3 Oktyabr 2018 12:47
3 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il dünyada 1-7 oktyabr tarixi “Ana südü ilə qidalandırma” həftəsi kimi qeyd edilir.

Bu münasibətlə Teleqraf.com pediatr Ülvi Əliyevə bir neçə sual ünvanlayıb.

Həmin müsahibəni təqdim edirik.

- Həkim, adətən, ilk dəfə ana olanlar uşağı bəsləməkdə çətinlik çəkir. Təzə doğulan uşaq necə bəslənməlidir?

- Uşaq üçün ən yaxşı bəslənmə ana südüdür. Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) ana südünün doğru əmizdirilməsini, ana südü ilə uşağın qidalanmasını tövsiyə edir. Bu tovsiyələrdən biri ilk bir saat ərzində uşağın ana döşünə qoyulması, digəri isə ona ilk 6 ayda yalnız ana südünün verilməsidir. Ana südü ilə əmizdirmənin 2 yaşa qədər davam etdirilməsi lazımdır.

- Ana südünün uşaqlara faydaları hansılardır?

- Ana südü uşağı bir çox xroniki və kəskin xəstəliklərdən qoruyur. Bu xəstəliklərə üst tənəffüs yolu infeksiyaları, kəskin qulaq iltihabı, sidik sistemi infeksiyaları, qastrit qastroenteritlər, allergik xəstəliklər, ishal, qəfil uşaq ölümü sindromu, leykozlar, metabolik sindromu (şişmanlıq,obezite), hipertoniya, yağlanmanın qanda artması, yəni hiperxolesterinemiya kimi xəstəliklərlə aiddir.

Ana südü ilə qidalanmanın psixoloji təsirləri də var. Ana ilə uşaq arasında əlaqə qüvvətlənir, mehr-məhəbbət duyğusu inkişaf edir, eyni zamanda ana südü uşağın ruhi, fiziki və əqli inkişafına kömək edir. Uşağın dil qabiliyyətini, diş və çənəsini inkişaf etdirir, sonrakı həyatında diqqət əksizliyi, auitizm kimi problemlərdən qoruyur.

- Bəs ana südü verilməsinin qadınlara hansı faydaları var?

- Menopauza yaşında qadınlarda yaşlanmanma ilə ələqədar sümüklərdə yumşalma gedir, ananın süd verməsi osteoporoz xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Uşaq nə qədər tez ananın döşünə qoyularsa, əmizdirmə nəticəsində uşaqlıq möhkəm yığılır, növbəti doğuş sonrası qanaxma əmələ gəlmir. Ana üçün sakitləşdiricidir, həm də ananın doğuşdan əvvəlki uyğun çəkisinə qayıtmağına səbəb olur. Ananı yumurtalıq və süd vəzisi xərçəngindən qoruyur.

- Amma bəzi analar süd verməkdən çəkinirlər...

- Bacardıqca anaları uşaqlarını ana südü ilə əmizdirməsini təşviq edirik. Ananın süd verməməsinin bəzi səbəbləri olur. Doğuşun son həftəsində ana ilə söhbət etmək lazımdır. Burda anaya mənəvi cəhətdən dəstək vacibdir. Eyni zamanda qohumların da dəstəyi əsasdır. Doğuşa hazırlaşan qadına evdə sakit atmosferin yaradılması, söz-söhbətdən uzaq olması lazımdır. Çünki ananın doğuşdan sonra keçirəcəyi depressiv hal südün əmələ gəlməsinə, südün ifrazına mənfi təsir göstərir.

İkincisi, son illərdə qeysəriyyə kəsikləri ilə olan əməliyyatlarda artıb, bunların nəticəsində uşağı döşə qoymalar azalır. Səbəbi də odur ki, uşaq əmizdirmə zamanı uşaqlıq yığılması baş verir, həmin yara toxuması da ağrıyır deyə, qeysəriyyə kəsiyi olduğu üçün analar bir az gec əmizdirmək istəyirlər. Bu da südün azalmasına səbəb olur.

Xalq arasında 3 azan vaxtı keçməyincə uşağı döşə qoymazlar və ya uşaq süd yeyə bilmir kimi yanlış fikirlər var. Amma unutmayaq ki, heyvanlar aləmində belə, hər hansı bir canlıda doğulqduqdan dərhal sonra onda əmmə qabiliyyəti olur.

Uşaq doğulan kimi anada süd, balada isə əmmə refleksi aktiv olur. Ana südünün əmizdirilməsinə qarşı çıxanlar guya döşlə əmizdirmə zamanı ananın döşlərinin formasının, bədən quruluşunun pozulduğunu irəli sürülər. Bunlar səhv fikirlərdir.

- İndi təəssüf ki, süni qidaların uşağa verilməsi daha da artıb.

- Süni qidanın təbii qidanı sıxışdırıb çıxartmasina son illər bəzi televiziya reklamlarının verilməsi də təsir göstərirdi. Sonradan gördülər ki, ana südünün bir sıra faydaları əvəzolunmazdır. İndi bəzi xəstəxanalar var, süni qida satan firmaların oralara girməsi qadağandır. Süni qida reklamının gecə saatlarlarında verilməsi də əsas şərtdir.

- Həkim, süni uşaq qidası almaq üçün resept yazılmalıdır?

- Uşaq qidalarına reseptyazılmır, bu, sadəcə həkimlərin təyinatı əsasında ən əlacsız qalan zaman işlənir.

- Deməli, süni qida ana südünü heç vaxt əvəz edə bilməz…

- Xeyr, ana südü ən üstün nemətdir, onu tərkibində mikroelementlər, vitaminlər, müxtəlif xəstəliklərdən qoruyan anti-cisimlər mövcuddur. Hətta ən son damcısına qədər uşağın bəslənməsi, sonrakı inkişafı, bütün funksiyaların normal fəailiyyəti üçün ulu Tanrının bəxş etdiyi, koordinasiya olunan bir iksirdir. Xatırladım ki, qədim türk eposu Kitabi Dədə Qorqudda "Ana südü,dağ çiçəyi" məfhumunun panaseya (bütün xəstəliklərə dərman) olması kimi bir fikir var.

- Uşaq üşün ən yaxşı qida seçimi necə olmalıdır?

- Hər hansı süni qidanı hazırlayanda normal toz və su ilə hazırlayırlar, qarışdıranda o suyun hər bir hissəsində toz bərabər olaraq paylanır, amma əmizdirmənin əvvəlində ön süd ifraz olunur. Bunun içərisi daha çox mayedir ki, uşağın mədəsini maye ilə doldurur, yəni doyuzdurur, əmizdirmənin sonuna yaxın son yağla zəngin süd ifraz olunur.

Bu, uşağın çəkisinin artmasına, beyin toxumasının normal inkişafına kömək edir. Bildiyimiz kimi, yağlar bədəndə qurulma proseslərinə sərf olunur, beynin inkişafı üçün normal yağlı qida lazımdır ki, ananın südündə bunların hamısı ölçülüb.

- Hansı hallarda ana süd qəti verə bilməz?

- Bəzi xəstəliklər var, məsələn, qalaktozemiya, fenilketonuriya kimi, yaxud uşaqdakı metabolik xəstəliklər zamanı ana südü ona verməz. Və ya anada psixi xəstəlik, açıq vərəm varsa, bədxassəli şiş səbəbi ilə kimyəvi terapiya alırsa, bunlar aktiv dövrdə ana südünün verilməsinə əks-göstərişdir. Başqa hallarda ana südünün qarşısını alacaq heç bir mane yoxdur.

- Evdə hazırlanan qidaları usaga verməyə nə zaman başlamaq lazımdır?

- Evdə hazırlanan əlavə qidalara adətən 6 aydan sonra başlanılır. Amma lazım olarsa, çox çarəsiz vəziyyətdə 4-5 aydan da başlana bilər. Qida yavaş-yavaş meyvə püreləri şəklində verilir, 8-9 aylarda kiçik hissəcikləri olan yeməklər yedirdilir, ən son 12-ci ayda qida rasionuna bal və yumurta ağı daxil edilir.

- Payız fəslində bir sıra mövsümi xəstəliklərə körpələr daha tez tutulur, bunun qarşısını necə almaq olar?

- Payız fəslində uşağın immunitetini gücləndirmək üçün ilk növbədə ananın doğru-düzgün bəslənməsi, bütün qidaların südə keçməsinin təmin olunması lazımdır ki, dolayı yolla uşağın da immuniteti güclü olsun. Amma uşaq ailə süfrəsindən bəslənirsə, 12 aydan böyükdürsə, hər meyvəni mövsümündə yesinlər.

Şokolad, çipsi, fastfood məhsulları, ağ çörəkdən bişmiş bulka ilə bəslənməsini istəmirik. Ən çox meyvələr, göyərtilər, süd, zülal məhsulların normal qidada olması şərtdir.

- Həkim, son olaraq süd verən analara tövsiyələriniz nədir?

- Ana ilə uşağın 24 saat eyni otaqda qalması təmin edilməlidir ki, ananın uşaqla təması kəsilməsin. Mümükünsə analar gecə əmizdirməsinə də davam eləsinlər. Hər uşaq ağladıqca əmizdirmək lazımdır, bu, gündə 8-10 dəfə ola bilər. Yalançı əmzikdən, butulkadan istifadə etməsinlər. Həkim tövsiyələrinə qulaq assınlar, unutmasınlar ki, ixtisas sahibi olmayan insanların məsləhəti qəbuledilməzdir.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər