2017-c i ilin sonunda Azərbaycanda İİV-lə yaşayan insanların sayı 5661 nəfərdir.
Bu sözləri Teleqraf.com-a Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq şöbəsinin rəhbəri Natiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, 2017-ci il ərzində 559 nəfər Azərbaycan vətəndaşı rəsmi olaraq qeydiyyata götürülüb ki, onlardan QİCS mərhələsində olanların sayı 2007 nəfərdir: “Ölkə üçün aktual olan əsas yoluxma yolu isə infeksion narkotik istifadəçiləridir ki, bu, ümumi yoluxmaların 45,3 faizini təşkil edir.
Bundan başqa cinsi yolla, anadan uşağa ötürülmə yolu ilə də yoluxma müşahidə olunur.
Əsas yaş qrupu 25-49 yaş qrupu arasında cəmlənib, bu isə ümumi yoluxmanın 74 faizini təşkil edir. Təbii ki, biz onları qeydiyyata götürməklə kifayətlənmirik, Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu insanın müalicəsini də həyata keçirdir. Ən asası da budur ki, anonimlik həmişə qorunur, ən azından ona görə ki, bu, həkimlərin əsas vəzifəsidir.
Həmçinin bu xəstəliyə yoluxan insanlarda diskriminasiya halları çox olduğuna görə gizlilik yüksək səviyyədə qorunur. Artıq 1988-ci ildən respublikada laboratoriya fəaliyyətə başlayıb ki, 30 ilə yaxın bir dövrdə , heç kimin anonimliyi pozulmayıb”.
Hələ də bir çox insanların sağalmaz xəstəlik kimi yanaşdığı İİV-in müalicəsinin mümkün olduğunu qeyd edən şöbə rəisi deyib ki, əvvəllər bu xəstəlik ölümcül xəstəliklər siyahısına daxil idi, insanlar dünyasını dəyişirdi: “2011-ci ildən etibarən artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyi ölümcül xəstəliklər sırasından çıxarıb, ağır xəstəliklər sırasına daxil edib. Onun da əsas səbəbi odur ki, xəstəlik əgər insanlar terapiya qəbul edərsə , öz həyat fəaliyyətlərini saxlaya bilirlər. İnsanlar arasında psixoloji olaraq belə hal yaranıb, onlar hələ ki bu təsir altındadırlar”.
Natiq Zülfüqarov deyib ki, çox təəssüf ki, xəstəliyin konkret klinik əlamətləri yoxdur: “Bu insanlar bir az gec həkimə müraciət edirlər. Çox vaxt digər xəstəliklər inkişaf edəndə həkimə gəlirlər. Bu da onu göstərir ki, xəstəliyin özünəməxsus klinik əlamətləri özünü gec büruzə verir.
Tərləmə, iştahsızlıq , temperatur, əmək qabiliyyətinin aşağı düşməsi kimi əlamətləri var ki, belədə adam bir çox xəstəliklərdən, məsələn, soyuqdəymədən də şübhələnə bilər. Biz xəstəliyə baxıb klinik əlamətlərə görə diaqnoz qoymuruq.
Sadəcə laboratoriya şəraitində qan verdikdən, virusa qarşı anticisimlər aşkar olduqdan sonra artıq deməyə əsas verir ki, bu insan HİİV infeksiyası xəstəliyi xəstəliyinə yoluxub”.
Nikahdan öncə tibbi müayinələrə toxunan həkim deyib ki, 2017-ci ilin ərzində 137142 nikaha girmək istəyən şəxs HİİV-ə görə müayinəyə cəlb olunub: “Müayinələrin nəticəsində 119 qan nümunəsində HİİV infeksiyası aşkar olunub. Bu da çox əhəmiyyətlidir, onlar bir mənalı olaraq müalicəyə yönəldilir. Çünki anadan uşağa keçməsi mümkündür, ona görə də müalicə mütləqdir”.
Son vaxtlar ölkəmizə turist axını güclənib və sosial şəbəkədə məhz ərəblərin ölkəyə QİÇS xəstəliyi gətirdiyini iddia edənlər var.
Mərkəz rəsmisi deyib ki, seks investisiyası inkişaf eləmiş ölkələr üçün bu mövzu aktualdır, amma Azərbaycan üçün yox. Bura Tailand, Uqanya deyil: “Sadəcə hər hansı bloggerin sözünə görə, ölkə haqqında belə danışmaq olmaz. Biz faktlarla danışırıq ki, həmin yarım il ərzində müayinə olunanların, qeydiyyata keçənlərin heç biri ərəb deyil. Biz alış-veriş mərkəzlərində, turistlərin çox olduğu yerdə aksiya keçirdik, heç birində bu infeksiya aşkar olunmayıb.
Aşkar olunsa belə, bu o demək deyil ki o Azərbaycanda yoluxub. Hər kəs öz sağlamlığının qeydinə qalmalıdır. Təhlükəli cinsi yolla yayılan xəstəliklər də var ki, hər kəs ona yoluxa bilər. Ona görə də öz gigiyenasına riayət eləməli, təsadüfi cinsi əlaqələrdən çəkinməli, əgər belə bir zərurət olarsa mütləq qoruyucudan istifadə olunmalıdır.
Qeyri-leqal olsa da, ölkədə bu işlə məşğul olan insanlar var. Biz onları sağlamlaşdıra bilmirik, yalnız müxtəlif yollar axtarırıq ki, bu insanlar infeksiyanı başqasına keçirməsinin, əlaqə zamanı yoluxmanın qabağını alınsın. Ona görə də ölkədə zərərin azadılması layihəsi fəaliyyət göstərir. Seks biznesi ilə işləyənlərə, hemoseksuallara qeyri-hökumət təşkilatları tərəfindən prezervativlər paylanır. Bu heç olmasa infeksiyaların qarşısını alır.
İstifadə etmələri isə onların maariflənməsindən asılıdır. Onlara başa salınır ki, özləri xəstədirsə, digərlərinə keçirməsinlər və yaxud sağlamdırsa xəstəliyə tutulmasınlar.
Yoluxduranlar isə cinayət məsuliyyəti daşıyırlar. Xüsusi təhlükəli infeksiyanı bir şəxsdən digər şəxsə keçirməyə görə bir neçə il, qəsdən keçirənləri isə 7 ilə kimi həbs cəzası gözləyir. Biz məhkəmə qərarı ilə analizlərə baxıb fikir bildiririk”.