Bu gün Beynəlxalq qızlar günüdür.
Teleqraf.com xəbər verir ki, dünya qız uşaqları günü 2011-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilib və hər il oktyabr ayının 11-də qeyd olunur.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Bəs Azərbaycanda qız uşaqları hansı problemlərlə rastlaşır?
Bu sualla müxtəlif sahənin adamlarına müraciət etdik.
Siyasətçi Razi Nurullayevin fikrincə, Azərbaycanda qız uşaqlarının ciddi təhsil problemi var: “ Xüsusən kənd yerlərində qız uşaqlarının təhsil almasına maneçilik törədilir və onlar erkən ərə verilir. Əgər mənim səlahiyyətim olsaydı, 18 yaşından tez qızların ərə verilməsini tam əngəlləyər və qanunu pozanlara qarşı ən sərt tədbir görərdim.
Əlavə olaraq, düşünürəm ki, qız uşaqlarının təhsili, peşəyə yiyələnməsi və cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası ilə bağlı qanun olmalıdır. Birinci növbədə, qız uşaqlarının hamısının tam orta təhsil və ali təhsil almasına nail olmaq ehtiyacı var. Bu bizim cəmiyyətimizin inkişafı və xürafatçılığın aradan qaldırılması üçün vacibdir”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, qızların ən böyük problemi hansısa hadisə baş verdikdə ona tənə vurulacağından qorxması, öz hüquqlarını kifayət qədər müdafiə edə bilməməsidir: “Hələ də bizim cəmiyyətdə kişilər düşünür ki, qızların hüququnu ancaq onlar qoruya bilər. Halbuki hər bir insan şəxsiyyət kimi formalaşmalı, özünümüdafiə bacarığına yiyələnməlidir”.
Jurnalist Fatma Hüseynova deyir ki, Azərbaycan son illər qız uşaqlarının abortuna görə ön sıralardadır: “Qanunvericiliklə bunun qarşısını almağa çalışsalar da, təəssüf ki, mümkün olmur. Qızlar hələ ana bətnində olanda valideynləri tərəfindən ölümə məhkum olunmaq təhlükəsi ilə üzləşirlər. Qızlar arasında təhsildən yayınma da oğlanlarla müqayisədə çoxdur.
Erkən nikahlarla bağlı nə qədər təbliğat aparılsa da, nəticə yoxdur, yenə də qızlar uşaq ikən qohum evliliyinə məcbur olunur, ərə verilir, bu da ana ölümlərinin, qüsurlu uşaqların doğulmasının artmasına səbəb olur.
Ailədaxili cinayətlərdən ən çox əziyyət çəkən qadınlardır, ən pisi bu zaman namus faktorunun qabardılıb belə cinayət törədənlərə az qala qəhrəman kimi baxılmasıdır. Əxlaq, namus kimi məfhumların adı çəkiləndə ağıla gələn ancaq qızlardır. Heç kəs küçədə oğlanları, kişiləri davranışına, oturuşuna, geyiminə görə qınamır.
Karyera baxımından da qadınlara Azərbaycanda çətindir. Qadın daha çox əməkhaqqı az olan işlərdə çalışa bilər. Küçədə təmizliklə məşğul olanların 99 faizi qadınlardır. Hər gün neçə qəza olur, reydlərdə nə qədər sürücü saxlanılır. Amma təsadüfən bir qadın qəza törədəndə hətta bizim ən öndə gedən, müasir fikirli mətbuat nümayəndələrimiz də başlığa “qadın sürücü” ifadəsini çıxarır”.
Pediatr Ülvi Əliyev qız övladlarına ayrı-seçkiliyi cahillik nişanəsi hesab edir: “Ailədə qızlarla bərabərhüquqlu davranılmalı, təhsil şərait yaradılmalıdır. Təəssüf ki, ölkəmizdə nəslin davamını oğlan övladında görən, “qız yükü, duz yükü” fəlsəfəsi ilə uşaqlarını erkən yaşda evləndirməklə ali təhsil almasının önünə sədd çəkən valideynlərə rast gəlinir.
Evdəki övladın tərbiyəçisi rolunda daim ana çıxış edib, mərkəzi fiqur ana olub. Tərbiyəçi savadsız olarsa, şagird ondan nə öyrənə bilər? Qadına qarşı zorakılıq, alçaldılma halları ailədəki uşaqların da psixologiyasını pozur. Digər yandan, gənc qızların ailə qurmazdan əvvəl sağlıq problemlərinin dilə gətirə biləcəyi gənclik poliklinikalarına ehtiyac var”.
“Azvision.az" portalının baş redaktoru Vüsal Məmmədovun fikrincə, Azərbaycanda qız uşaqları axmaq valideyn problemi ilə qarşılaşırlar: “Qız uşaqlarının yeganə problemləri odur ki, valideynləri cahil, savadsız və avam olur”.
Təhsil eksperti, professor Şahlar Əsgərovun fikrincə ən gözəl sözü Hacı Zeynalabdin Tağıyev deyib: “Əgər bir oğlana təhsil versəniz bir kişini savadlı edırsiniz, əgər bir qıza təhsil verərsənizsə ailəni savadlı edərsiniz. Ona görə də qızların təhsil alması çox vacib məsələdir, hansı ailələr ki, qızları erkən məktəbdən çəkindirir, onun gələcəyinə balta vururlar. İntellektual baxımdan qadınla kişinin fərqi yoxdur. Baxsanız bütün bəşəri ixtiraları kişilər edib, qadın yoxdur. Amma qadınlar ölkə başçısı, sərkərdə olub, qadının ilahi vəzifəsi ana olmaqdır.
Qızlar sənət seçəndə də diqqətli olmalıdırlar. Valideynlər qızların gələcək sənət seçimində maneçilik etməsinlər”.
Jurnalist Rəsul Mirhəşimli deyib ki, ölkədəki problemləri ümumən hamı yaşayır, lakin qızlar bu problemləri bir qədər fərqli qarşılayır: “Təəssüflə qeyd etmək lazımdır ki, hələ də cahillik dövründəki kimi qız övladlarının dünyaya gəlməsinə görə pərişan olan, qızlarına xor baxan valideynlərə rast gəlmək mümkündür. İnsanlar həyata bir İslam hikməti, müsəlman düşüncəsi ilə baxsalar, anlayarlar ki, ailədə dünyaya gələn qız övladı gələcəyin anasıdır. Dinimiz də cənnəti anaların ayaqları altında qərar verib.
Bu gün ölkədə qızların üzləşdiyi problemlərdən ən böyüyü onların erkən yaşda ərə verilməsidir.
Bəziləri bu nikahları da islama bağlamaq istəyirlər. Çox yanlış düşüncədir. İslam övladlarının razılığı olmadan ərə verilməsi, yaxud evləndirilməsini haram sayır”.
Hüquqşünas Günel Səfərova hesab edir ki, qızların yaşamaq hüququndan tutmuş idarəetmədə təmsilçilik hüququna qədər pozuntuya rast gəlinir: “Qanunvericilikdə Azərbaycanda ideal gender bərabərliyi var, lakin icrada və mədəniyyətdə durum fərqlidir. Mən məsələyə hüququ təmsil edən vətəndaş prizmasından baxıram.
Eyni zamanda cəmiyyətdəki stereotiplərin, məsələn, “uşaq mənimdir, özüm bilərəm”, “qız uşağı danışmaz”, “qızsan, yerini bil” məhdudiyyətlər və sair üzərində ciddi iş aparılmalıdır. Təhsil, təhsil, yenə də təhsil... Məsələnin həllində bu, böyük rol oynayır”.
Jurnalist Könül Cəfərli cəmiyyətimizdə ailələrin daha çox oğlan övladına üstünlük verdiyini təəssüflə vurğulayıb: “Selektiv abortlar heç kimə sirr deyil. Çünki ictimai təfəkkürümüzdə oğul qızdan üstündür. Qızlar hələ dünyaya gəlməzdən cinsi ayrı-seçkiliyə məruz qalırlar. Qız olduğu üçün abort edilən, təhsili yarımçıq qalan, özünü tanımadan başına fata keçirilib ər xidmətinə göndərilən, oğul doğmadığı üçün qayınanadan tənə görən qızlarımız az deyil.
Gündən-günə erkən nikah problemi daha da dərinləşir. Tək cənub rayonlarımızda deyil, başqa bölgələrdə də 12-13 yaşında barmağına üzük taxılan qızlar var. Təhsilsiz, hüquqlarını bilməyən, erkən nikahla həyatı qaraldılan qızlar çox vaxt ələ baxımlı, başıqapazlı olur.
Ona görə, qız-oğlan ayrı-seçkiliyi etmədən hər bir övlada təhsil verməliyik. Ərdən sosial asılılıq qadını kölə vəziyyətinə salır. Təbii ki, istisnalar da var”.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun sözlərinə görə, hər bir ailədə övlad xoşbəxtlik rəmzidir: “Qız övladı isə bir başqa sevinc, pozitiv mühitin əsas səbəbkarıdır. Qızların valideynlərə daha bağlı olurlar.
Müdriklər yaxşı deyiblər ki, qız təhsillidirsə, millət təhsillidir, cəmiyyət daha işıqlı, daha xoşbəxtdir. Bu baxımdan hər bir valideyn çalışıb bütün övladlarına, xüsusilə də qızlara gözəl tərbiyə və təhsil verməlidirlər.
Qızlara qarşı valideyn sevgisi adətən bir az fərqli və daha qabarıq olur. Bu da qızların təbiətindən, oğlan övladlara nisbətən daha mülayim və qayğıkeş olmasından irəli gəlir. Qız övladlar ailədə daha qayğıkeş olur, qarşılıq belə gözləmədən öz doğmalarına ürək yandırır, hamını diqqətdə saxlamağa çalışırlar. Bunun müqabilində yəqin ki, onlara bir az artıq diqqət təbii olar.
Bu gün şükürlər olsun ki, Azərbaycan cəmiyyətində qadın-kişi bərabərliyi təmin olunmuş məsələ kimi qəbul edilir. Artıq 20-ci əsrin əvvəllərində bu problem maarifçilərimiz, milləti sevən və gələcəyi görən insanlar tərəfindən qaldırılmış və mərhələlərlə həll edilib.
Sevindirici haldır ki, son illərdə qızların təhsil alması məsələsində elə bir narahatlıq müşahidə olunmur. Aparılmış maarifləndirmə tədbirləri nəticəsində qızların təhsilə cəlb olunması məsələsinə valideynlər də həssas yanaşır. Ali məktəblərə qəbul olunanların say tərkibində bunu aydın müşahidə edə bilirik.
Həmçinin elə bir sahə yoxdur ki, orada xanım kadrlar çatışmasın. Bunlar cəmiyyətdə gender balansının təmin olunmasının, düzgün siyasətin, ailə modelinin ənənələrdən gələn nizamının nəticəsidir”.