5 Oktyabr 2018 22:04
3 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyəti Parlamentinin 14 aprel 1919-cu il tarixli 29-cu iclasında rəis Həsən bəy Ağayevin gündəliyindəki məsələlərdən biri də belə idi: Göyçaydan Rza bəy Ağabəyov və Bakı Bələdiyyə idarəsindən Əsədulla Əhmədov və Əsəd bəy Əmirovun məbus intixabı (yəni adıçəkilən şəxslərin parlament üzvlüyünə seçilməsi).

On gün sonra, 24 apreldə Həsən bəy Ağayev çıxışında bildirir: “Hər kəs Bakı Duması tərəfindən Əsədulla Əhmədov ilə Əsəd bəy Əmirovun seçkisini dürüst və qanunamüvafiq hesab edirsə, əlini qaldırsın”.

Əllər qalxır. Əksəriyyət tərəfindən qəbul edilir.

Bununla da Azərbaycan Parlamentinə Bakı şəhər idarəsindən bitərəf millət vəkili daxil olur: Əsədulla Əhmədov

***
Əsədulla Əhməd oğlu Əhmədov 1867-ci ildə Şamaxıda doğulub. Şamaxıda baramaçılıqla məşğul olan atası Əhməd bəy baramaçılıq üzrə ilk artelləri yaradıb, xeyriyyəçiliklə məşğul olub.

İlk təhsilini mədrəsədə alan Əsədulla bəy 9 yaşında ikən atasını itirib, Hacı Zeynalabidin Tağıyevin yaxın qohumu dayısı Əlabbas Tağıyev onu himayəsinə götürüb, Bakıya aparıb. Burada dayısının evində yaşayan Əsədulla fərdi müəllimlərdən dərs alıb, alman, rus, fransız dillərini öyrənib.

1880-ci ildən dayısına məxsus dükanlarda çalışıb. Ticari qabiliyyətini inkişaf etdirən Əsədulla bəy “Bakinskiy Lombard” aksioner cəmiyyətinin idarə heyətinin üzvü, daha sonra sədri olub.

1883-cü ildə dayısının qızı Səyyarə Tağıyeva ilə ailə həyatı qurub.

Əsədulla Əhmədov Bakıda xeyriyyəçilik fəaliyyətinə başlayıb, Bakı şəhər Dumasının üzvü olub. Bakıda və Şamaxıda öz vəsaiti hesabına kitabxanalar açıb. 1902-ci ildə Şamaxıda zəlzələ olarkən ziyan görən sakinlərə yardım edib. Şamaxı zəlzələsi zamanı orada çəkilən Həsən bəy Zərdabinin də olduğu məşhur fotoşəkildə Əsədulla bəy də yer alıb. (Sağdan ikinci)
Əsədulla Əhmədov Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk iclasında 11 nəfərdən ibarət idarə heyətinin üzvlərindən, həmçinin “Nəşri-maarif” cəmiyyətinin təsisçilərindən olub.

“Nəşri-maarif” Cəmiyyəti haqqında Nəsiman Yaqublu yazır: “1906-cı ilin 1 avqustunda Cəmiyyəti təsis edənlərin ərizəsinə əsasən (Bakı taciri - Əsədulla Əhmədovun, şəhər dumasının üzvü İsmayılbəy Səfərəliyevin, Bakı taciri Ağahüseyn Tağıyevin, dumanın üzvü Məmmədhəsən Hacılının, Neft sənayesi sahibi Həsən Mustafayevin, Bakı taciri Əliağa Həsənovun) Bakı cəmiyyətləri işləri üzrə quberniya buradakı müsəlman əhalinin arasında savadın yayılması ilə bağlı Bakı Cəmiyyətinin nizamnaməsini təsdiq etməyi qərara aldı. 1906-cı ilin 24 noyabrında keçirilən yığıncaqda İdarə Heyətinin sədri Hacı Zeynalabdin Tağıyev seçildi. Cəmiyyətin işində fəal iştirak edirdilər: M.H.Hacılı, Q.Qarabəyov, İ.Aşurbəyov, M.Muxtarov, A.Ağayev, M.Nağıyev, A.İ.Cəfərov və başqaları. Cəmiyyət savadın və ibtidai təhsilin yayılmasında yardımı əsas götürürdü. Bu işin həyata keçirilməsi üçün cəmiyyət mövcud məktəblərə, mədrəsələrə kömək etməyi və ya onları öz vəsaitləri ilə açmağı vacib sayırdı… Ümumilikdə 1907-1912-ci ilə qədər maarifləndirici cəmiyyətin 15 məktəbi açılmışdı ki, onların saxlanmasına 32656 rubl sərf edilmişdi”.

Parlamentdəki çıxışları

Azərbaycan Cümhuriyyəti Parlamentinin 29 iyul 1919-cu il tarixli 60-cı iclasında müzakirə edilən məsələlərdən biri əsgəri xidmətin müddəti barəsində qanun layihəsi olur.

Mövzu ilə bağlı Əsədulla Əhmədov da çıxış edir, təkliflərini verir:
“Biz də arzu edərdik ki, millətlər arasında heç dava olmaya idi və qan tökülməyə idi. Amma siz bilirsiniz ki, əsgəri müdafiədən ötəri biz istəyirik. Hücum etməyi heç bir vaxt xəyal etməyirik. Biz öz məmləkətimizdə rahat əyləşə bilməliyik, özümüzə gələn bəlanın qabağını saxlamalıyıq. Biz gərək bəndin qabağını saxlayaq. Bəndi möhkəm edək, möhkəm etməsək sel onu bərbad edər. Qoşun istəyirsən olsun. Fəqət unutmamalıdır ki, əsgər sözü ləfz də deyil əməldədir. Şamxor hadisəsində vaqon gələndə səngərdən atırdılar. O dava deyil, davada ələ tüfəng alanda qorxmamalı, qorxdu evi yıxıldı. 47 əsgər səkkiz min adamın qabağına qalxmışdı. Amma küçələrdən yığılan əsgər, müntəzəm əsgərin qabağında davam edə bilməz. Bu cür məsələlər müzakirə edilərkən onların barəsində yaxşı düşünülməlidir. Bir il tərbiyə görmək, bir il əmrə baxmaq özü də təlimdir. Təlim və tərbiyyə-əsgəriyyə bir ayda, altı ayda, bir ildə olan deyildir.

Yaxşı nizam görmüş qırx nəfər əsgər icabında bir qalaya bədəldir. Amma nizamsız əsgər, küçədən yığılanlar, tüfəngləri yerə tökürlər. İnad lazım deyil. Yalnız o fikri müdafiə edənlər, əsgərlik görməyən və bilməyənlərdir. Mən dörd il əsgərlik müddəti olmasını istərdim. Fəqət indiki zamanı nəzərə alaraq komisyonun rəyinə mən də şərikəm. Əsgərlik müddəti iki il olsun. Madam ki, məmləkətimizi müdafiə etmək istəyirik; madam ki, qara qüvvələrin qarşısını saxlamaq istəyirik; o zaman müdafiə lazımdır. Müdafiə də əsgər ilə olur. Martdan qabaq və sentyabrda bizə təcrübə göstərdi ki, küçədən tutulub cəbhəyə göndərilənlər iki saatdan sonra qaçırdı. Tacir, bəzzaz, əsnaf, kim olursa olsun təlim görməsə heç bir şey edə bilməz. İştə hərbşünaslar düşünərək iki il təyin etmişlərdır. Mən də, öz firqəmiz tərəfindən müddəti - əsgəriyyənin iki il olmasını təklif edərəm”.

Parlamentdəki bəzi çıxışlarında Əsədulla bəy Bakı şəhərindəki və dumadakı vəziyyətdən bəhs edir, problemləri açıq şəkildə sadalayır. Onun parlamentdəki ən maraqlı çıxışı isə erməni vəhşiliyi və bundan xilas yolu ilə bağlıdır. 9 mart 1920-ci il tarixli 132-ci iclasda Əsədulla Əhmədov aşağıdakı çıxışı edir:

