4 Oktyabr 2018 14:37
2 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yazıçı-şairlərindən kimi Nobel mükafatına layiq namizəd hesab edirsiz?

Teleqraf.com ədəbiyyat adamlarına bu sualla müraqciət edib.

Cavabları təqdim edirik.

“Onun şansı var”

Ədəbi tənqidçi Əsəd Cahangirin sözlərinə görə, yazıçı İsa Muğanna sağ olsaydı, birmənalı şəkildə Nobelə təqdim olunmasını istəyərdi: “Çünki o, Azərbaycan və dünya nəsrinə mühüm yeniliklər gətirib. Təbii ki, bunu deyəndə ilk öncə “İdeal” romanını, xüsusən də romanda irəli sürülən Odağüz sivilizasiyası və Odər dili haqqındakı təlimi, bir sözlə, Safağ elmini nəzərdə tuturam.

Bundan başqa onun öz əsərlərində dil və üslub baxımından folklordan məharətlə bəhrələnməsini, sovet rejiminin anti-humanist mahiyyətini ifşa etməsini, insan psixologiyasının incəliklərinə enməsini, qədim Şərq təlimləri, xüsusən də hürufiliyə söykənərək insanın ilahi mahiyyətini bədii cəhətdən əks etdirməsini, damlada dəryanı göstərmək kimi sufi düşüncəsini göz önünə alıram.

Ümumən, Muğannanın yaradıcılığını XX əsrin sonunda istər Azərbaycan, istərsə də dünya nəsrində bir neçə minillik bəşər elmi-fəlsəfi, bədii-estetik düşüncəsinə vurulan yekun kimi Nobelə layiq hesab edirəm. Təəssüf ki, iki amil onun Nobelə gedən yolunda səddə çevrildi: birincisi, o, sovet dönəmində yaşadığından və türk millətinin təmsilçisi olduğundan bu siyasi baxımdan mümkünsüz idi. Qısqanc və anti-türk Kreml buna icazə verməzdi.

İkincisi, onun ən böyük kəşfinin – Odər dilinin əsasında Azərbaycan türkcəsinin dekonstruksiyası durduğundan bunu başqa dilə - ingiliscəyə çevirmək, başqa dildə danışan adamlara anlatmaq mümkün deyildi”.

Əsəd Cahangir hesab edir ki, hazırkı yazıçılarımızdan Elçin, Afaq Məsud, Kamal Abdullanı modern və postmodern bədii nəsrdəki yeniliklərinə və çoxtərəfli yaradıcılıqlarına görə, Ramiz Rövşəni şeirlərindəki fəlsəfi dərinlik, Vaqif Bayatlını bununla yanaşı, həm də yeni poetik dil yaradıcılığına görə Nobelə təqdim edilməyə layiqdir: “Yeni nəsil yazarlardan Həmid Herisçi ironik dil və üslubuna, şeirlərindəki orijinal metaforizm, gözlənilməz qarşılaşdırmalar, bədii nəsrindəki postinsan konsepsiyası, kosmik və metafizik düşüncə miqyası, esseistikasındakı planetar genişlik və tarixi dərinliyə görə Nobelə haqq edir. Məncə, o Azərbaycan xalqının dilini o qədər yaxşı bilməsə də, müasir dünyanın dilini gözəl bilir”.

“Yazıçılar içində ancaq o…”

Yazıçı Rasim Qaraca yazıçı Çingiz Hüseynovu deyir: “Firkimcə. Azərbaycan yazıçıları içərisində Çingiz Hüseynov mümkün olan ən ali mükafatlara layiqdir”.

“Layiqlər çoxdur, ad çəksəm…”

Yazıçı Yunus Oğuz Nobelin siyasi xarakterli mükafat olduğunu düşünür:

“Bu mükafat siyasi xarakter daşıdığı üçün bizdən ora heç kəs düşmür. Amma layiq olanlar çoxdur. Onlar dünya səviyyəli ədəbiyyat adamlarıdır. Birini deyərəm, o biri inciyər, buna görə də ad çəkmirəm”.

“Gözəl və çəkicidir”

Şair Güntay Gəncalpın namizədi yazıçı Cavidan Xəlilovadır: “Onun “İsmin yeddinci halı” romanını oxudum. Çox güclü əsərdir. Romanı oxumağa başladıqdan sonra buraxmaq olmur. Ayrıca, dili də o qədər gözəl və çəkicidir ki, oxucu heç bir əziyyət çəkmir. Çox rəvan dili var. Ehtiva etdiyi mövzu dərin psixoloji mahiyyət ifadə edir. Kitabı oxuyub bitirdikdən sonra adam çox şad olur. Şad olur ki, zamanını boşuna xərcləmədi və çox dəyərli bir kitabla ruh halını zənginləşdirdi”.

“Bundan əminəm”

Yazıçı Ceyhun Musaoğlu hesab edir ki, bizdə Nobel mükafatı barədə ümumi təsəvvür yanlışdır: “Əlbəttə bilənlərimiz var, sadəcə söhbət ümumi bilgidən gedir. Nobeli yazıçı və şairin şeirinə, nəsrinə görə vermirlər. Yazıçı ədəbi düşüncə xətti boyu ardıcıl getdiyi üçün konkret strateji yol tutduğu üçün Nobelə layiq görülür.

Məsələn, 47 yaşında avtomobil qəzasında həlak olan fransız yazıçı Alber Kamyu “İnsan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə” 1957-ci ildə Nobel mükafatı alıb.

Yaxud 2015-ci ildə ədəbiyyat üzrə Nobelə layiq görülən belaruslu yazıçı Svetlana Aleksiyeviç “Çoxyönlü çalışmaları ilə günümüzün acı və cəsarətinə diqqət çəkdiyinə - bir abidə qoyduğuna görə” Nobelin sahibi oldu.

Əlbəttə, yazarın hansısa əsəri də təkan rolu oynaya bilər. Ancaq tək bir əsərlə gülşən olmaz. Biz bəzən belə deyirik: bir kitab yazıram, Nobel alacaq. Xeyr, kitab yox, yazıçı, onun düşüncəsi Nobel alır. Konkret, Azərbaycanda ardıcıl ədəbi süjet yarada biləcək yazıçı, şair təbii ki var. Sadəcə Nobel Komitəsinə bu yöndən müraciət etməli və ədəbi xəttinin orijinal olduğunu əsaslandırmağı, bu günə qədər kimsənin bu mövzunu işıqlandırmadığını sübut etməyi bacarmalıdır. Mən nə vaxtsa Nobel mükafatları tarixinə adımızın yazılacağına əminliyimi bildirirəm”.

“Hələ ki, bu səviyyədə yazıçı yetişməyib”

Tərcüməçi, yazıçı Nadir Qocabəyli hesab edir ki, yazıçı və ya şairin hədəfi hansısa mükafat olmamalıdır: “Digər tərəfdən, Nobel mükafatı almaq heç də ən yaxşı yazıçı olmaq deyil. Mən bir neçə Nobelçi yazarı tərcümə eləmiş, xeylisini də oxumuşam. Bu mükafatın verilməsində siyasi-ideoloji amillər mühüm rol oynayır. Tərcümə etdiyim yazıçılar arasında Vladimir Nabokovu, Xulio Kortasarı, Tomas Vulfu, Teodor Drayzeri böyük ədiblər hesab etsəm də, Nobel almayıblar. Çingiz Aytmatov da böyük yazıçıdır, ona da verməyiblər.

Bununla belə, Nobel mükafatı almış yazıçıların yaradıcılığı öz bədii keyfiyyəti, əhatəliliyi, orijinallığı, bəşəriliyi ilə seçilir. Mənim fikrimcə, Azərbaycanda hələ ki, bu səviyyədə yazıçı yetişməyib.

Bizim ədəbiyyatımız parodiyaçı ədəbiyyatdır, yəni, biz əsas etibarilə xaricdə yazılanları yamsılamaqla məşğuluq. Bunu özümüz bilməsək də, kənardakılar aydın görür. Xarici ədəbiyyatı az-çox mütaliə edən insanlar da bizdə orijinal ədəbiyyatın yaranmadığını bilirlər. Bunun səbəbi ədəbi məktəblərin, ədəbiyyat öyrədən məktəblərin, ədəbi mühitin, mütaliə mühitinin olmaması, ədəbiyyatın cəmiyyətdə əsas etibarilə düzgün dərk olunmaması, cəmiyyəimizin ədəbiyyatın önəmindən xəbərsiz qalmasıdır”.

Nadir Qocabəyli qeyd edib ki, xalqımız böyük yazıçı “doğa bilmir”: “Problem təkcə yazıçılıqla bağlı deyil. Digər sahələr də belədir”.

“Rafiq Tağını öldürməsəydilər”

Şair Aqşin Yeniseyə görə, bizim yazarlardan az-çox beynəlxaq satandartlara uyuğun yazanı Həmid Herisçidir: “Şairlərdən Ramiz Rövşən, Vaqif Bayatlıdır. Ədəbi canfəfşanlığına görə Rasim Qaracanı deyirəm. Öz əlini yazan Nəriman Əbdülrəhmanlı da bura daxildir. Bəlkə başqaları da var. Rafiq Tağı öldürülməsəydi, ən ideal namizıdimiz ola bilərdi”.

“Yaxın 10 ildə ölkəyə gəlməyəcək”

Şair Aqşin Evrənin sözlərinə görə, Nobeli son vaxtlar elə jurnalistlərə, müğənnilərə verirlər ki, kriteriya müəyyənləşdirmək mümkün olmur: “Yəni, konkret ad çəkmək olmur. Çağdaş nəsri dərindən bilmirəm, amma poeziyamız haqqında deyə bilərəm ki, dünyanın müxtəlif coğrafiyalarında yaranmış şeirdən qat-qat irəlidədir.

Bir fakt var ki, Nobel ədəbiyyat səviyyəsində yox, dövlət səviyyəsində həll olunur. Ona görə də yaxın 10 ildə onun ölkəyə gəlməsini gözləməyə dəyməz”.

“Bəzi mesajlara görə…”

Şair Emin Piri bildirib ki, dünyanın ən ciddi yazıçıları Nobel mükafatından kənarda qalırlar: “Bu mükafatın ədalətli verilmədiyini ən ciddi insanlar da etiraf edirlər.

Nobel bəzi punktlarına görə milli deyil, bəşəri mesajlara görə verilir. Həmçinin sağ qalanlara verilir. Ona görə də İsa Muğanna kimi digər rəhmətliklərin adını çəkə bilməyəcəm. Həmçinin gəncləri deyil, daha çox yaşlı nəsli nəzərə alırlar. Bəşəri mesajlara görə Afaq Məsud, Kamal Abdullanı qeyd etmək olar. Poeziyanın inkişafında Ramiz Rövşəni qeyd edə bilərəm”.

“Aqşini və özümü görürəm”

Şair Faiq Balabəylinin fikrincə, bir neçə yazıçımıza bu adı vermək olar: “Sadəcə yazarlarımızın əsərlərinin ingilis və digər dillərə tərcümə olunması çox ləng gedir. Özfəaliyyət şəklindən olduğuna görə hər kəs özünün bu ada layiq olması istiqamətində səylər göstərir. Dövlətin özünün də marağı olmalıdır.

Mən açığı, Azərbaycandan Nobelə şair Aqşin Yeniseyi namizəd görürəm”.

“Mən istəmirəm ki…”

Yazıçı Ömər Xəyyam isə hələlik belə bir namizədnin olmadığını deyib: “Təkcə ona görə yox ki, bu mükafat öz əvvəlki dəyərini, ciddiyyətini itirib, həm də ona görə ki, hazırda mükafatı verən İsveç Akademiyada təcavüz biabırçılığı var və mən istəmərəm ki, bizim qələm əhli belə bir haram əməllərin üstündə ucalan, şərdən, milli-mənəvi dəyərlərin tapdalandığı vakxanaliya kölələrindən mükafat alsın”.

“Hamıya bunu arzulayıram”

Yazıçı Ayxan Ayvaza görə, artıq Nobel almaq bir o qədər maraqlı deyil: “İsveç Akademiyasında qəribə oyunlar gedir. Mən sadəcə yaxşı mətn yazmaq istəyirəm. Hamıya da bunu arzulayıram”.

“Dünya nəsrinin son nailiyyəti hesab oluna bilər”

Yazıçı Mübariz Örənin namizədi həmkarı Kamal Abdulladır: “Şairlərdən heç kimi, amma yazıçılardan Kamal Abdullanın adını çəkə bilərəm. Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Unutmağa kimsə yox” romanları, “Səhvlərimizin qrammatikası” silsiləsindən olan hekayələri bütün parametrlərdə müasir dünya nəsrinin ən son nailiyyəti hesab oluna bilər”.

“Təəssüf ki, Avropa onu tanımır”

Yazıçı Dilqəm Əhməd hesab edir ki, Azərbaycanda bu mükafata layiq yeganə yazıçı Əlisa Nicatdır: “Yazıçı Əlisa Nicatın xoşuma gələn bir sözü var, deyir, Avropanın məni tanımaması mənim yox, Avropanın itkisidir.

Həqiqətən də təəssüf edirəm ki, Avropa Əlisa Nicatın romanlarından xəbərsiz qaldı. Xüsusən də, sovet rejimini yaşamış bir yazıçının qələmindən çıxan “Ehram”, “Artakserks” romanları son 10 ildə Azərbaycanda yazılmıs ən mükəmməl romanlardır.

Bu baxımdan, Azərbaycanda Nobelə layiq yeganə yazıçı Əlisa Nicatdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər