Sentyabrın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Xocavənd rayonundan olan ziyalılar, “SABAH” qrupunun xocavəndli tələbələri və Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyunun oğlu Van Kim iştirak ediblər.
Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev tariximizin ağrılı səhifələrinin heç zaman unudulmayacağını qeyd edərək, Xocavənd rayonun işğalına səbəb olan amillərdən söz açıb, müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi böhranın hökm sürdüyünü, səriştəsiz və səbadsız hakimiyyətin respublikanın ərazisinin və əhalisinin təhlükəsizliyini qoruya bilmədiyini diqqətə çatdırıb. Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin qəhrəman sakinləri özünümüdafiə qüvvələri yaradaraq uzun müddət düşmənə müqavimət göstərsələr də, 1992-ci il oktaybrın 2-də erməni silahlıları rayonu işğal ediblər. Onların 1992-ci ilin fevral ayında rayonun Qaradağlı kəndində törətdikləri kütləvi qırğın isə Qarabağda xalqımıza qarşı ilk soyqırımı kimi yaddaşlara əbədi həkk olunub və dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb.
Xocavənddən didərgin düşmüş əhalinin diqqət və qayğı ilə əhatə olunmasının Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkünləşdiyini vurğulayan komitə sədri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən və qüdrətlənən müstəqil dövlətimizin həm məcburi köçkünlərin problemlərinin həlli, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ardıcıl və təsirli tədbirlər həyata keçirdiyini bildirib. Qeyd edilib ki, bu il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən iki möhtəşəm hərbi parad ölkəmizin gücünü və dövlətimizin qətiyyətini, ərazi bütövlüyümüzün bərpası üçün bütün imkanlara malik olduğumuzu bir daha göstədi. Bununla belə, Azərbaycan münaqişənin dinc vasitələrlə həllinə tərəfdardır və sülh razılaşmasının əldə edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün səylərini əsirgəmir. O da qeyd edilib ki, digər məcburi köçkünlər kimi, xocavəndlilərin də normal həyat şəraiti ilə təmin olunması məsələsini Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəxsən nəzarətdə saxlayır və bu məqsədlə zəruri tədbirlər görür.
Tədbirdə Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün Koreya Respublikasının Azərbaycandakı səfirliyinin həyata keçirdiyi layihə barədə də məlumat verilib. Bildirilib ki, “Arı mənim işimdir” adlandırlan layihə çərçivəsində Xocavənd sakinlərindən bir qrupuna arıçılıqla məşğul olmaq imkanı yaradılıb və bu ildən həmin arıçılıq təsərrüfatında bal hasilatına başlanılıb. Anım mərasimində xocavəndli arıçıların ilk məhsulu nümayiş etdirilib və tezliklə bu təsərrüfatın rayonun işğaldan qurtarılacaq ərazilərinə köçürüləcəyinə inam ifadə olunub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev arıçılıq təsəsrrüfatının yaradılması layihəsində fəal iştirakına görə Van Kimə təşəkkürünü bildirib və ona xatirə diplomu təqdim edib. Van Kim diplomat ailəsinin üzvü kimi Azərbaycanda gördüyü qonaqpərvərlikdən danışıb, zəhmətkeş və bacarıqlı xocavəndlilərlə birgə işin uğurlu nəticə verməsindən məmnunluğunu bildirib.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri, rayon ziyalılarının nümayəndələri, “SABAH” qrupundan olan xocavəndli tələbərlər çıxış edib, torpaqlarımızın azad edilməsi üçün Azərbaycanın dövlətinin apardığı məqsədyönlü və ardıcıl siyasətin tezliklə nəticə verəcəyinə, xalqımızın qələbə gününü də qeyd edəcəyinə böyük ümid və inam bəslədiklərini deyiblər.
Sonda Xocavənd rayonunun işğalından bəhs edən filmin nümayişi olub