1 Oktyabr 2018 14:26
2 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payız fəslində ova maraq artır, ölkəmizə gələn turistlər, xüsusən ərəblər ov üçün müxtəlif əraziləri seçirlər. Tez-tez mətbuatda qadağan olunmuş heyvanların ovlanması və cərimələrin tətbiqi ilə belə xəbərlərə rast gəlirik. Elə isə harada və necə ov etmək olar, bu zaman nələrə diqqət yetirməliyik?

Teleqraf.com-un suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Arzu Səmədova cavablandırır.

- Ovuna icazə verilən heyvan və quş növləri hansılardır?

- Ov normaları və ovlanmasına icazə verilən heyvan növləri ilboyu aparılan monitorinqin nəticələrinə əsasən, həmçinin heyvanların bioloji xüsusiyyətləri, çoxalma vaxtları və sair faktorlar nəzərə alınaraq təyin olunur. Bu il üçün ov mövsümü may ayında açıq elan olunub. May ayından oktyabrın əvvəllərinədək Dağıstan turunun, sentyabr-dekabr aylarında çöl donuzunun, noyabr-yanvar ərzində dovşanın, oktyabrdan ilin sonunadək isə bataqlıq quşlarının ovlanmasına icazə verilir.

Fevral və mart ayının əvvəlləri artıq mövsüm bağlanır. Həmçinin bəzi heyvanların sayının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında ilboyu ovlanmasına icazə verilənlər çaqqal, qarğa kimi heyvan və quşlar da var.

- Həftənin hər günü ov etmək olarmı?

- Həftənin hər günü ov etmək olmaz, yalnız istirahət təqvimləri, yəni şənbə, bazar və bayram günləri ova icazə verilir.

- Ov üçün qadağan olunmuş ərazilər haralardır?

- Ölkə ərazisində yalnız ov mövsümündə, müəyyən günlərdə və yalnız ov üçün təyin olunmuş ovçuluq təsərrüfatlarında, müvafiq sahələrdə ova icazə verilir.

Ov üçün qadağan olunmuş yerlər cəbhə zonasına yaxın ərazilər, həmçinin sərhəd zonası, Xəzər dənizinin adaları, yaşayış məntəqələri, şəhər və kurortların ətrafı, xüsusi mühafizə olunan ərazilər, yəni milli park və qoruqlar daxildir.

- Ova hazırlaşanlar icazə üçün hara müraciət etməlidirlər?

- Ova hazırlaşan şəxslər yalnız icazə əsasında ov hüququ alırlar. Əgər yerli vətəndaşlardısa nazirliyin regionlarda fəaliyyət göstərən Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət etməlidirlər.

Əcnəbi vətəndaşlar, xaricilər isə yalnız ovla məşğul olan şirkət və turizm qurumları vasitəsilə ov icazəsi əldə edirlər. Həmin şirkətlər nazirliyin Bioloji Müxtəlifliyinin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə müraciət edir. Ova gələn xarici vətəndaş Azərbaycan qanunlarını bilməyə bilər, bu səbəbdən müraciət edən şirkətdən müvafiq iltizam alınır.

- Ovlanması qadağan olunan heyvan növləri hansılardır?

- Ovlanması qəti qadağan olunan heyvanlar “Qırmızı kitab”a düşmüş, sayı azalan nadir heyvan növləridir. Bu o demək deyil ki, icazəsi olan ovçu istədiyi heyvan növünü vura bilər. Ov mövsümü açılanda ovlanmasına icazə verilən heyvan növləri təyin olunur.

- Ovlanmasına icazəsi olmayan heyvanlar ovlanarsa, nə qədər cərimə tətbiq olunur?

- Mövsüm bağlı elan olunduqdan sonra, həmçinin ovuna icazə verilməyən növlərini vuranda, yasaq ərazilərdə ov edəndə ovçulara cərimələr tətbiq olunur ki, onların məbləği İnzibatı Xətalar Məcəlləsinə görə 1000 manatdan 2000 manata qədərdir. Həmçinin təbiətə dəymiş ziyana görə hər bir növ üçün cərimənin miqdarı fərqlidir. Xüsusi mühafizə olunan ərazilərin sahələri, yəni qoruqlar, milli parkların ərazisində ov faktları aşkarlanarsa cərimənin miqdarı 3-ə vurulur.

- Ölkəyə turist axını var, xüsusən ərəblər ova meyillidirlər. Adətən qanunu pozan onlar olur. Bunun qarşısını almaq üçün nə tədbir görülür?

- Qanunsuz ovçuluğun qarşısının alınması məqsədilə nazirlik əməkdaşları tərəfindən ilboyu reydlər keçirilir və maarifləndirmə işləri aparılır, mühafizə gücləndirilir.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər