15 Oktyabr 2018 14:53
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, 2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, eyni zamanda IX və XI siniflər üzrə buraxılış imtahanları yeni formatda keçiriləcək. Tətbiq edilən yeniliklərin hər birini ayrı-ayrılıqda təhlil etdikdə ən ciddi problemin xarici dil fənnindən ortaya çıxdığı məlum olur.

Bu sözləri Teleqraf.com-a 2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda IX və XI siniflər üzrə buraxılış imtahanlarının yeni formatda keçirilməsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə DİM tərəfindən təqdim olunan xarici dil fənni üzrə həm IX, həm XI siniflərdə keçiriləcək imtahan modelini araşdırarkən bir çox anlaşılmazlıq və suallar ortaya çıxır: “Bu modelin hazırlanmasında Təhsil Nazirliyi DİM-lə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil Nazirliyi bu modelin hazırlanmasında ancaq izləyici mövqeyində dayanıb. Yoxsa xarici dil fənni ilə bağlı sadalanan ciddi qüsurlar ortaya çıxmazdı.

Xarici dil üzrə orta məktəb dərsliklərində dinləyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda(disk, kaset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda) imtahana dinləyib anlama üzrə tapşırıqlar salınması nəyə əsaslanıb? Axı, TQDK və Təhsil Nazirliyinin dərsliklərin monitorinqi komissiyasının hazırkı dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olmuşdu. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar ki, yoxdur.

Xatırladaq ki, orta məktəblərdə xarici dil fənni üzrə hazırda işlək olan bütün dərsliklər, əsasən də 1-ci, 2-ci, 3-cu və 5-ci sinif dərslikləri ümumiyyətlə tədrisə yararlı deyil.

Azərbaycanda 90 faiz məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur (“Dərsliklərdə yoxdursa müəllim özü dinləmə etsin” deyənlərə cavab).

Bu halda təxminən 200 000 şagird (həm IX, həm XI siniflər üzrə) dinləmə ilə yalnız imtahan otağında tanış olacaq. Və bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?

Xarici dildən şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər ,həm açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansi əsasla? İngilis dili ana dili deyil, dövlət dili deyil, yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repetitorluğun nəticəsidir.

Oxu , yazı və dil qaydaları ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama etmək üçün nə Təhsil Nazirliyinin nə də DİM-in bir dənə də audio vəsaiti yoxdur.

Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə , eyni auditoriyada aparılmır. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən, həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Şagirdlər dinləyib anlamanı yalnız həmən dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənnlərlə qarışıq edilməsi həm psixoloji həm pedoqoji cəhətdən düzgün deyil.

Xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirdlər xarici dildən akademik Listening keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı , dərsin müddəti 90 dəqiqə sürməli və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır. Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə (həmən 45 dəqiqədə həm oxu, həm yazı , həm danışma, həm də dinləyib anlama yerinə yeririlmələdir) hansı Listening imtahanından söz gedə bilər?

DİM mövcud olmayan şeydən necə imtahan keçirə bilər? Belə çıxır ki, DİM məqsədli şəkildə imtahanları çətinləşdirib repetitor və hazırlıq kurslarına şərait yaradır.

Niyə bu model tətbiq edilməmişdən əvvəl həm Təhsil Nazirliyi, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?”

Ekspertin suallarını Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə cavablandırıb.

Onun sözlərinə görə, 2008/2009-cu tədris ilindən Azərbaycan Respub­likasının ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilir və bu proqramlar əsasında hazırlanan dərslik­lərdən istifadə olunur. 2019-cu ildə IX, eləcə də XI sinfi bitirənlər buraxılış imtahanlarını yeni təhsil proqramı (kurikulum) və yeni dərsliklərə uyğun hazırlanan proqram­lar əsasında verəcəklər:

“Bildiyiniz kimi imtahanlarda xarici dil fənni üzrə istifadə olunacaq 30 tapşırıqdan 6-sı dinləmə bacarıqlarının yoxlanılmasına aiddir. İmtahanda yeni fənn kurikulumun xarici dil fənni üçün müəyyən etdiyi 4 (Dinləyib-anlama”, “Danışma” “Oxu” və “Yazı”) məzmun xəttinə aid alt standartların hamısı üzrə bilik və bacarıqların yoxlanılması mümkün deyil.

Bəzi alt standartların yoxlanılması üçün müəyyən vasitələr tələb edildiyindən, onlarla bağlı tapşırıqlardan istifadə olunması məqsədəuyğun hesab edilmir. “Danışma” məzmun xətti üzrə bilik və bacarıqlar buraxılış imtahanında hələ ki yoxlanılmır.

Bu imtahanda əsas etibarilə 3 (“Dinləyib-anlama”, “Oxu” və “Yazı”) məzmun xətti üzrə alt standartların yoxlanılması və qiymətləndirilməsi həyata keçiriləcək.

“Dinləyib-anlama” məzmun xətti üzrə, əsasən, müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları yoxlanılır. Bu bacarıqların da şagirdlərə aşılanması dərsliklərdə nəzərdə tutulub və 11 ildir həyata keçirilir.

Xarici dildə hər hansı bir materialın olub-olmamasına gəldikdə isə qeyd etmək istəyirəm ki, yaxın günlərdə “Abituriyent” jurnalının xüsusi buraxılışları çap olunacaq. Burada fənn proqramları, həmçinin imtahan modelinə uyğun tapşırıqlar da dərc olunacaq. Dinləmə bacarıqlarının yoxlanılmasına dair nümunə tapşırıqlar da jurnallarda öz əksini tapacaq.

Dövlət İmtahan Mərkəzinin saytında isə audio fayllar yerləşdiriləcək. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib verilən tapşırıqları həll edə biləcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan və yaxın vaxtlarda işıq üzü görəcək digər vəsait xarici dillərə aid “Yeni təhsil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları”dır. Burada da hər bir bölmə üzrə dinləmə bacarıqlarının yoxlanılması ilə bağlı tapşırıqlar yer alacaq.

Bütün bunlardan əlavə ingilis dili üzrə dərs vəsaiti də nəşrə hazırlanır. Bu vəsaitdə də fənn kurikulumları üzrə həm nəzəri, həm də dinləmə mətni ilə bağlı materiallar yer alacaq. Bütün audio fayllar isə DİM-in saytında xüsusi bir bölmədə yerləşdiriləcək”.

Qeyd edək ki, Təhsil Nazirliyinə də məsələ bağlı sorğu göndərilib və qarşı tərəfin də mövqeyi öyrəniləcək.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər