17 Oktyabr 2018 15:12
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbiyyatşünas-alim İradə Musayeva türk yazıçısı Əlif Şəfəqin “Ata və bic” romanı haqqında məqalə yazıb.

Teleqraf.com məqalənin 1-ci hissəsini təqdim edir.

"Göy üzündən enən heç bir şeyə küfr etmək olmaz-deyə onu tənbeh edən olmamışdı. Ona kimsə deməmişdi ki, səmadan başına nə yağarsa yağsın qəbulundur. Buna yağmur da daxildir".

Azərbaycan, türk, erməni və hətta bəzən rus ədəbiyyatı nü­munələrində “erməni məsələsi” adında bir mövzunun müxtə­lif cür bədii inikasının şahidi olmuşuq. Yaxın zamanlarda bu mövzuya həsr edilmiş beynəlxalq konfrans materiallarını və eyni adda irihəcmli bir məqaləni də oxudum. Təbii ki, müəlliflərin hamısı alim, ədə­biyyatşünas və ziyalılardır...

Ana tezis isə bu idi: Ermənilər bizə bir əs­rdən çoxdur nifrətlərini həm də bədii şəkildə ifadə edə bilir, amma biz gecikirik!.. Belə çıxdı ki, bizim ədəbiyyatda kifayət qədər nifrət sindiromu yoxdur, bunu gücləndirmək və ədəbiyyatımızın yaddaşında möhkəmlən­dirmək lazımdır... Qəribədir...

Tarixin yaddaşında, sənədlərdə və həyatımızın yaddaqalan fraqment­lərində bu məsələ elə adından da göründüyü kimi “qəliz”, həlli müşkül bir düyüntək əks olunub. Biz “beynəlmiləlçi” olduqca onlar “erməniliyin” ideoloji dayaqlarını möhkəmlədib. Biz bunu anlamışıq bütün dövrlərdə, amma humanist və bəşəri olma dünyagörüşündən doğan yaddaşsızlıq (in­sana yalnız və yalnız “milli”, etnik çərçivədə deyil, Allahın yaratdığı var­lıq kimi baxdığımızdan) bizi tarixin siyasi, hərbi, sosial savaş səhnəsində məğlubiyyətə məhkum edib. Bu gün də həmin baxışın arxasında dayanmı­şıq…

Ən tragik vəziyyətdə də onların kin və qəddar davranışlarının şəkli­ni göstərə bilirik-ya sözlə, ya da kameranın xatırlatma imkanının şahidliyi ilə… Azərbaycan ədəbiyyatı “erməni məsələsi”ni bir əsrdir ki, sülhlə, iki cins arasındakı sevgi emosiyası fonunda yozumlayır. Erməni ədəbi-siyasi, tarixi düşüncəsi isə elə hey beyinlərdə nifrət toxumu göyərdir.

Müasir türk ədəbiyyatında isə bir az fərqli yanaşma var. Məsələn, Əlif Şəfəqin haqqında danışmaq istədiyim “Ata və bic” romanında ol­duğu kimi… Burda müəllif millətlərin inteqrasiya, assimliasiya, qarışma, qovuşma, bir-birinin içərisində əriyib yox olma həqiqətinin izinə düşür, milli spesifikaları qabartsa da, tarixin dəyirmanında hər kəsin eyni qayda ilə əzildiyini göstərir. Hətta erməni əsilli bildiyimiz ailənin kökündən tür­kü, türk kökənli bildiyimiz ailənin şəcərəsindən isə erməninin adını tapıb çıxarır...

Romanda xoşbəxt, ruhunu xilas etməyi bacaran bir insana rast gəl­mək olmur. Hamı ağrı, dramatik sıxılma və iradəsizlik halındadır sanki… Əzablar isə qadınlara yüklənib daha çox. Ana olmaq, dünyaya insan gə­tirmək istəyən qadınların bətnindən başlayır insanın faciəsi. İnsanlar bu romanda sevgidən deyil, təcavüzdən, nifrətdən və xəyanətdən doğulur. İnsanlar talelərinin əlində əsir-yesir olublar… Əsərin ilk cümlələri bizi uzun bir yolun kədərli yolçuları ilə həmdərdliyə səsləyir.

İlk rastlaşdığımız obraz Zəlihadır. 19 yaşlı, yağmur altında yerə, göyə, taleyinə, ota, yağışa, daşa, quşa-hər şeyə lənət, qarğış yağdıran bir qadın… Bu qadın hara ge­dir, bu hikkə, nifrət və ağrı ilə? Məlum olur ki, bətnindəki qeyri-qanuni şəkildə doğulacaq körpəni tələf etdirməyə… Xəstəxanada növbəsi var. O körpəsini aldırmaq, ondan yaxasını qurtarmaq istəyir. Amma bu iş müm­kün olmur…

Əlif Şəfəqin “Ata və bic” romanı tarix və siyasət səhnəsində oyna­nılan ideoloji oyunların simasını əks etdirən bir tamaşa, dramadır san­ki… Adətən onun romanlarında daha çox avtobioqrafiya faktları axtarır­lar, amma müəllif bu yanaşmanı düz hesab etmir və deyir: “Öz həyatım haqqında yazmağı xoşlamıram. Mənim üçün ədəbiyyat ancaq öz başımdan keçənləri başqa insanlara danışmaq deyil, mənim romanlarım heç zaman avtobioqrafik xarakter daşımayıb. Məni hər zaman həyəcanlandıran bir başqasının həyatını yazaraq yaşamaq olub. Yəni özümü başqa bir insanın yerinə qoymaq, dünyaya bir də onun dünyagörüşündən baxmaq, bir az da başqa bir insana bürünməkdir”.

Müəllif öz insanını müxtəlif qiyafələrdə (türk, erməni, amerikan və s.) ölkə-ölkə, qitə-qitə gəzdirir. Hər dəfə də bu insanların “yerində olur”, onların ayrı-ayrılıqda həqiqətini ya yanlışını çözür, mühakiməyə çəkir, mənfi, ya müsbət qəhrəman anlayışından uzaq, mənfilik və ya müsbətlik fonunda qurur ədalət tərəzisini…

Romanı “Görəsən, Əlif Şəfəq erməni­nin tərəfindədir, ya türkün?” marağı ilə oxumağa başlayırıq. İstər-istəməz “tərəf” axtarırıq. Lakin müəllif insanların amansız, acı, darmadağın olmuş həyat, ömür-gün tarixçəsini ən kiçik detalına qədər qarşımıza çıxarır. Mil­li, irqi, siyasi kimlikləri unuduruq. Hər obraza sanki bir toplumun kədəri qədər ağrı yüklənib. Susa-susa, ağrıya-ağrıya yaşayan, gülümsəyən, gə­zintiyə çıxan, qonaq qəbul edən sıradan biriləri kimi görünən bu insanların da ayrı-ayrılıqda özəl tarixi, yaddaqalan xronologiyası varmış demə. Əlif Şəfəq millət davası qılıncını əlinə alıb səhnəyə gələn qəhrəmanları ilə bi­zim aramızda elə bir səmimi münasibət yaradır ki, onların mübarizəsinə deyil, taleyinə yönəldəsi oluruq diqqətimizi...

Erməni və türk ailəsi, nəsilləri zaman-zaman zəhərli və zərərli bir mühitdə, genetik kin, nifrət aşılaması tərzində yeni insanlar – övladlar, nəvə-nəticə yetişdirir və düşünür ki, xəyalındakı qocaman millətin gələ­cəyini “formalaşdırır”. Romanda müəllif qütbləşdirilmiş situasiyada, düş­mən mövqelər arasında qalmış günahsız gəncliyin faciəsini diqqətə çatdır­maq istəyir həm də. “Vətən”, “millət”-deyə haray çəkən, ədavət cövhərini varlığında, südündə, qanında daşıyan bir bölük cahilin bütün həyatını mə­nasız bir prinsip, qisas, intiqam söhbəti üstündə qurduğunu göstərir. Mil­lət humanist, bəşəri ideyalar deyil, tarixi düşmənçilik, intiqam və başqa millətlərə nifrət ideyaları əsasında formalaşanda simasını itirir, insanlığın, haqqın qəniminə çevrilir.

Bu romanda bütün gözəlliklər, ilahi sevgi və səmimi şəfqət münasibət­ləri cahil və kinli insanların taleyindən yan keçir, hətta yağış belə həmin insanların başına əzab, faciə, göz yaşı kimi tökülür sanki: “Düzünə qalsa, yağış bu şəhərdə əsl əziyyətdir. Dünyanın başqa yerlərində yağış çox gü­man ki, hər kəsə və hər şeyə nemət kimi gəlir - məhsula, bitkilərə, ətraf mühitə, bir azca romantika da əlavə etsək, xüsusilə, aşiqlərə zövq verir. İstanbulda isə elə deyil. Burada işlər başqa cürdür. Bizim üçün yağış nə bərəkət deməkdir, nə də islanmaq. Nə təmizlənər onunla, nə də günahları­mız yuyular. Olsa olsa, öfkəmizin əks-sədasıdır yağmur. Səbəbi-qəzəbdir yağmur. Səma bizə baxar, biz isə aşağıdakılara. Bizləri saldığı bu müşkül vəziyyətdən dolayı üzr istəyirmiş kimi baxar və gülümsəyər. Biz isə sa­çımızda damlalar, ətəklərimizdə palçıq, baxışlarımızda bezginliklə, tünd mavi rəngə çalan və indi həmişəkindən daha aydın görünən səmaya baxa-baxa qalarıq. Baxar və təbəssümünə qarşılıq verməyə bilmərik. Əlimiz­də deyil ki... Hər dəfəsində də bağışlayarıq səmanı”.

Romanda “Səma” (göy üzü) obrazının həm mifik, həm də fəlsəfi-estetik cizgilərlə çəkilmiş portreti var. Hər olacaqda iştirakçıdır Səma... Səmanın iri bir gözü, hər şeyi əsli kimi yazan qələmi, hər tərəfdən aydınca çəkən kamerası olduğu­nu düşünür insanlar. Səma həm də şahiddir... Sir dağarcığıdır... Zəlihaya təcavüz olunan günün yerə-göyə sığmayan naləsini, ikrahdoğurucu şəklini də çəkirdi Səma. Zəliha həmin gün göyə baxmağa utanırdı, həm də o “ka­meranın” qarşısında təhqir edilmiş və ömürlük iztiraba məhkum olunmuş ruhunun şəklini axtarırdı göy üzündə... Zəlihanın sonralar hamının “bic” deyəcəyi qızının da taleyinə şahidlik edirdi Səma... Zəliha körpəsini aldı­rası olmur və atasının kim olduğunu (doğmaca qardaşının təcavüzündən doğulur bu qız) özündən başqa bir kimsənin bilmədiyi (düzdür, sonralar Banu da o adamın kim olduğunu öz cinindən öyrənmiş və ömürlük əzaba düçar olmuşdur ) qız uşağı dünyaya gətirir. Uşağın adını Asya qoyurlar. Asya gələcəkdə hər ad gününü səbəbini başa düşmədiyi bir nifrətlə qeyd edir.

“Qeyd edir” demək olmaz, bəlkə də əzabla həmin günü dəfn etmək, ötürmək, unutdurmaq istəyir. Atasızlıq, qeyri-qanuni doğuluş, ana bətnin­də ikən artıq ölüm fərmanı bir dəfə verilmiş biri kimi... Səhvən, arzulan­mayan bir doğuşun “bic” adlı dünyaya gəlişi... Asya böyüdüyü ailəni də sevmir. Onun nəzərində ailəsi cahil, fındıqla fala baxacaq qədər abdal durumda olan məsləksiz xalalardan, qəzəb və nifrət püskürən ana, deyin­gən nənədən, bir də 20 ildir itkin düşən dayıdan ibarətdir.... Asya Qazançı ailəsində yetkinləşir, elə bir ailədə ki, Ləvənd Qazançı öz soyadını daşıya­caq bir oğlan sahibi olmağı dəli kimi arzulamışdı vaxtilə, amma sonucda ailə ancaq qadınlardan ibarət bir icmaya çevrilmişdir - sirr dolu bir qadın icması... (Arzulanan oğul-Mustafa isə bu ailənin bədbəxtliyinə imza at­mışdı sonralar.) Arvadı Gülsüm Qazançı da bu “ideal” uğrunda qadın kimi funksiyasını, dünyaya həmin möhtəşəm varlığı (oğlan uşağını) gec ya tez gətirməyi ali məqsəd hesab etmişdir. 4 qız uşağı (Banu, Çevriyə, Fəridə, Zəliha) sanki bu ailəyə dəvətsiz qonaq kimi təşrif buyurur. Oğlan isə göz­lənilən, istənilən, arzulanandır.

Lakin bu nəslin kişiləri çox yaşamır, erkən yaşlarındaca xəstəlik və qəzaların qurbanı olur. Mustafanı gözlənilən və ya gözlənilməyən bədbəxtliyin, acı taleyin əlindən xilas etmək üçün məm­ləkətdən uzaqlara, Amerikaya göndərirlər. Gələcəkdə isə bu türk ailəsinin gözünün nuru olan Mustafa erməni ailəsinin boşadığı Roza adlı qadınla evlənəcək və onların erməni əsilli Armanuş adlı qızlarını böyüdəcək, ona ata olacaq...

Əlif Şəfəq müsəlman ailəsində oğlana qəribə, mifik münasibəti ma­raqlı bənzətmə ilə təsvir edir. Bir ailə, nəsil, millət kitabının süjetində əsas, ana xətt, mahiyyət kimi: “Qızlar illərlə varlıqlarını bir “ön söz” ola­raq görüblər, əsas kitabdan əvvəl yazılmış bir ön söz, gözlənilən mahnıya giriş verən müqəddimə, gözlənilən oğlan uşağından əvvəl gələn gərəksiz, müvəqqəti mərhələlər ... Nəhayət dördüncü uşaq oğlan olmuşdu: Mustafa. Beşinci və ən kiçik uşaq Zelihaya gəlincə, dünyaya gəlməsinin tək səbə­bi oğlan dünyaya gətirməyə nail olmuş valideynlərinin şanslarını bir dəfə də sınamaq istəmiş olmaları idi. Bəlkə yenə oğlan olar deyə... Zəlihadan soruşsanız, son not olmaq müqəddimə olmaqdan da pis idi, son söz daha betərdi ön söz rəftarı görməkdən”.

Zəliha da vaxtilə heç arzulanmayan övlad kimi gəlmişdi bu ailəyə. Çünki onu –sonuncu uşaq olaraq Mustafaya bir qardaş, dayaq kimi göz­ləmişdilər. O isə qız olaraq doğulmuşdu. Deməli, Zəliha da vaxtilə qızı Asya kimi istənilməyən, qəza, “olacaq” kimi Qazançılar ailəsinə qədəm basmışdı. Qızı Asiyanın tale sələfi... Asya uşaqlığından anlayır ki, iztirab­dan, əzab hissindən doğulub, hara getsə bu taleyin ağrısı onu müşayət edə­cək...

“Bic” sözünü ilk dəfə nənəsinin dilindən eşitmişdi. Nənəsi çiçəkləri sulayarkən bu sözü hansısa çiçəyin ünvanına söyləyir, amma Asya taleyinə doğmadan doğma olan həmin kəlməni alın yazısı kimi yaddaşına hopdu­rur: Bic... Əsilsizlik, nəsilsizlik...Amma axı hər kəs onun ətrafında məhz “əsil”, “nəsil”, “milli kimlik” uğrunda mücadilədədir sanki... Erməni ailə­si boşanmış gəlinləri Rozanı qətiyyən düşünmədən nəvələri Armanuşun bir erməni kimi böyüməsini istəyir yalnız: “Ancaq bir erməni sayca belə azalmanın, azacıq qalmanın nə mənaya gəldiyini anlaya bilər. Budanmış bir ağac kimi kiçildik ... Roza azaddır, əlbəttə, istədiyi adamla əylənsin, hətta evlənsin, bizi maraqlandırmır. Ancaq Barsamın övladı ermənidir və erməni kimi yetişdirilməlidir”.

Erməni ailəsi daha kinli və ədavətlidir. Nifrətini tarixə çevirmək uğ­runda mücadilə aparır nəsil-nəsil, ədavəti, kini məşəl kimi əldən-ələ ötü­rür:

“Akademik nitqləri çox sevməyən və gündəlik danışıq dilində intel­lektual jargona üstünlük verən Varsenig Xala araya girdi: Əziz Barsam, sənə bir sualım var. Mənə ermənicə danışan bir türk göstərə bilərsənmi? Varsenig xala davam etdi, “De görüm neçə türk ermənicə öyrənib? Varmı elə türk? Bir nəfər də yoxdur! Niyə bizim analarımız onların dilini öyrə­nib, amma onlar əksini eləməyib? Kimin kimə hökm elədiyi açıq-aşkar ortada deyilmi? Sən qalx gəl Orta Asiyadan, şığı düz Anadolunun bağrına, sonra da başını qaldır ki, hər yerdədirlər! Orada məskunlaşmış milyon­larca erməniyə nə oldu bəs? Özlərinə oxşatdılar! Əridilər! Qətl edildilər! Yetim qaldılar! Sürgün edildilər! Mal mülklərindən oldular! Sonra da unu­duldular! Mənim öz qızım necə olur ki bizim indi bu qədər az sayda və bu qədər kədərli olmamıza səbəb olanların əlinə buraxılsın? Mesrop Mashtots məzarında fırlanar!”

Əlif Şəfəq romançılığında paradoksallıqla paralelliyi orta məxrəcə gə­tirmək, orta həddə müqayisə və müzakirə predmetinə çevirə bilmək baca­rığı var. İki anti-mövqe ailənin evində eyni taleli qızlar (Asiya və Arma­nuş) böyüyür və hər ikisi öz ailə üzvlərinə eyni istehza ilə yanaşır. Asya xalası ilə söhbət zamanı mübahisələr edir. Xalası “insanın pis adamlara və pisliklərə, hətta xəbis cinlərə də ehtiyacı var, insan həyatında elə anlar olur ki, yaxşılar və yaxşılıqlar kifayət etmir, pislərin yardımına ehtiyacı­mız olur” -qənaətini hökm kimi söyləyəndə Asya deyir: “Ən böyük xa­lam olaraq mənə nümunə olmalı deyilsənmi? Sən isə elə hey eyni sözləri deyirsən, deyib durursan ki, bizim pislərə, pisliklərə ehtiyacımız var. Bu evdə hər şey tərsinədir, vallah...” Dikran İstanbulyan adlı erməninin ağ­saqqallıq etdiyi ailənin ailə qanunlarından usanan nəvə (əslində isə doğma atası Barsamdan uzaqda- atalığı türk Mustafanın himayəsində böyüyən) Armanuş isə öz erməni ailəsi haqqında deyir: “Bu ev Çexov karikaturaları ilə doludur, vallah”.

Müəllif bilərəkdən əsərin əsas ideya yükünü iki atadan uzaq, doğma­ları arasında yad-yad gəzinən, əzab çəkən və daha modern, daha sərbəst, azad mühitə (elə bir mühitə ki, orada millətçilik fanatizm həddində deyil, kin, qisas borcluluğu, ailə qadağaları, yaddaş ağrısı və saxtakarlıq yoxdur) can atan qızların (Asya və Armanuş) taleyinə yansıdır. Bu qızları öz kinli kökündən ayırmaqla Əlif Şəfəq sanki yeni insan tipi yaradır ədəbiyyatda. İki bir-birinə nifrət edən ailənin və millətin doğuşu-Asya və Armanuş on­larla yollarını ayırır və gənc qızlar dost olurlar. Daha öyrəşdiyimiz moti­v(iki anti millətin və ya qarşılaşdırılmış dinin aşiq gəncliyi-Əsli və Kərəm, Şeyx Sənan və Xumar və s) yox, iki xalq arasında düşüncənin, azad ruhun və intellektual əxlaqın, mədəniyyətin ünsiyyəti gəlir meydana...

Romanda daha maraqlı tiplər də var. Onların adını da müəllif fərqli təqdimatla şərtləndirir: Ultra Milliyətçi Filmlərin Qeyri Milliyətçi Senaris­ti, Ultra Milliyətçi Filmlərin Qeyri Milliyətçi Senaristinin yeni qız dostu, Olağanüstü Yetənəksiz Şair, Gizli Gay Köşe Yazan və bir də Alkoqolik Karikatüristin Həyatla Davalı Qadını... Bu qadın Zəlihadan da çox nihil­list, hər şeyə küskün olan biridir. Onun daxilində saysız-hesabsız etirazlar, qırılmalar, sıxıntı travmaları var. Üstündə qisas, intiqam bombası gəzdirən bir qadın kimi tanıyırlar onu. Lakin onu heç kim anlamaq istəmir. Onun taleyindən hər kəs yan keçir, təhlükə mənbəyi kimi baxırlar ona. Fəqət, bu qadının xarakterindəki kəskin notları qabartmaqla müəllif, ümumiyyətlə, qadın və kişinin cəmiyyətdəki mövqeyinə də diqqəti cəlb etmək istəyib. Eyni dərəcədə istedadlı olan iki insandan biri-məhz kişi rəssamın adı daha çox hallanır. Kədərli çöhrəsindəki əzab onun olmaq istədiyi adam ola bil­

məməsi ilə əlaqəlidir. Həyatda izinə düşdüyü, arzuladığı uğurları qazana bilməyib. Həyatla həqiqətən də bir davası var bu qadının. Saxta, qorxaq, xəyanətkar, laqeyid və təmənnalı insanlar arasında özü ola bilmək hünəri də əlindən alınıb. O daima tərəddüd içərisindədir: “...Ərindən qat-qat yaxşı karikatura çəkdiyi halda onun qədər qədir-qiymət görməmək ağrısını zəhər kimi damarlarında daşıyan bu qadın indi qərar verə bilmirdi ki, əri yanında danışarkən on iki illik həyat yoldaşını içindən gəldiyi kimi məzəmmətmi eləsin, yoxsa ideal bir yoldaş kimi, heç nəyə baxmayaraq, qudurğanlığını ört-basdırmı eləsin. Bir-birlərindən nifrət etsələr də bu qədər evliliklərini davam etdirmişdilər; qadın gün gələr intiqam alaram ümidiylə, kişi də, gün gələr hər şey düzələr ümidiylə. Nə var, nə var bu zaman ərzində o qədər eyniləşmişdilər ki, çox şeydə, artıq bir-birlərindən oğurladıqları söz­lərlə danışır, bir-birlərinin jestlərini daşıyırdılar. Hətta karikaturaları belə bir-birinə bənzəməyə başlamışdı. Deformasiya olmuş bədənlər çəkir, cə­miyyətin ən əyri tərəflərini ən kobud şəkildə nümayiş edən dialoqlar yazır və xüsusilə də insanları heyvanlaşdırırdılar. Depressiv heyvanlar aləmi ...”

Onu da qeyd edim ki, romanda ideoloji məkan kimi Qazançı, Çax­makyan ailəsinin evinə əks olan bir məkan-Kundera kafesi də var. Bura­ya sənət, ədəbiyyat adamları toplaşır. Qrup halında bu kafedə bir yaşam ortağı olan insanlar var. Kundera kafesi yalnız modern üslublu, qiyafəli insanların toplaşdığı bir yer kimi deyil, ideoloji, prinsipial mövqeli əksli­yi ilə də diqqəti cəlb edir. Buradakı insanlar mükəmməlliyə, qüsursuzlu­ğa, şöhrətə və daha yüksək sosial məqamlara can atmaq istəməyən, lakin ağıllı və istedadlı adamlardir. Bu kafenin təbii, səmimi insanlarının hə­yat hekayəsini qısaca da olsa anladan yazıçı göstərir ki, insan qüsurları, səhvləri, nöqsan və günahları ilə belə özü ola bilirsə və ən əsası, özünü həmin statusda da təqdim etmək gücünə sahibsə, bu daha gözəldir, daha insancadır...

Ədavət, mühafizəkarlıq, komplekslər içərisində sıxılan insan talelərini divarları arasında boğan iki evin-erməni Çaxmakyanlar və türk Qazançılar ailəsinin cəmləndiyi evin, yuvanın ziddinə olaraq Kundera ka­fesinin demokratik, rahat bir ab-havası var. Burda da mübahisələr, dartış­malar olur. Amma kinli və təhqiramiz ədalarla deyil, səmimi, elmi-mədəni məsələlərlə bağlı ideya, əqidə, məslək və sənət davaları, polemikaları... Asyanı da burda tez-tez görmək olar: “Asiya Qazançı öz evində tapa bil­mədiyi daxili dincliyini burada tapardı. Kafe Kundera onun sığınacağı idi. Nə geydiyinə, nə dediyinə qarışmayan bu insanların yanında özünü rahat hiss edərdi. Qazançı ailəsi onu əsla çata bilməyəcəyi bir mükəmməlliyi əldə etməyə israr edərkən, Kafe Kundera əhli onu olduğu kimi qəbul edər, üstəlik, insan deyilən məxluqatın onsuz da qəbahətli, qüsurlu və islaholun­maz olması fərziyyəsindən yola çıxardı”.

“Ata və bic” romanında daha çox diqqəti cəlb edən “Yetərincə ermə­nisimizmi” başlıqlı bir testin məzmunudur. Əlif Şəfəqi ermənipərəstlikdə suçlayan insanları doğrudan anlamaq olmur. Müəllif erməni kinini, nifrə­tini və mühafizəkarlığını bundan da istehzalı, bundan da kəskin üslubda verə bilərdimi? Armanuş həmin testin bütün suallarına “bəli” yazır. “Bəli” yazır ki, sonda həqiqi bir erməni olduğu cavabını alsın. Və nəticədə qəribə vəziyyət yaranır. Erməniliyi qana, iliyə qədər yeridən insanların hazırladı­ğı bu qəribə test Armanuşun erməniliyini şübhə altına alır. Oxucu da əv­vəldən bilirdi ki, Armanuş erməni kökü üstə etibarlı əsaslarla dayanmayıb. Bu testin maddələrinə diqqət edin, Ə.Şəfəq erməni ruhundakı xudbin və qaranlıq məqamlara bir projektor gücü ilə işıq salır:

“Kifayət qədər Ermə­nisinizmi testi: 1. Uşaqlığınız boyunca əl ilə hörülmüş ədyalların altında yatdınızmu, məktəbə gedərkən əl hörgüsü jiletlər geydinizmi? 2. Altı ya da yeddi yaşına qədər hər ad gününüzdə əlinizə bir Erməni Əlifbası kitabı verildimi? 3. Evinizdə, qarajınızda ya da büronuzda Ağrı dağının ən azı bir ədəd rəsmi asılıbmı? 4. Evdə ermənicə sevilib oxşanmağa, ingiliscə töhmətlənib danlanmağa və ya türkcə arxanızdan qeybət edilib işlər çev­rilməsinə vərdiş etmisinzmi? 5. Qonaqlara kartof çipsiyle humus, badım­canlı çörək üstü sandviç ikram edirsinizmi? 6. Mantı dadına, sosiska qoxu­suna, basdırma asılılığına bələdsinizmi? 7. Həddindən artıq əhəmiyyətsiz mövzularda tezcə hövsələdən çıxıb əsəbiləşir, amma həqiqətən narahatlığa və ya çaxnaşmaya səbəb olacaq əhəmiyyətli bir şey olanda sükunətinizi qoruya bilirsinizmi? 8.Kəmərli burnunuzu əməliyyat etdirdiniz mi? (Ya da etdirməyi planlayırsızmı?) 9. Soyuducunuzda bir qab nutella, yük otağının harasındasa bir nərd taxtası varmı? 10. Salonunuza çox sevdiyiniz bir xalı salınıbmı? Heç olubmu ki, üstündə yeriməyə belə qıymayasız? 11. Əzgisi çox oynaq olduğu və sözlərini anlamadığınız halda Lor- ke Lorke oyna­yarkən içinizə hüzn dolurmu? 12. Hər axşam yeməyindən sonra yığışıb meyvə yemək evinizdə köklü bir adətdirmi? Atanız neçə yaşında olursuz olun sizin üçün hələ də portağal soyurmu? 13. Heç olubmu ki, qohumları­nız ağzınıza yemək tıxıb, “doydum” sözünü qəbul etməsinlər? 14. Düdük səsi ətinzi ürpədirmi və ərik ağacından hazırlanmış bir fleytanın necə bu qədər kədər ifadə edə bildiyini bilmək marağı içinizi yeyibmi? 15. Ürəyi­nizdə keçmişinizi öyrənməyinizə icazə veriləndən daha artığı olduğunu hiss edirsinizmi? Bu sualların hamısına “bəli” cavabı verən Armanuş neçə bal topladığını görmək üçün aşağıya baxdı. 0-3 bal: İncimə, dost, sən er­məni yox, “yad” san. 4-8 bal: İçimizdə bir yad kimisən. Böyük ehtimal ki, bir erməni ilə evlisən. 9-12 bal: Erməni olduğun az qala qətidir. 13-15: Heç şübhə yoxdur ki, məğrur bir ermənisən. Armanuş gülümsədi. İçindəki sə­yahət arzusu yenidən canlandı. Beyninin dərinliklərində gizli bir qapı açıl­mışdı sanki. Getmək lazım idi. Bir səfərə həddindən çox ehtiyacı var idi”.

Armanuşun bu yolçuluğu isə türk ailəsindən və ictimai-siyasi, sosial mühitindən, cəmiyyətindən keçir. Asyanın vasitəsi ilə Kundera kafesində intellektuallarla ünsiyyətdə olur və inancları sarsılır...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər