Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri müharibəyə təşviq kimi qiymətləndirilməlidir. Bu təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi analitik Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, xüsusilə, iki ölkə lideri təmas xəttində insidentlərin qarşısının alınması üçün addımların atılması ilə bağlı razılıq əldə etdiyi bir vaxtda belə bir səfərin reallaşması ayrı məna kəsb edir:
“Aydındır ki, bu təşəbbüs hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb. Anna Akopyanın səfər zamanı vərəqdən oxuduğu bəyanat ondan xəbər verir ki, onun Dağlıq Qarabağ münaqişəsinə dair heç bir məlumatı yoxdur. Bu, sadəcə göstəriş üçün atılan addımlardır. Bir sözlə, Anna Akopyanın siyasi savadının olmamasından irəli gəlir”.
E.Aşırlı qeyd edib ki, A.Akopyanın Azərbaycan torpaqlarına səfərlər təşkil etməsinin əsas məqsədlərindən biri də qondarma rejim tərəfindən N.Paşinyana qarşı yarana biləcək hərbi çevriliş cəhdlərinin qarşısını almaq və “DQR” rejimi ilə Paşinyan arasındakı münasibətləri tənzimlənməkdir:
“Digər diqqətçəkən məqam isə odur ki, Nikol Paşinyanın həyat yoldaşı Rusiyaya da səfərlər təşkil edir və Moskva telekanallarına müsahibələr verir. Bu da onu göstərir ki, Anna Akopyan əri Nikol Paşinyandan fərqli olaraq, Rusiya ilə münasibətlərin normallaşmasına səy göstərir”.
Analitik əlavə edib ki, A.Akopyan tərəfindən Azərbaycan torpaqlarına qanunsuz səfərlərin təşkili, səsləndirilən bəyanatlar populist və ultra-şovinist millətçi təfəkküründən başqa bir şey deyil:
“Yeni Ermənistan hökuməti bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Onu da vurğulayaq ki, artıq Azərbaycan Xarici İşlər Nazirliyi səfərdə iştirak edən şəxslərlə bağlı məlumatların araşdırıldığı və bu şəxslərin müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəyinə dair rəsmi açıqlama verilib”.