11 Oktyabr 2018 09:01
2 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz canlı dölü yox, inkişafdan qalanları abort edirik, çünki uşaqlıq onu özündən atanda daha çox qanaxma verir və qalıb orda iltihablaşır. Biz onu məcbur çıxardırıq ki, uşaqlıq dincəlsin və infeksiya olmasın.

Bu sözləri Teleqraf.com- a abortların artması ilə bağlı fikirlərə münasibət bildirən cərrah, mama-ginekoloq Pərvanə Mahmudova deyib.

Onun sözlərinə görə, abortların artmasının başlıca səbəbi var: “Cavan uşaqlar nikahdan kənar hamilə qalanda onu ört-basdır etmək üçün aborta əl atırlar. Eyni zamanda ailədə kimin ki, uşağı saxlamağa imkanı yoxdur, onlar da abortu seçirlər. Hazırda sonsuzluq baş alıb gedir, abortdan çox sonsuzluğa görə müraciət edənlər var. Bu da qidalardan, həyat tərzindən və ən əsası, uşaqlıqda nəzarətsiz qalamaqdan irəli gəlir.

Sonsuzluq problemi yaşayanların bir çoxu uşaq vaxtı hər hansı xəstəlik keçirir, cinsi orqan zədələnir və uşaqda sonsuzluq problemi yaranır.

Sözsüz, süni abortlar da sonsuzluğa bir şəraitdir ki, qız uşağı gizlincə ilk uşağını abort edir və sonsuzluq başlayır. Uşaqlığın daxili reseptor aparatı pozulur, sonra hamiləlik normal inkişaf eləmir.

Mənə elə gəlir, abortların qarşısını almaq üçün birinci təbliğat getməlidir ki, qız uşaqları kəbindən kənar bu yola getməsinlər. Onlar cinsi əlaqədə olurlar, hamilə qalırlar, gizli saxlamaq üçün hər hansı natəmiz, normal olmayan, qeyri-professional həkimin yanına gedirlər. Nəticədə abort vaxtı uşaqlıq zədələnir.

Əslində təbliğat məktəbdən başlanmalıdır. İndiki dövrdə səhər uşağı məktəbə qoyuruq, axşam götürürük, uşağa nəzarət edə bilmirik. Uşaq gün ərzində internetdən lazım olmayan informasiyanı alır, 10 yaşda 16-17 yaşa qədər qızları nəzarətdə saxlamaq lazımdır ki, hormonlar onları başqa yola çəkməsin. Qızlarla yanaşı, oğlanlar arasında da təbliğat aparmalıdır. Televiziyada da lazım olmayan informasiyalar çoxdur, uşaq səhv yola yönəlir”.

Həkim qadınların normal doğuşdan daha çox qeysəriyyə əməliyyatına yönəlməsinə də açıqlıq gətirib: “Qadınlarımız əvvəlki qadınlar deyil, o vaxt hər şey normal idi. İndi insanların əsəb sistemi o qədər pozulub ki, əksəriyyəti doğuşdan qorxur. Mənə görə, doğum daha məsləhətdir, çünki bundan sonrakı dövr daha rahat keçir, amma qeysəriyyə əməliyyatından sonrakı dövrdə yenidən hamilə qalma problemi yaranır.

Amma bəzən elə fərqli vəziyyətlər olur ki, qadının doğmasına risk yaranır. Kənardan demək olmaz ki, doğuş və ya qeysəriyyə doğrudur. Hər hamilə qadına yanaşma ayrıdır.

Bəzi hallarda ananın həyatından söz gedir. Çox vaxtı buna doğum vaxtı qərar verilir. Bu zaman hər dəqiqənin rolu var ki, uşaq sağ doğulsun.

Psixologiya, sinir sistemi, qorxu, neçə illərdən sonra hamilə qalanların stressi qadınları qeysəriyəyə yönəldir. İndi uşaq sahibi olmaq istəyənlər o qədər məlumatlı olurlar, az qala həkim qədər bilirlər. Süni mayalanma edənlər də özlərini riskə atmadan əməliyyata üstünlük verirlər.

Mən inanmaram ki, hər hansı həkim öz xəstəsinin həyatını riskə atar. Özüm həkim olsam da çalışıram uşağımı tanıdığım-bildiyim həkimə aparım, hamının yanaşması fərqlidir”.

Həkim deyir ki, planlı şəkildə uşaq sahibi olmaq lazımdır: “Aborta getməzdən qabaq qorunma üsullarından istifadə etmək gərəkdir. Abort təhlükəli əməliyyatdır, bu vaxtı sidik kisəsi, uşaqlıq zədələnə, infeksiya düşə bilər”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər