmir. Din mənəvi dəyərdir. Bu mənada din sözündən bu qədər ehtiyatlanırıqsa, heç olmasa ayrıca “Mənəvi dəyərlərimiz” fənninin yaradılması və bu kontekstdə zəruri dini anlayışların tədris edilməsi barədə düşünməyinə dəyər.
Məsələn, dünyanın bir çox ölkələrinin orta məktəblərində “Etiket” adlı ayrıca fənn keçilir, yeniyetmə və gənclərə ailədə, məişətdə və sair ictimai yerlərdə özünü necə aparmağa dair davranış qaydaları öyrədilir.
Əbəs yerə deyil ki, əksər ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində “Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur.
Bir həqiqəti qəbul etməliyik ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə, cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirməkdir”.