Axır vaxtlar media rəhbərlərinin o qədər də məhsuldar yazmadıqları heç kəsə sirr deyil. Bu səbəbdən onlara belə bir sualla müraciət etdik: “Son zamanlar niyə az yazırsınız?”
Teleqraf.com cavabları təqdim edir.
“Sadəcə olaraq...”
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay son zamanlar yazmamasını səhhətindəki problemlərlə əlaqələndirib: “Yazmamaq üçün hansısa qlobal səbəb yoxdur. İmkan olduqca yazıram, sadəcə son zamanlarda səhhətimdə yaranmış problem buna mane olur”.
“Belə xidmət edirəm”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yazmaqla öz arasına qoyduğu məsafəni belə izah edib: “İndi də qəzetimə yazmamaqla xidmət edirəm. Son zamanlarda yazmamağımın, elə bir xüsusi səbəbi yoxdur. Yazmaq imkanlarım daralıb. Eyni zamanda, müəllif yazıları yazmasam da qəzetdə dərc olunan yazıları, məqalələri redaktə edirəm. Yəni, işim dayanmayıb, davam edir. Bilirsiniz, köşə yazmaq redaktorun - menecerin işi deyil. Bunun üçün köşə yazarları var.
Biz bir zamanlar oynayan məşqçi kimi idik. Həm yazırdıq, həm də yönəldirdik. Bir neçə ildir baş redaktor kimi işim yazmaq yox, yazıları yönəltməkdir, yayım siyasətini həyata keçirməkdir. Yəni, öz işimlə məşğulam”.
“Bunlar enerji itkisidir”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da son zamanlarda az yazanların sırasındadır: “Düzdür, əvvəllər tez-tez yazılar yazırdım. Mənim yazılarım tarixi araşdırmalar idi, mətbuat və cümhuriyyət tarixindən bəhs edirdim. Son vaxtlardakı fəaliyyətim isə sorğulara cavab verməklə, tədbirlərdə iştirakla bağlıdır. Tədbirlərdə iştirak çox vaxtımı alır.
Digər tərəfdən, redaksiyanın işini ümumiləşdirmək, planlaşdırma aparmaq vaxt alan işlərdir.
Düzdür, qəzetə və sayta gedən yazıları, xəbərləri jurnalistlər yazır, amma bu tezislərin əksəriyyətini baş redaktorlar müəyyən edir. Yazılar yazmasaq belə, istiqamətləri biz müəyyən edirik. Bunların özü də enerji itkisi, vaxtın məhdudlaşması deməkdir. Bunu da nəzərə almaq lazımdır”.
“Sutka 26-27 saat olsa....”
Həmkarlarından fərqli olaraq, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli yazmağa vaxt tapır: “Gündəlik jurnalistlərə açıqlamalar verirəm, şərhlər yazıram. "Xəzər" TV-də aparıcısı olduğum tok-şouda müzakirə olunan mövzuların mətnlərini yazıram. Yəni, yazmadığım an yoxdur. Amma baş redaktorların o qədər problemi olur ki, bu işləri görmək üçün 24 saat bəs etmir. Sutka heç olmasa 26-27 saat olsa, bəlkə bu işləri başa çatdıra bilərik. Buna görə də, həmkarlarımı qınamaq olmaz, onları başa düşmək lazımdır.
Nəzərə almaq lazımdır ki, baş redaktorun fəaliyyətinə yazı yazmaqdan daha çox digər işlər daxildir. Söhbət yüksək peşəkarlardan, Azərbaycan jurnalistikasının dayaqları olan insanlardan gedir ki, ən müxtəlif məsələlərlə bağlı onların yazdıqlarının şahidi oluram. Az yazırlar, amma keyfiyyətli yazırlar. Baş redaktordan tələb olunan da budur.
Baş redaktor daşıdığı statusa uyğun şəkildə imza sahibi olmalı və yazdığı yazı ilə hadisə yaratmalıdır. Əlbəttə, gündəlik yazılarla hadisə yaratmaq mümkün deyil. Bu baxımdan düşünürəm ki, peşəkar həmkarlarım yazırlar və cəmiyyətimizin marağında olan ən müxtəlif məsələlərə toxunurlar. Onların yazdıqları yazılar da cəmiyyətdə hadisəyə çevrilir. Buna görə də vəziyyətin acınacaqlı olduğunu düşünmürəm”.
“Bu, mənə az vaxt saxlayır”
“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov da vaxt qıtlığından şikayətçidir: “Tez-tez yazmağa çalışıram. Sadəcə yazmağa vaxt qalmır. Ayda ən az bir neçə dəfə yazmağa cəhd edirəm, məncə, bu da alınır. Son yazımı ötən həftə yazmışam. Redaktə işləri, tədbirlərdə iştirak da vaxtımızdan kəsir. Ümumi prosesin idarə olunmasıyla bağlı da vaxt məhdudiyyəti var. Bir az da inzibati işlər mane olur.
Şəxsən mənimçün yaradıcılığa qəzetin, saytın və hazırda yeni yaranan internet televiziyamızın inzibati işləri də aman vermir.
Amma bütün hallarda yazmağa çalışırıq. Çalışıram ki, ayda bir neçə dəfə ölkənin gündəmi ilə bağlı yazım”.
“Demək olar, hər gün yazıram...”
“Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev təəssüf edir ki, həm rəhbəri olduğu agentliyin texniki və yaradıcı işləri, həm də digər ictimai fəaliyyət əvvəlki kimi məhsuldar işləməyinə mane olur: “Amma ümumi götürdükdə mən hər gün yazıram. Bildiyiniz kimi, mən konkret sahədə – milli məsələlərdə ixtisaslaşmış jurnalistəm. 22 illik jurnalist fəaliyyətimin son 15 ilini məhz Azərbaycanda yaşayan milli azlıqların araşdırılmasına sərf etmişəm.
Təkcə son üç ildə iki iri həcmli kitabım (2015-ci ildə “Azərbaycanda birgəyaşayış və multikulturalizm”, 407 səhifə), 2017-ci ildə “Mətbuatda multikulturalizm”, 245 səhifə) çap olunub, üçüncüsü üzərində çalışıram, yəqin ki, 2020-ci ilə qədər onu da tamamlayacağam.
İkinci kitabım Azərbaycan mətbuatında multikulturalizm ənənələrindən bəhs edir. Kitab 100 illik qarışıq bir dövrü əhatə eləyir, Azərbaycan ərazisində aborigen azlıqlarla yanaşı, müxtəlif zaman kəsiklərində bu diyara köç etmiş almanların, polşalıların, XIX əsrdə köçürülmüş ermənilərin mətbuat orqanları haqqında tam təfərrüatı ilə ayrı-seçkilik qoymadan məlumat vermişəm.
Əlbəttə, bunun üçün də araşdırmaya ehtiyac var və vaxtımın demək olar ki, çox hissəsini bu araşdırmalar sərf edirəm.
Mən kitab çıxmadan yazıların mediaya verilməsinin əleyhinəyəm, bəzən həmkarlar istinad etmədən özünküləşdirməyə çalışırlar. Bu da sonradan problemlər yaradır.
Təbii ki, bununla da kifayətlənmirəm. Davamlı olmasa da ara-sıra ictimai-siyasi, sosial məsələlərlə bağlı müəllif yazıları ilə çıxış edirəm”.
“Yazmaq ləzzətli bir şeydir”
“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədovun sözlərinə görə, hər həftə ən az bir yazı yazmaq üçün çalışır: “Əslində yazmağı sevirəm, yazmaq gözəldir, ən zövqlü, ən ləzzətli bir məşğuliyyətdir. Sadəcə yazmaq çox vaxt aparır, baş redaktorluq da inzibati işdir. Redaksiyanın işlərini nizamda saxlamaq, görülən işlərin davamiyyətini təmin etmək, işçilərin problemlərini həll etmək lazımdır. Bütün bu qayğıların hamısı baş redaktorun üzərindədir. Buna görə də, təəssüf ki, yazmağa az vaxt qalır.
Jurnalistin əsas işi yazmaqdır, jurnalist üçün qələm, imza anlayışı mühümdür. Jurnalist vəzifə demək deyil, jurnalist icraçıdır. Buna görə də, çalışıram ki, yazmaq prosesini heç vaxt dayandırmayım. İmkan daxilində həftədə bir yazı yazıram”.