Yeni dövrün yazıçı, yaxud şairlərindən kimi bəyənirsiniz?
Teleqraf.com-nun əməkdaşı bu sualla ədəbiyyat adamları arasında sorğu keçirib.
Sorğunu təqdim edirik:
“Tanışlığım yoxdur”
Yazıçı Xalid Kazımlı son dönəmlərin ədəbiyyat adamları ilə yaxından tanışlığının olmadığını deyib: “Son vaxtlar yeni yazıçı və şairlərin yaradıcılığı ilə qəti söz deyəcək qədər tanışlığım yoxdur. Bir xeylisini tanıyıram, amma Feysbuk paylaşımlarına görə tanıyıram. Hekayə və şeirləri rastıma çıxmayıb”.
“Yeni kəşf etmişəm”
Yazıçı Rəbiqə Nazimqızının üç seçimi var: “Bir ad nəsrdən, ikisini də şeirdən çəkəcəyəm. Mənim üçün yeni kəşflərdir. Tapdıq Əhmədin yenicə çapdan çıxan “Dunqa” kitabı müasir yazarların əsərləri arasında seçilir, ideya da, məzmun da, simvollar da maraqlıdır.
Şeirdə isə Ülvi Bahadırın və Firudin Həmidlinin adlarını çəkə bilərəm. Ülvinin şeirlərində, başqalarından fərqli olaraq, ağıllı, intellektual və istedadlı görünmək arzusu gözə girmir, şeir adamı yükləmir, qulağa xoş dəyən söz oyunları ilə aldatmır, hisslər, fikirlər rəvan və fərqli, özünəməxsus şəkildə ifadə olunur.
Firudinin şeirlərində isə qəribə bir sakitlik, mürdiklik, harmoniya duyğusu var. Sadə və gözəldir”.
“Maraqlı imzalar gəlir”
Yazıçı Mirmehdi Ağaoğlu isə ad çəkməyə çətinlik çəkdiyini bildirib: “Mən özüm də yeni qələm adamı sayıldığım üçün bu suala cavab verməyim bir qədər yersiz ola bilər. Ancaq Ayxan Ayvazı bəyənirəm. Ona ”bəyənirəm“ demək azdır. Yazılarını sevə-sevə oxuyuram. Eminqueyi izləyirəm.
Bundan başqa, təzəlikcə imzaları ilə tanış olduğum Rəvan Cavid, Orxan Həsənlini, Məhəmməd Tanhunu izləyirəm. Məncə, ədəbiyyata yeni və maraqlı imzalar gəlir, sevindiricidir”.
“Onun məktublarına köçmək istəyirəm”
Yazıçı Çinarə Ömray zövqlərin müxtəlif olduğunu deyib: “Əlbəttə, zövqlər müxtəlifdir. Mənim sevərək oxuduğum bir neçə imza var ki, başqası üçün maraqsız gələ bilər. Məsələn, Jalə İsmayılın hekayələrini sevərək oxuyuram, Rəbiqə Nazimqızının məktublarını, Ömər Xəyyamın köşələrini (son hekayəsi əla idi), Rəşad Nağı Mustafanın, Elvin Paşa, Rauf Qaraişığın şeirlərini sevərək oxuyuram.
Çünki qəribə bir azadlıq var bu mətnlərdə. Bu mətnlərin içində nəfəs almaq olur. Bəzən bu boyda dünyada boğularsan, amma girib iki cümlənin içində ciyər dolusu nəfəs alarsan. Mən böyük məmnuniyyətlə Rəbiqə Nazimqızının məktublarına köçüb orda yaşayaram. Son zamanlar daha çox bu imzalardan oxumuşam. Amma ümumilikdə sevdiyim imzalar çoxdur. Düzdü, bunlar yeni imzalar deyil, amma heç köhnə də deyil”.
“Fəriddən ibrət götürsünlər...”
Şair Elşad Barat deyir ki, ədəbiyyatımızda İsa Hüseynovun “İdeal”ı onun üçün ən ideal romandır: “Düşünürəm ki, yazılmış şeir, hekayə, povest, roman yük, məna, ideya daşımalıdır. Bu baxımdan mən Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını bəyənirəm. Kamal Abdullanın “Yarımçıq əlyazma”sını bəyəndiklərim sırasına salıram. Bu əsərləri niyə bəyəndiyimi yazmıram, çünki hər kəs bilir.
Səxavət Talıblının “Adəmin övladları” romanı məni xeyli düşündürüb və özünü sevdirib. Bu roman bütün bəşəriyyəti sülhə çağırır, hadisələr mükəmməl şəkildə cərəyan edir, romanın ideyası, yükü sadəcə, möhtəşəmdir.
Daha sonra Sayman Aruzun “100 il inqilab” romanını qeyd etmək istəyirəm. Çünki bu əsər adi cümlələrinə qədər bəşəriliyə söykənib və ədalətsiz rejimə, insan faciəsinə, milli-mənəvi soyqırıma üsyandır. Bu romanı yalnız özünü ölümün qoynuna atmağa hazır olan yazıçı yaza bilər.
Keçək şeirlərə. Mənim bəyəndiyim şairlər çox olub, ancaq müəyyən zaman keçəndən sonra o şairlərə acığım tutub. Məsələn, Salam Sarvan, Aqşin Yenisey, Anar Amin. Bu adamları mən yaxşı tanıyıram, potensiallarına bələdəm, yaza biləcəkləri qədər yazmırlar. Aqşini götürək, öncəki yazdıqlarına baxaq, sadəcə möhtəşəm, indi yazdıqlarına baxaq, öncə yazdıqlarının təkrarı, Salam da həmçinin. Anar Aminə bir az ümidim qalıb ki, bəlkə nəsə yazdı. Bizim poeziyamız yerində sayır. Sıçrayış yoxdur.
Lap gənclərdən Aqşin Evrenin maraqlı şeirlərini oxumuşam. Sonra Fərid Hüseyn, məncə, ölkənin gənc yazarları Fəriddən ibrət götürməlidir. Fərid sözün həqiqi mənasında əziyyətlərin dadını bilən, həyatdan gələn, maraqlı bir şairdir.
Bir də onu deyim ki, son günlər Həcər Paşayeva adlı bir xanımın hekayələrini oxudum, çox bəyəndim və təəccübləndim ki, ölkədə xeyli maraqlı yazıçı, şair var, ancaq tanınmırlar. Bəlkə də mənim oxuyub bəyəndiyim və ya oxusam bəyənəcəyim yazıçılar, şairlər var ki, onların adını çəkmədim, ancaq onlar həmişə var, həmişə yaşayırlar”.
“Hekayələrində kilsə zənginin rahatlığı var”
Yazıçı Oğuz Ayvaz qeyd edib ki, müasir ədəbiyyatımızda hazırda ən çox şeirlərini sevdiyi şair Şəhriyar Del Geranidir: “Onun şeirləri klassik musiqi kimidir. Adamı uzaqlara aparır, kədərləndirir, uşaqlaşdırır, ağrıdır. Qadın şairlərimizdən isə Fəridə Uğuru qeyd edərdim. Onun poeziyası özünəməxsus və fərqlidir.
Qardaşım olduğuna görə demirəm, Ayxan Ayvaz mətni bilən tək-tük gənc yazarlardandır. Onun hekayələrində kilsə zənginin rahatlığı, hüzuru var”.
“Bu, işimizi lap çətinləşdirir”
Yazıçı Rövşən Danyeri hesab edir ki, yeni və köhnə anlayışı bir az nisbidir: “Məsələn, Emin Piriyə indi biz köhnəmi, yoxsa yenimi deməliyik? Nəzərə alsaq ki, Elçin Hüseynbəyli hələ də bəzilərinə görə gənc yazar olaraq qalır, işimiz lap çətinləşir.
Ulucay Akif, Oğuz Ayvaz kimi imzası yeni olanların yazdıqlarını həvəslə oxuyuram. Nəsrdə Sahil Abbasbəylinin imzası öz yeniliyi ilə fərqlənir”.
“Kitabı elə bil nəfəs alır”
Şair Habil Rzanur Mustafayevə görə, yeni nəsil ədəbiyyat deyəndə, ələlxüsus da şeir - Aqşin Yenisey ilk ağıla gələnlərdəndir: “Bunu yaşa görə deyil, sözün, nəfəsin cavanlığını nəzərdə tutub deyirəm. Həmin şeirlər mənə 17-18 yaşlı gənci xatırladır. Hələ də böyüyür, inkişaf edir.
Daha sonra siyahı bir az gəncləşir: Mirbağır Bünyatlı, Aqşin Evren, Bahar Zamanova, Elməddin Mətləb - bu dörd müəllif isə şeirlərində bizə şüuraltı insanlığın sirrini çözməyimiz üçün əla material ötürür.
Adını çəkdiyim müəllifləri daha sıx mütaliə etdiyim üçün fikir bildirdim.
Gənc şairlərimiz var və hələ də irəli getməkdədirlər: Anar Adil, Sahib Nəbiyev Ülvi Bahadur başda olmaqla…
Yazıçı deyəndə isə, şübhəsizki Pərviz Cəbrayılın, Şərif Ağayarın üstündən adlamaq günah olar. Gənclərdən Çinarə Ömray deyirəm, bu müəllifin “Məcnunxana” kitabı az qala insan kimi nəfəs alır”.