“Mən indi əlli yaşına keçmişəm, təcrübələrlə görmüşəm ki, daşnaq firqəsi iş başında olduqca erməni füqərası dinc olmayacaq. O məqsəd ki, daşnaqlar özləri üçün götürüblər, mən uşaqlıqdan görürəm ki, o bu fəlakəti verəcək. Nə qədər hökumətlər dəyişir, sosialistlər olur, menşevik olur, daşnaqların nəzərində biz yenə də müsəlmanıq. Osmanlı olur, bolşevik olur, yenə müsəlmanıq. Onların məqsədi müsəlmanları qırıb məhv etməkdir. Bu artıq bir həqiqətdir... Mart hadisələrində bir həyətdə deyil, bir evdə 24 cocuq ölməsini gözümlə görmüşəm. Məncə, bunun müxtəsər bir çarəsi var, biz də yığılıb bir daşnaq firqəsi düzəltməliyik. Nə qədər ki, böylə etməmişsiniz, siz müsəlmanlar qırılacaqsınız. Bunu düzəltməlisiniz və ancaq əməldə etməlisiniz. Bu yol ilə ki, onlar gəlir, biz də o yol ilə onları qarşılamalıyıq. Vəhşiliyə və canavarlığa qarşı kulturnu yol heç çarə edəməz. Mən onların injenerlərini, həkimlərini, raboçilərini, hamısını əli tüfəngli, güllə atan gördüm. Hökumət dedi sülh yolları arayayım.

Mən öylə qorxuram ki, bu əhvalat qabaqda olduğu kimi nəticə verməsin. Məncə, camaatın qabağını kağızla saxlamaq mümkün olmayacaq. Camaatın başı görüb. Ona görə təklif edirəm ki, camaatın xahişilə rəftar edəsiniz. Mənim 50-dən artıq yaşım var, mən heç görməmişəm ki, ermənilər döyüləndən sonra ağlasınlar. Həmişə döymüşlər, həm də ağlamışlar. Biz müsəlmanlara deyirlər ki, vəhşisiniz. Məncə ən böyük vəhşilik insan öldürməkdir ki, onu da əlinizdən alıblar. Daha bizdə nə vəhşilik qaldı... Bizim bir çarəmiz budur ki, əlimizdən alınmış vəhşiliyi yenə əlimizə alaq, nə olub, insaf elə bizə qalıb, nə oldu ki, biz İsveçrədən də yaxşı olduq. Bu üsuli-idarənin nümunəsini bizdən aldıq. Necə, nə üçün, biz avropalılardan da insaflı olduq? Kiçik millətlərin də dərdinə düşdük. Halbuki, o kiçik millətlər bizim boynumuza çıxıb başımızı kəsirlər. Mən öylə bilirəm ki, nota ilə bir şey olmaz. Qarabağda bir şey oldu, o saat nümayəndələr göndərildi ki təhqiq etsinlər. Onlar isə təhqiq əvəzinə dava vəkili kəsilərək erməniləri müdafiəyə başladılar. Daxilimizdə əhval böylə ikən İrəvana adam göndərib, təhqiqat icra etmək, həqiqəti açmaq mümkün olarmı? Onlar bizə deyirlər ki, qətiyyən daxili işlərimizə qarışmayınız. Biz də böylə işlər görməliyik ki, onlar bizim daxili işlərimizə qarışa bilməsinlər”.

Kərim Kərimovun babası

1930-cu ildə Bakı şəhərində NKVD müstəntiqi tərəfindən yazılmış dindirilmə protokolunda Əsədulla Əhmədov ailəsi haqqında bunları deyir: “Üç oğlum, iki qızım var. Məhəmmədhəsən, Sadıx, Ələsgər, Süriyyə və Fatimə. Hazırda hərbi hissədə xidmət edən balaca oğlum Ələsgərlə və nəvələrim 12 yaşlı Kərimağa, 9 yaşlı Süleyman və 6 yaşlı Mustafa ilə birlikdə yaşayırıq”.

Əsədulla bəyin qeyd etdiyi Kərimağa Azərbaycan və SSRİ tarixində önəmli rol oynayan, Sovet kosmik proqramının banilərindən, SSRİ dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, pilotlu hava gəmilərinin uçuşlarına nəzarət edən Dövlət Komissiyanın 25 il sədri, adı hər bir azərbaycanlıya qürur bəxş edən general-leytenant Kərim Kərimovdur. Kərimovun anası Əsədulla Əhmədovun qızı Süriyyə xanım beşinci övladını dünyaya gətirərkən həyatını itirib. Kərimağa qardaşları Mustafa və Süleyman babası Əsədulla ilə nənəsi Səyyarənin evində böyüyüb, onların himayəsi altında tərbiyə alaraq həddi büluğa çatıblar. Kərim Kərimovun atası Abbasəli Kərimov Sankt-Peterburq Texniki Universitetinin mühəndislik fakultəsini bitirib.

Kərim Kərimovun görkəmli şəxsiyyət kimi yetişməsi bilavasitə babası Cümhuriyyət deputatı Əsədulla Əhmədovla bağlıdır.

Əsədulla Əhmədovun həyatdan köçməsinə əsas səbəblərdən biri nəvəsi Kərimağanın balaca qardaşı Süleyman Kərimovun faciəli ölümü olur.

Süleyman 1941-ci ildə SSRİ-nin Ukraynadakı sərhəd qoşunlarında zastava komandiri idi. Onun komandir olduğu zastava Vermaxt hissələrinin hücumlarına sipər gəlib. Hərbi anda sadiq qalan zastava igidliklə həlak olub. Bu xəbər Əsədullanı sarsıdıb. 1941-ci ildə Əsədulla bəy Bakı şəhərində vəfat edib.

***
15 sentyabr 2018-ci il. Bakının işğaldan azad olunmasının yüzüncü ildönümü Azərbaycan və Türkiyə hərbçilərinin paradı ilə qeyd olunur. Qırıcılar səmaya Azərbaycan bayrağı nəqş edir, insanlar böyük coşqu ilə paradı seyr edirlər. Bu tarixi gündə professor Ədalət Tahirzadə zəng elədi, Cümhuriyyət deputatlarından Əsədulla Əhmədovun nəvəsi Oktay bəylə görüşəcəyimizi söylədi. Həvəslə M.F.Axundov bağı ətrafındakı görüş yerinə getdim. Ədalət bəy Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvləri ilə bağlı hazırladığı kitabla bağlı Oktay bəylə söhbətləşdi. Mənə də bu tarixi söhbəti qeyd etmək öhdəliyi düşdü. Oktay bəydən babası ilə bağlı maraqlı məlumatlar öyrəndik.

Oktay bəy bunları söylədi bizə:
“Əsədulla Əhməd oğlu Əhmədov mənim atamın atası, doğma babamdır. Atası rəhmətə gedəndən sonra 9 yaşında olan Əsədullanı dayısı Bakıya gətirir. Əsədullanın dayısı Əlabbas Tağıyev milyonçu tacir olub, Hacı Zeynalabidin Tağıyevin yaxın qohumlarından idi. Əsədulla dayısı Əlabbasdan çox yaxşılıqlar görüb. Ona Avropada təhsil almış müəllimlər dərs deyib. Alman, rus, fransız dillərinə mükəmməl yiyələnib. Əsədullanı bacarıqlı, istedadlı gənc olduğunu görən dayısı ticarət sahələrinin çoxunu ona tapşırıb. Hacı Zeynalabidin Tağıyev mühüm ticari sazişlərin bağlanmasında Əsədullanın biliklərindən faydalanıb. Hacının adına gələn mətbuatı və vacib sənədləri Hacı Əsədullaya həvalə edib. Tağıyevin xeyir-duası ilə dayısı qızı Səyyarə Tağıyeva ilə evlənib. Beş övladı olub. Onun atamdan savayı böyük oğlu Məhəmmədhəsən, ortancıl oğlu Sadıx, iki qızı Süriyyə və Fatimə olub. Mən ən kiçik oğlu Ələsgərin oğluyam. Atam 1905-ci ildə Mərdəkan qəsəbəsində doğulub. Mərdəkanda babamın böyük bağı olub, Sovetlər sonradan oranı polis məktəbi ediblər. Mənim atam Leninqrad şəhərində ali hüquq təhsili alıb. Bakıya qayıdıb məhkəmədə xidmət edib, ona görə də Cümhuriyyətdən sonra babamı repressiyalardan qoruya bilib.

Əsədulla babam əvvəlcə indiki Mustafa Sübhi küçəsində bir müddət yaşayıb, sonra oradan mənim hazırda yaşadığım Əhməd Cavad 6 küçəsindəki evimizə köçüblər. Kərimağa qardaşları ilə bizim evdə böyüyüb. Atası Abbasəli həftələrlə neft buruqlarında işləməyə gedərdi. Onlara ərəb əlifbasını və dini bilikləri verən də elə Əsədulla babam olub. Sovet dönəmində əlindən alınan beş evindən, iyirmidən çox dükan və neft yatağından ona qalan bir neçə dükanı idarə edib. Yəni Cümhuriyyətdən sonra əvvəlki ticarət işlərinə qayıdıb. Atam danışardı ki, Kərimağa qardaşları ilə hər gün Əsədulla babalarının dükanına gəlib hədiyyələr alardılar. Kərimağa təhsilində əldə etdiyi uğurlara mükafat olaraq babasından aldığı pullara radio detalları alıb 12 yaşında radio-qəbuledici düzəltmişdi. Sonradan nəvələr böyüyüb ali təhsil almaq üçün babalarından ayrılıb, Moskva, Leninqrad şəhərlərinə gediblər. Həmin vaxt atam zabit idi, hərbi hissədə xidmət edirdi. 1941-ci ildə babam Əsədulla rəhmətə getdi. Babamın məzarı sonralar Kirov parkına çevrilən Çəmbərəkənddə idi. Sonra atam məzarı Yasamal qəbiristanlığına köçürüb dəfn edib”.
Yeri gəlmişkən, qeyd edək ki, Səməd ağa Mehmandarovun məzarı da Çəmbərəkənd məzarlığında idi, onu daşıyacaq kimsə olmadığına görə məzar itib.
Oktay bəy bizə Əsədulla bəyin yoldaşının fotoşəklini də göstərir: “Bu fotoşəkil 1923-cü ildə Batumda çəkilib. Nənəmdir, yəni Əsədulla Əhmədovun həyat yoldaşı Səyyarə Əhmədova (Tağıyeva.) Şəkildə nənəmin qucağındakı uşaq nəvəsi Murtuzadır. Əsədullanın oğlu Sadıx ilə arvadı Umxanımın oğlu. Sadıx otuzuncu illərin əvvəlində Azərbaycanın İstanbuldakı konsulluğunda diplomatik korpusun üzvlərindən biri olub. Bizdə bir fotosu var idi, İstanbulada çəkilib. Taxta körpüdür, yoldaşı Umxanım Əhmədova (Muxtarova) ilə maşında oturublar. Sadıxın arvadı Umxanım Muxtarova opera balet teatrının aparıcı solisti olub, bəstəkar Reynqold Qliyer “Şahsənəm” operasını ona həsr edərək bəstələyib.

Umxanım milyonçu mesenat Murtuza Muxtarovun övladlığı olub. Oğluna da Murtuza adını Murtuza Muxtarovun şərəfinə qoyub. Balaca Murtuza 13 yaşında 1937-ci ildə Bakı kinostudiyasınn istehsalı olan “Dəcəl dəstə” filmində baş rolda, Heydər rolunda çəkilib. Murtuza Əhmədov sonralar 1941-1945-ci il müharibəsinin ilk günlərindən sonuna qədər kapitan rütbəsində Berlinə qədər vuruşdu. SSRİ Ədliyyə Nazirliyi mərkəzi aparatında general rütbəsinə qədər yüksəlib. Bir neçə hüquq elminə aid kitabların müəllifidir. Biz hazırda babamın Murtuza Muxtarovdan aldığı evdə yaşayırıq. “Bizim Cəbiş müəllim” və bir çox filmlərin çəkildiyi həyət, indiki Əhməd Cavad 6 küçəsində...”.

Qaynaqlar:

1. İbrahimov A, “Kosmos fatehlərinin sərkərdəsi”. “Respublika” qəzeti, № 249 (5992), 14 noyabr, 2017
2. “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament (Stenoqrafik hesabatlar). I-II cildlər”, Bakı, 1998.
3. Yaqublu N, “Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi. İlk QHT-lərin yaranması və fəaliyyəti”. “525-ci qəzet”, 31 yanvar, 2014.
4. Əsədulla Əhmədovun nəvəsi Oktay Əhmədovla 15.09.2018-ci il tarixli söhbət.

5. Professor Ədalət Tahirzadənin foto arxivi.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər