17 Oktyabr 2018 20:08
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəki rayonunun Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com sərəncamın mətnini təqdim edir:

1. On bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,08 milyon (iyirmi milyon səksən min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilsin.

2. “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 01 iyul tarixli 967 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 414; 2004, № 10, maddə 829; 2005, № 3, maddə 209; 2007, № 4, maddə 352; 2011, № 4, maddə 358) 2-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev A.A.Rzayevanın Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aydan Atif qızı Rzayeva Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılsın.

***

İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1273-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1273-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 79; 2010, № 2, maddə 80, № 3, maddə 192, № 8, maddə 725; 2014, № 7, maddə 813, № 9, maddə 1027, № 10, maddə 1195; 2015, № 2, maddə 123; 2016, № 3, maddə 443, № 9, maddə 1480; 2018, № 5, maddə 913, № 7 (I kitab), maddə 1500) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.10-cu bənddə “17.5-ci” sözləri “17.5-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.2. 4.12-ci bəndin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.13-cü bənd əlavə edilsin:

“4.13. həmin Qanunun 17.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti həyata keçirirlər.”.

***

İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 313 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 718) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Yol sənədinin təsviri” üzrə:

1.1. ikinci abzasda “bütün” sözü “cildindəki və” sözləri ilə əvəz edilsin;

1.2. üçüncü abzasda “1-ci səhifəsi” sözləri “üz qabığı” sözləri ilə, “qara” sözü “qızılı” sözü ilə əvəz edilsin və həmin abzasa “Dövlət gerbinin” sözlərindən sonra “qızılı” sözü əlavə edilsin;

1.3. dördüncü abzasda “2-ci səhifəsi” sözləri “üz qabığının iç tərəfi” sözləri ilə əvəz edilsin və həmin abzasdan “cildin rənginə uyğun” və “Yol sənədi sahibinin biometrik identifikasiya tələblərinə uyğun qaydada şifrələnmiş üz təsviri və əl-barmaq izi üzrə məlumatlar olan elektron informasiya daşıyıcısı yerləşdirilmiş və” sözləri çıxarılsın;

1.4. beşinci abzasın birinci cümləsində “3-cü səhifəsində” sözləri “arxa qabığının iç tərəfində” sözləri ilə əvəz edilsin;

1.5. altıncı abzasın birinci cümləsində “4-cü səhifəsi” sözləri “arxa qabığı” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Yol sənədi sahibinin üz təsviri və əl-barmaq izi üzrə məlumatlar olan antenli mikroçip formalı elektron informasiya daşıyıcısı biometrik identifikasiya tələblərinə uyğun qaydada şifrlənərək, cildin arxa qabığı ilə iç tərəfinin arasına yuxarı hissədə yerləşdirilmişdir (yapışdırılmışdır).”;

1.6. səkkizinci abzasın dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“1-4-cü səhifələrdən başqa bütün digər cütrəqəmli səhifələrin yuxarı sağ küncündə, təkrəqəmli səhifələrin isə yuxarı sol küncündə lazer perforasiyası üsulu ilə Yol sənədinin seriyası (YS) və yeddirəqəmli nömrəsi yazılmışdır.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “Yol sənədinin spesifikasiyası” üzrə:

2.1. birinci abzasda:

2.1.1. birinci cümlədə “üz qabığının” sözləri “cildinin” sözü ilə, “0,96” rəqəmləri “0,8-1” rəqəmləri ilə əvəz edilsin;

2.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Yol sənədinin hazırlandığı kağızın tərkibinin əlli faizi kağızdan, əlli faizi pambıq sellülozdan ibarətdir, kağızın çapında ofset, qabarıq və dərin (çoxçalarlı intaqlio) çap üsullarından istifadə olunur.”;

2.2 üçüncü abzasın birinci-üçüncü cümlələri müvafiq olaraq ikinci-dördüncü cümlələr hesab olunsun və həmin abzasa aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Yol sənədinin səthi hamardır.”;

2.3. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“Yol sənədinin şəxsi məlumatlar olan 3-cü səhifəsində Azərbaycan Respublikasının Dövlət gerbinin çapı üçün optik dəyişən mürəkkəbdən istifadə edilir. Yol sənədinin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər Yol sənədinin səhifələrində proporsional şəkildə yerləşdirilir.”;

2.4. beşinci abzasda “0,65” rəqəmləri “0,10-0,15” rəqəmləri ilə əvəz edilsin;

2.5. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:

“Biometrik identifikasiya tələblərinə uyğun qaydada şifrlənərək, Yol sənədinin cildinin arxa qabığı ilə iç tərəfinin arasında yerləşdirilmiş (yapışdırılmış), sənəd sahibinin üz təsviri, əl-barmaq izi üzrə məlumatlar olan antenli mikroçip formalı elektron informasiya daşıyıcısının yaddaşı ən azı 80 kilobayt olmalıdır.”;

2.6. on ikinci abzasda “MTCO” abreviaturası “MTCOS” abreviaturası ilə, “İSO CC EAL 5+” abreviaturası “CC EAL 5+” abreviaturası ilə əvəz edilsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər