Heç bir qeyri-adi tədbirimiz yoxdur. İnşallah, əməliyyatdan sonra ad gününü də qeyd edəcəyik. Dostlarına da bu barədə deyib.
Bu sözləri Teleqraf.com-a bu gün 70 yaşı tamam olan şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı deyib.
Tamam Bayatlı dostlarının tez-tez şairlə əlaqə saxladıqlarını bildirib:
“Gəlib evdə baş çəkməyi arzulayanlar çoxdur, amma Vaqif müəllim heç kəsi qəbul etmək istəmir. Dostları, yaxınları, sevənlərinin hamısı onunla telefon əlaqəsi saxlayırlar. Dünən də çoxlu dostları, yaxın adamları zəng etmişdi. Çox istədiyi adamlar, şairlər var ki, tez-tez zəng edib əhvalını soruşurlar.
Hamının Vaqif müəllimə yaxşı münasibəti var, hamı onu çox istəyir, o da hamını çox istəyir. Amma heç kəsi evində qəbul etmək istəmir. Çünki müalicə olunur, dərmanlar atır. İstəmir ki, insanları narahat etsin, elədə özü də narahat olur”.
Daha sonra şairin səhhətindən danışan Tamam Bayatlı bildirib ki, yaxın zamanlarda o, həkim yoxlanışından keçəcək: “Yalnız bundan sonra biləcəyik ki, səhhəti necədir. Hələlik Vaqif Bayatlının səhhətində ciddi dəyişiklik yoxdur.
Son iki ildə necədirsə, elə də qalır. Səhhətində hiss ediləcək dəyişiklik yoxdur. İki il əvvəl əməliyyat olunub. Nəzarətdə olmalıdır deyə xüsusi diqqət göstəririk. Beynindəki problemlər aradan qaldırıldıqdan sonra ürəyinə müdaxilə edəcəklər. Ürəyində də problem var”.
Tamam Bayatlı həyat yoldaşı haqda təəssüratını da bölüşüb:
“Vaqif müəllim gözəl insandır. Onu hamı tanıyır, onu sevirlər. Küçəyə çıxanda böyük şairi kimi yaxınlaşıb əllərindən öpən, şəkil çəkdirənlər olur. Onu görməklərinə sevinirlər. Neçə vaxtdır evdən çölə çıxmırdı, amma indi küçəyə də çıxır, kim görürsə yaxınlaşıb şəkil çəkdirir, hal-əhval tutur.
Vaqif müəllim də hamını sevir, o, uşaq kimi insandır. Heç vaxt insanlardan kənarda olmaq istəmir.
Həmişə adamların əhatəsində olmaq arzusundadır, amma təəssüf ki, əməliyyatdan sonra insanların arasında çıxa bilmir”.
Tamam Bayatlı qeyd edib ki, şair səhhətindəki problemlərə baxmayaraq, yaradıcılıq işlərini davam etdirir: “Yeni kitabı çap ediləcək, artıq çap üçün hazırlanır. Kitab üzərində bir-iki həftəlik iş qalıb”.
Qeyd edək ki, bu gün şair Vaqif Bayatlı Odərin 70 yaşı tamam olur.
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər) — şair, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alıb. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləyib (1981-1990).
"Xəzər" toplusunun baş redaktoru olub (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışıb (1992-1994).
Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilib (1991).
Azərbaycan Mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb.
Beş kitab müəllifidir: "Tənha ulduz altında"1(982), "Unudulacaq bütün sevdalar" (1986), "Ölənəcən sevmək azdır", "Ən gülməli ölü", "Yupyumru bir eşq ilə".