22 Avqust 2014 12:54
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

ETSN: “Təmizlənmədən axıdılan çirkab suları biogen maddələrin miqdarını artırıb”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

ETSN-dən Teleqraf.com-a daxil olan xəbərə görə, avqust ayının II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 1.5 m3/san artaraq 66.6 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.6, Ağstafaçayda 3.9, Ağstafaçay su anbarında isə 3.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Avqust ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 3.3, I Şahsevəndə 4, Bəhramtəpədə isə 3.1 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.62-6.00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

SEVİL


Müəllif: