10 Oktyabr 2018 11:40
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən əsas fəaliyyətini “Qarabağ klanı”nı neytrallaşdırmaq istiqamətində qurub. Sirr deyil ki, Ermənistan de-yure müstəqillik qazansa da, de-fakto bu ölkə Rusiyanın bir quberniyası vəziyyətindədir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Vasif Əfəndi deyib.

Onun sözlərinə görə, bu ölkənin rəhbərliyi birbaşa Rusiyanın siyasi layihələri əsasında qurulurdu:

“Nikol Paşinyanın gözlənilmədən hakimiyyətə gəlməsi isə Rusiyanın planlarına ciddi şəkildə təsir etdi. Paşinyan sözdə Rusiyanı ən yaxın müttəffiq saysa da, Avropaya inteqrasiya istiqamətində davamlı iş aparır. Avropa İttifaqı ölkələri isə korrupsiyalaşmış bir dövləti öz sıralarına almayacaqlarını da, onun diqqətinə çatdırıblar.

Hesab edirəm ki, ”Qarabağ klanı” tərəfindən idarə olunan Ermənistan tamamilə korrupsiyalaşmış və anti-demokratik bir dövlətə çevirilmişdi. Paşinyan isə ölkədə böyük şəbəkə qurmuş bu klanla mübarizədə böyük çətinliklər çəkir. Buna görə də, Ermənistanın dövlət başçısı yenidən tərəfdarlarına müraciət edərək, onları küçələrə çıxmağa çağırdı və ciddi təzyiqlə 2019-cu ilin may- iyun aylarında keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinin vaxtını bu ilin sonuna çəkməyə nail oldu”.

Vasif Əfəndinin qənaətinə görə, Paşinyanın bu addımı ilə ilk növbədə öz hakimiyyətini möhkəmləndirmək məqsədini güdürsə, digər tərəfdən bu, Avropa ailəsinə qoşulmaq cəhdidir:

“Rusiya Paşinyanı bu addımından çəkindirmək üçün müxtəlif variantlarda siyasi və iqtisadi təzyiqlər etsə də, Paşinyan öz kursundan geri çəkilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər