21 Avqust 2014 15:35
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə gündür ki, toy və yas mərasimlərində israfçılığı yol verilməməklə bağlı fikirlər medianın gündəmindən düşmür. Azərbaycanın bir çox rayonlarında artıq “dəbdəbəli” yas mərasimlərinin keçirilməməsi ağsaqqallar tərəfindən əhaliyə tövsiyə olunub.

Teleqraf.com-un məlumatına görə, mövzunun aktuallığını nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti 3 il öncə (13.07.2011-ci il) İdarə Qazılar Şurası və Elmi-Dini Şurası tərəfindən ictimaiyyətə ünvanladığı müraciəti yenidən yayıb. Müraciətdə bildirilir ki, son zamanlar cəmiyyətimizdə milli və dini dəyərlərə qayıdış prosesinin güclənməsi Azərbaycan xalqının tarixən formalaşmış həyat fəlsəfəsinə, ictimai fikrinə və adət-ənənələrinə müraciətini zəruri edir: “Bu, təbii haldır, çünki müstəqillik dönəmində tarixi köklərimizə, İslama, mənəvi dəyərlərə, əxlaq normalarına maraq artmış, milli adətlərin yeni, müasir tələblər səviyyəsində inkişafı üçün münasib şərait yaranıb. Bu tarixi proseslə əlaqədar Prezident İlham Əliyev demişdir: "Bəşəriyyətin milli-mədəni tərəqqisində müstəsna bir mərhələ açmış İslam dininin tarixi rolu xüsusi qeyd edilməlidir. Öz ümumbəşəri mahiyyəti və demokratizmi ilə İslam dini insanları daim sülhə, həmrəyliyə, dözümlülüyə və mənəvi-əxlaqi kamilliyə dəvət etmişdir".

Bu gün milli və dini ənənələrin bərpası zamanı müsbət keyfiyyətlərin aşılanması ilə yanaşı, bir sıra problemlərin yaranması, bəzən ifrata və dinə aidiyyatı olmayan bidət hərəkətlərə yol verilməsi haqlı olaraq ictimaiyyəti narahat edir.

Söhbət son zamanlar kütləvi informasiya vasitələrində geniş ictimai müzakirəyə çıxarılan və dövlət dairələrində debatlara səbəb olan toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydalarından, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılmasından, dəbdəbəli qəbirüstü abidələrin ucadılmasından və günümüzün reallığına aid olan bir sıra problemlərdən gedir. QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şura ictimaiyyət nümayəndələri ilə birlikdə bu məsələ ilə əlaqədar əvvəlki illərdə bir neçə dəfə öz mövqeyini bildirsə də, çox zaman təklif və tövsiyələrimiz cəmiyyətdə tam tətbiqini tapa bilməyib. Əksər hallarda guya bu mərasimlərin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər. İslam dininin təməl özəlliklərinə, Peyğəmbərimiz Məhəmməd salavatullahın aləmlərə örnək olan şəxsi nümunəsinə və hədisi-şəriflərə istinad edən hər bir şəxs bu məsələnin islami qanunlarla məntiqi uyğunsuzluğunu yaxşı bilir.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, müsəlmanların övladına toy etməsi və ya mərhumları üçün ehsan verməsi dini baxımdan bəyənilən və təqdir olunan əməldir. Qurani-Kərimin Əraf surəsinin 31-ci ayəsində insanlara: "…Gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!" - hökmü buyurulub. Məhz bu ayənin hökmunə əsasən insanların şənlik və ya matəmlərdə iştirakı dini baxımdan münasib sayılır, yalnız istər toy, istərsə də yas mərasimlərində israfın və ifrat dəbdəbənin Allah tərəfindən bəyənilməyən bir əməl olduğu təsbit olunur”.

Müraciətdə qeyd edilir ki, toy nikahın aşkarlığını və qanuniliyini təmin edir: “Peyğəmbərin (s) bir hədisində deyildiyi kimi: "Beş halda şənlik mərasimi qurulmalıdır: izdivac (evlənmə) zamanı, uşaq dünyaya gəldikdə, uşağı sünnət etdikdə, ev aldıqda və Həcc ziyarətindən qayıtdıqda". Müsəlmanların şadlıq mərasimləri və toylarında yemək süfrələri açmaq, şənlənmək qədim el adətlərindəndir, lakin bəzi yeni dəblər, özəlliklə son zamanlar vüsət tapmış zənginlik nümayişi bir neçə baxımdan düzgün deyildir. Əvvələn, bu məclislər sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaradır. Verilən yemək və başqa məhsul çeşidlərinin ifrat dərəcədə çoxluğu Allahın haram buyurduğu israfa səbəb olur, maddi və mənəvi balansı pozur. Mərasimlərdə imkansızlara, ehtiyacı olanların ailələrinə yardım və ehsan etmək İslama görə məqbul sayılır. Buna görə də mərasimlərin təşkili zamanı israfçılıq hallarının qarşısının alınmasında cəmiyyətimizin birgə səyləri, ictimai qınaq olduqca vacibdir.

Dini nöqteyi-nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl - qüsl, kəfən, cənazə namazı və dəfndir. Təəssüf ki, müasir dönəmdə müsəlmanlarımız şəriətin bu hökmlərinə önəm vermək əvəzinə bidət hərəkətlərə daha çox meyllənirlər. Mərhumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin qədim adətlərindəndir. Lakin dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Ehsan hərfi tərcümədə "yaxşılıq etmək, gözəl iş görmək" mənasını verir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi müstəhəb və bəyənilən əməllərdəndir. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bəzi hallarda mərhumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu bədbəxtliyə sürükləyəndə günahı özündə deyil, ilahi ədalətsizlikdə axtarır və düşünmür ki, Rəbbimizin əmr və qadağalarına asilik bağışlanılmaz günahlardandır. Xüsusilə Ramazan ayında iftardan əvvəl məclislərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas məclislərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaqdır”.

QMİ-nin müraciətində qəbirüstü abidlərin hazırlanmasında ifrat dəbdəbə və təkəbbür nümayişinin heç də yas və toy mərasimlərindən geri qalmadığı vurğulanır: “İslam qənaət, sadəlik və mötədillik dinidir, zahiri təmtərağı sevmir, bahalı məzar daşlarının, qəbirüstü abidələrin düzəldilməsi İslam normalarına ziddir. Rəvayətə görə, Həzrət Məhəmməd (s) süd qardaşı Osmanın məzarının üzərinə tanınmaq üçün öz əlləri ilə kiçik bir başdaşı qoymuş, bununla müsəlman məzarlarının sadəliyi öz təsdiqini tapmışdır. Şəriətə görə, önəmli olan qəbrin 30-40 il müddətində tamamən torpağa qarışması və qəbiristan ərazisinin böyüyərək məkanı zəbt etməməsidir. Qəbiristan torpaqları vəqf ərazisi hesab olunur, onların satışı dinimizə görə haramdır. Biz vətəndaşlarımızı belə əməllərdən çəkinməyə çağırırıq.

Bu və digər dini problemlərlə bağlı bir məqamı da yaddan çıxarmaq olmaz ki, İslamın yayıldığı ərazilərdə dini dəyərlər yerli ürfi adət və ənənələrlə təmas edərək qaynayıb-qarışmış, hər yerin özünəməxsus cəhətlərini, etnik xüsusiyyətlərini qoruyub saxlamaqla Allahın yaratdığı bəşəri müxtəlifliyi zənginləşdirmişdir. Bizim xalqımızın mentaliteti əsasən islami dəyərlərdən ayrı deyildir. Bunu nəzərə alaraq, geniş ictimaiyyətin, din xadimlərinin, ziyalıların, dövlət və elm adamlarının birgə səyi ilə müəyyən bir razılaşmaya gəlmək, milli və dini dəyərlərin pozulmaması şərti ilə, dini və dünyəvi prinsiplərə uyğun olan ortaq məxrəc əldə etmək mümkündür. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura cəmiyyətimizin bütün təbəqələrini illərlə formalaşmış islami qaydaların, milli adət-ənənələrin qorunmasına riayət etməyə, KİV-i bu istiqamətdə fəal yardımçımız olmağa dəvət edir.

Biz eyni zamanda xalqımıza, bütün vətəndaşlarımıza müraciət edərək bu vacib ictimai əhəmiyyət kəsb edən məsələnin ümumxalq müzakirəsinə çıxarılmasını təklif edirik.

Əminik ki, təlqin etdiyimiz başlıca fikir - toy və yas məclislərində ifrat və israfdan imtina etmək qərarı cəmiyyətimizin mənəvi tərbiyəsində müstəsna rol oynayacaq, müsbət ictimai fikrin formalaşmasına xidmət edəcəkdir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər