28 Sentyabr 2018 17:01
8 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsr Azərbaycan ədəbiyyatında hansı qadın yazıçı, yaxud şairi bəyənirsiniz? Niyə belə düşünürsüz?

Teleqraf.com ötən əsər ədəbiyyatımızın qadın yazarları haqda qələm adamlarının fikirlərini öyrənib.

Sorğunu təqdim edirik:

“Onun aşa bilmədiyi yeganə kişi yazar İsa Muğannadır”

Ədəbi tənqidçi, şair Əsəd Cahangir bildirib ki, XX əsrdə əslində bizim xanım yazarlarımız çox olmayıb: “Mirvarid Dilbazi sırf sosrealsit şeir təmsilçisi idi. Hökümə Billuri və Mədinə Gülgünün şairlik etməsi, onların cənubdan olmasıyla bağlı idi. Südabə Şəfa nəğməkar şairə idi. Bunları şairədən daha çox nazimə adlandırmaq düz olardı. Yəni şeir yox, nəzm, ən yaxşı halda nəğmə yazırdılar. Onlarda qafiyə, vəzn, fikir var idi, amma poetik ruh zəif idi. Modernizmə cəhd edən Nurəngiz Günün şeirlərinin özəl aurası olsa da, bunu uğurlu bədii atmosfera adlandırmaq çətin idi. Şairələr arasında Nigar Rəfibəyli həqiqi lirizmi ilə seçilsə də, bir tərəfdən bəy qızı olmaq, digər tərəfdən ana və qadın olmaq ona öz potensialını lazımınca açmağa imkan vermədi.

Nəsrdə Xalidə Hasilova, Əzizə Əhmədova xalis belletrist yazıçılar idi. Onlar indiki seriallarda olduğu kimi qadın dedi-qodularından kənara çıxa bilmirdilər. Ciddi nəsrə olan iddiaları, xüsusən də “intellektual”, “elitar”, “kübar” görünmək iddialarına baxmayaraq, bu, onlarda alınmırdı və Ələviyyə Babayeva da mahiyyətcə o ikisindən seçilmirdi. Tarixi mövzulara, etnoqrafizmə xüsusi marağı ilə seçilən Əzizə Cəfərzadə bütün bu adı çəkilənlərdən bir boy yuxarıda durmasına baxmayaraq, o da köhnə nəsrin hüdudlarını aşıb 60-cı illərdə yaranan modern nəsrin təmsilçisi ola bilmədi”.

Əsəd Cahangirin sözlərinə görə, şeirli-nəsrli bütün bu imzalar öz müasirləri olan kişi yazarların aparıcı nümayəndələrinə uduzurdular: “Onlara xüsusi bir kateqoriya - qadın yazarı kimi yanaşır, ədəbiyyat avtobusunda hörmət, nəzakət xatirinə yer verirdilər. Yalnız Afaq Məsud istisnadır. Əvvəla, o, ədəbiyyatdakı qadın-kişi söhbətlərinin fövqünə qalxıb, ilk dəfə olaraq xanım yazarların nəinki kişilərdən pis yazmadığını, hətta onları geridə qoymaq gücünü nümayiş etdirdi. Kişi yazarlar ilk dəfə məhz onun timsalında özləriylə bərabərhüquqlu bir xanım yazar gördülər və bunu etiraf etdilər. Ədəbiyyat avtobusunda ona yer vermirdilər, onun özünün yeri var idi. Bu yerin adı modernizm idi. Afaq xanım milli nəsrdə modernizmin elə dərinliklərinə baş vurdu ki, hətta Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı kimi modern nəsrin tanınmış isimləri belə buna nail ola bilməmişdi. Mən bunu deyərkən, ilk növbədə, şübhəsiz ki, yazıçının məşhur “İzdiham” sürrealist poemasını nəzərdə tuturam.

Afaq xanımın aşa bilmədiyi yeganə kişi yazarı İsa Muğannadır. Lakin son illər onun şüuraltından şüurüstü qata keçməsi, metafizik mövzulara yüksəlməsi bu problemi də çözəcəyi ehtimalına düşməyə əsas verir.

“O, ilk modernist xanım yazarımızdır”

Yazıçı Şərif Ağayar bildirib ki, son yüz ildə yadında qalan qadın imzlar çoxdur: “Mədinə Gülgün, Ələviyyə Babayeva, Əzizə Cəfərzadə, Afaq Məsud, Nərmin Kamal, Sevinc Elsevər, Rəbiqə, Fəridə Uğur və başqaları… Onları oxuyanda, bəzən, “bax, mən bunu yaza bilməzdim” demişəm. Yalnız 20-ci əsrdən bir imza seçsəm, Afaq Məsudu deyərdim. O, ilk modernist xanım yazarımızdır”.

“Koloritli yazıçıdır”

Yazıçı Aysel Əlizadənin seçimi isə Əzizə Cəfərzadədir: “Ən çox Əzizə Cəfərzadəni bəyənirəm. İnformasiyalıdı, şirin türkcəsi var, koloritli yazıçıdır”.

“Onu belə asanlıqla unutmaq olarmı?”

Yazıçı Rasim Qaracanın favoriti isə Sara Nəzirovadır: “İlk olaraq Sara Nəzirovanın adı yadıma düşür. Bir insan namuslu həyat yaşayıb, ömrünü ədəbiyyata həsr edib, gözəl əsərlər yazıb, belə asanlıqla unudulmalıdırmı?”.

“Ədəbiyyatı cinslərə bölmürəm”

Yazıçı Rəbiqə Nazimqızı hesab edir ki, bu mövzuda xüsusi ad çəkmək çətindir: “Çünki adətən, ədəbiyyatı cinslərə bölmürəm. Amma ağlıma gələn ilk ad isə Əzizə Cəfərzadədir. Dili, üslubu, mövzuları, yanaşması - hamısı maraqlıdır. Ələviyyə Babayeva da var, onun lirik qəhrəmanına vurulmuşdum. Özü də jurnalist idi. Şeirdə, yəqin ki, Nigar Rəfibəylidir. Şeirləri, sevgisi, mərdliyi ilə onu deyirəm”.

“Yox dərəcəsindədir”

Yazar İlknur Salamova Mədinə Gülgünü bəyəndiyini deyib: “Ağlıma öncə o gəldi. Ancaq ən çox sevdiyim Əzizə Əhmədovadır. Təbii ki, bunda onun “Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları”nın rolu böyükdür. Bəlkə də uşaq ruhlu olduğum üçün belə əsərlər yazan insanlara xüsusi sevgim var.

Təəssüflə deməliyəm ki, indiyə kimi öz ədəbiyyatımıza çox vaxt sərf edə bilməmişəm. XX əsrdə ədəbiyyatımıza çox dəyərli əsərlər qazandırmış yazarlarımız olub. Mən isə çox azı əsərlə tanışam. Bu sualı mənə ünvanlamağınız çox yaxşı oldu. Qarşıdan gələn qış fəslini Azərbaycan ədəbiyyatı nümunələrini qiraət edərək keçirməli olduğumu dərk etdim.

Xüsusilə də qadın yazarlarımızı oxumalı, təbliğ etməliyik. Yazar sözünün qarşısındakı o cinsiyyət bildirən sözün xüsusi vurğulanmasına ehtiyac qalmaması üçün daha çox qadınlart əsər yazmalıdır. Diqqət etsək, görərik ki, XX əsrdə yazıb yaradan qadınların sayı kişilərdən xeyli azdır. Onların da çoxu şeirə üstünlük verib. Elə indi də hekayə və ya roman yazan qadınlarımız yox dərəcəsindədir, olanlar da daha çox sentimentallığa üstünlük verirlər. Ümid edirəm ki, içində yaşadığımız XXI əsrdə bu vəziyyət dəyişəcək. Biz daha cəsur addımlar ataraq ədəbiyyatda öz sözünü demiş başqa janrlara və formalara müraciət edəcəyik, mövzu seçimlərimizdə dünya ilə ayaqlaşacağıq. Bunu bacarmaq üçün bizdə kifayət qədər potensial var. Sadəcə, bir qığılcım lazımdır. O qığılcımı tapmaq üçün isə daha çox oxumalıyıq”.

“Bütün şeirləri musiqi üçündür”

Şair Güntay Gəncalp isə Rüzgar Əfəndiyevanı deyir: “Mənə görə, 20-ci əsrin ən böyük qadın yazarı Rüzgar Əfəndiyevadır. Rüzgar xanımın yazılarında vətənpərvərlik kimi şeirlə əlaqəsi olmayan şüarlar yoxdur. O, insanın ən lirik duyğularını bəyan edib. Bütün şeirləri musiqi üçündür”.

“Ağlıma sadəcə o gəldi”

Şair Aysel Abdullazadə XX əsr Azərbaycan ədəbiyyatının zəngin olduğu qənaətindədir: “Bu zənginlikdən biz gənc yazarlar bu gün də payımızı almaqdayıq. Amma təəssüf ki, bu dövrün qadın yazarları dedikdə ağlıma sadəcə publisist -tərcüməçi, dəyərli yazar Ələviyyə Babayeva gəldi. Onun hekayələri dil və süjet baxımından bu günümüzə də örnəkdir. Sadə dili və hekayələrindəki obrazlarının hiss-duyğularını, yaşantılarını oxucuya inandırmağı bacarır. Bu, yazarın peşəkarlığıdır. O, XX əsr ədəbiyyatımızın zənginliyini yaddaşlara həkk edə bilib”.

“Onunla dünya ədəbiyyatına çıxa bilərik”

Şair Emin Piri hesab edir ki, Azərbaycan ədəbiyyatının 100-lüyünü yaratsaq , ora bir qadın düşməz: “Yaşam mücadiləsinə, bəhanələrə qalsa, bu, nəticəyə təsir etmir. Bütün parametrləri nəzərə alsaq, dünya ədəbiyyatına çıxarmaq, milli və eyni zamanda bəşəri mesajlara görə Afaq Məsudu qeyd edərdim”.

“Əsərlərini su kimi içmişəm”

Şair Şəfiqə Şəfa isə cins fərqi qoymadan XX əsrin mühacirət ədəbiyyatına üstünlük verdiyini deyib: “Məncə qələmin cinsi olmaz. Çünki mühacir ədəbiyyatı Sovet qəlibindən, pafosdan, planlaşdırılmış təbliğat proqramından uzaq olduğu üçün sonrakı dövr insanına daha maraqlıdır. Bir az da məcburən yad torpaqda ömür sürməyin əzabı, vətən həsrəti, uşaqlıq xatirələri bu yazarların əsərlərini böyük üstünlüklə fərqləndirib. Mühacir ədəbiyyatının ən gözəl nümayəndələrindən biri məhz elə qadındır - Banin (Ümmülbanu). Sovet dövrünün qadın yazarları desək, Əzizə Cəfərzadənin adını çəkə bilərəm. Bəlkə də tarixə olan marağımdan, uşaqlıqdan bəri onun əsərlərini su kimi içmişəm”.

“Bütün şeirləri gözəl olan tək-tük şairlərdəndir”

Yazıçı Fərhad Amur yeni dövrün yazarlarından danışıb: “Bir az müasir dövr olacaq, amma, mən Nərmin Kamal deyərdim. Orijinal şairdir, qəribə, özünəməxsus, təsirli dili var. Aysel Əlizadənin də şeirlərini bəyənirəm, ruhunu hiss etdirən, özünü yaxşı ifadə edə bilən şairdir. Ceyhunə Mehman da çox gözəl şeirlər yazır, bütün şeirləri gözəl olan tək-tük şairlərdəndir. Hələlik ağlıma gələn bunlar oldu”.

“Çətinlik çəkirik”

Yazıçı Ayxan Ayvazın iki seçimi var: “Açığını desəm, ağlıma iki imza gəlir. Biri Əzizə Cəfərzadə, digəri Nigar Rəfibəylidir. Ən çox roman yazmış və maraqlı tarixi hadisələri bədii boyalarla vermiş biri kimi Əzizə xanım maraqlıdır. Nigar Rəfibəylinin də gözəl şeirləri var. Amma tək Azərbaycanda yox, dünyada belə qadın yazıçı və şairlərin sayı azdır. Ad çəkməkdə çətinlik çəkirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər