Uşaqlar bəzən 2-3 yaşda cinsiyyətlə bağlı suallar verir, öz bədən üzvüylə maraqlanırlar. Uşağının belə marağıyla qarşılaşanda nə etmək lazımdır? Ümumiyyətlə, cinsi tərbiyə nədir, uşağa cinsi tərbiyə necə yaşda verilməldir?
Teleqraf.com-a danışan psixoloq Səbinə Bayramovanın fikrincə, bu mövzuda insanların ən çox qarışdırdığı şey cinsi tərbiyənin cinsi əlaqə ilə eyniləşdirməsidir.
Psixoloqun sözlərinə görə, cinsi tərbiyə fərdin həm fiziki, həm də emosional cinsi inkişafını anlaması, bunu sağlam və müsbət şəkildə qavraması, həmçinin digər insanların da davranış və yanaşmalarına hörmətlə yanaşması deməkdir: “Cinsi tərbiyənin adətən, 3 yaşdan verilməsi nəzərdə tutulur, amma ola bilər, uşağı daha erkən yaşda sual narahat eləsin. Biz hesab edirik ki, uşaq bu mövzuda sual verməyə başladısa, artıq cinsi tərbiyəni başlatmaq gərəkdir.
Eyni zamanda valideyn uşaqların belə sualları qarşısında aciz qalmamalıdır, çünki onların o yaşdakı sualları çox məsumdur. Uşaqların gözlədiklərindən artıq cavaba isə ehtiyac yoxdur”.
Psixoloq deyir ki, bəzən ata-analar uşağın bu kimi sualları qarşısında aciz qalır, təşvişə düşürlər: “Səbəb odur ki, bu mövzunun izahında çətinlik çəkir, hər şeyin böyük yaşda adamlara uyğun başa salmağın qeyri-mümkünlüyünü düşünürlər. Amma elə deyil. Uşaqlar sadəcə təbii və məsum suallar verirlər, təşvişə düşmək yanlış yanaşmadır. Bu zaman uşaq sadəcə özünü, çevrəsini və öz bədənini tanımağa çalışır. 3-4 yaşlı uşağın başqa məqsədi ola bilməz”.
Bəs uşaqların cinsi orqanları ilə bağlı sualları necə cavablandırılmalıdır? Psixoloq düşünür ki, burda oğlan uşağına ata, qız uşağına ana cavab verməlidir deyə dəyişməz bir şey yoxdur: “Uşaq özünə kimi yaxın görür, yaxın bilib sual verirsə, o da cavablandırmalıdır. Təfərrüata ehtiyac yoxdur, kiçikyaşlı uşaq cavabla kifayətlənə bilir. Oğlan ataya sual verərsə, ata bunun təbii bir hal olduğunu izah edə, hər bir oğlan uşağında rast gəlindiyini söyləməklə onu başa sala bilər.
Ümumiyyətlə sualları cavabsız buraxmaq olmaz, çünki uşaq marağını təmin etməsə, ehtiyac duyduğu cavab almasa, fərqli axtarışlara başlayacaq.
Uşağın cinsi tərbiyəsi önəmlidir, bununla onu yanlış bilgilərdən qorumuş oluruq. Cavab verməsək, onun suallarını yox saysaq, o, sərhədləri bilməz, məhrəmiyyət duyğusu onda inkişaf etməz. Unutmayaq ki, biz bu təlimi verməklə uşaqlarımızı qorumuş oluruq”.
Səbinə Bayramova deyir ki, ən çox qorxu yaradan məsələlərdən biri də uşağın öz cinsi orqanı ilə oynaması, yaxud mastrubasiya ilə məşğul olmasıdır: “Valideyn bunu görəndə təşvişə düşür, nə edəcəyini, necə davranacağını bilmir. Burda qorxmağa ehtiyac yoxdur. Sadəcə uşaq burda öz üzərində bir şeyləri kəşf edib və ona maraqlıdır.
Onu da qeyd edim ki, xoşbəxt olmayan, güvənsiz, münaqişəli ailə ortamında böyüyən uşaqlar belə şeyə daha çox sığınırlar. Onlar ailədaxili problemləri unutduran davranışa meyllənir və getdikcə onu inkişaf etdirirlər. Əgər valideyn təşvişə düşdüyünü uşağa hiss etdirirsə bu zaman uşaq ailə üzərində bir təsirə malik olduğunu görür və istədiyi şeyi etməyəndə yenə bu hərəkəti təkrarlamağa başlayır”.
Psixoloqu sözlərinə görə, düzgün cinsi tərbiyə uşağın yetkin gənc kimi böyüməsində mühüm rol oynayır və onun həyatında uzun müddət davam edəcək bir prosesdə doğru davranışını tənzimləyir.