20 Oktyabr 2018 00:42
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada: https://teleqraf.com/news/toplum/188263.html

Evdən ancaq günortadan sonra çıxırdım. Getdiyim yerlər Panteon ilə rəsədxana arasında idi. Bəzən St.Genevieve kitabxanasına baş çəkər, əldə edə bilmədiyim kitabları orada oxuyardım. Ancaq əksərən Odeon qalereyası ilə Lüksemburq bağında dolaşardım. O zaman tərcih etdiyim Alfret de Musset ilə Lamartini oralarda oxuyar, bəzən də əzbərləyərdim.

Mənim indiyə qədər Parisdə tanıdığım və məşğul olduğum şeylər bu bağdakı keçmiş fransız kraliçalarının heykəlləri, bağın hovuzları, sarayın saatı, bu saatın düz ortasından başlayaraq qarşıda görünən rəsədxananın qübbəsindən keçən birinci meridian və üzərində oturub bıçaqla adımı yazdığım skamyalardı. Bunun xaricində ev sahibləri ilə gürcülərdən başqa nə bir insan, nə də bir yer bilirdim. Nə qəribədir ki, tam 40 il sonra yoldaşımla bərabər Lüksemburq bağını gəzərkən skamyaların üstünü tədqiq etməyə başladım. İşin fərqində olan yoldaşım:

- Nə axtarırsan? – deyə soruşdu.
- Vaxtilə bunların üstünə adımı həkk etmişdim.
Yoldaşım qəhqəhəylə güldü:

- Yarım əsr vaxt keçib. O zamandan burada neçə skamya dəyişib. Əsən rüzgar, yağan yağmur hətta səni, məni dəyişdirib.
Heyhat, necə acı bir həqiqət! Hər şeyi silib-süpürən zaman, nə amansızsan!

Fəqət o vaxt belə şeylər ağlıma da gəlməzdi. Hər nə qədər həyat məni sıxışdırsa da, özünü acı xəbərdarlıqla xatırlatsa da, mən özünə qapanmış halda yaşamıma davam edirdim.

Fevralın sonu gəldi. Martın ortasına çatdıq. Evdən hələ də xəbər yoxdu. Neçə məktub yazdım, heç birinə cavab gəlmədi. Nə edəcəkdim? Ev sahibinin verdiyi möhlətdən yarım ay da keçdi. Onu gördüyüm zamanlar başımı aşağı əyirdim. Nəhayət, dilləndi:

- Əzizim Əhməd bəy, mənim səbrim deyil, taqətim tükəndi. Mən bu otağı kirayəyə vermək məcburiyyətindəyəm. Əmin olun ki, başqa cür hərəkət etmək imkanım olsaydı, sizə qarşı bunu etməzdim.
Nə deyə bilərdim ki? Tamamilə haqlı idi. Amma hara gedəcəkdim? Madama dedim ki:

- Sizə namus sözü verirəm. Mütləq haqqınızı ödəyəcəyəm. Bir yanlışlıq məni bu faciəyə məruz qoydu. Sizin artıq dözə bilməyəcəyinizi anlayıram. Mənim tutduğum otağı siz kirayəyə verin. Amma məni də özünüzdən uzaqlaşdırmayın. Mən heç kimi tanımıram. Kimsəm yoxdu. Sizdən rica edirəm, damın altındakı boşluqda qalmağıma icazə verin.
Qadın heyrətlə gözlərimin içinə baxdı və üzüntülü bir dillə:

- Yaxşı. Madam ki, razı olursunuz, buyurunuz. Lakin xəbərdarlıq edirəm ki, çox zəhmət və əziyyət çəkəcəksiniz.
- Hər şeyə dözəcəyəm, madam.
Bu gözəl qəlbli ixtiyar qadın damın altını özü təmizlədi, çarpayımı, əşyamı oraya daşıtdırdı.

Düz üç ay bu dar, qaranlıq, toz və həşəratla dolu yerdə qaldım. Yeməyim baqqaldan borcla aldığım südlü qəhvə, çörək və pendirdən ibarətdi. Gecələr yatmazdım. Düşüncə bir tərəfdən, taxtabiti digər tərəfdən rahatlıq verməzdi. Dan yerinin ağarmasını həsrətlə gözləyərdim. Tez yataqdan qalxardım. Qəhvəmi içər, kitablarımı qoltuğuma vurub küçəyə qaçar, Lüksemburq bağına gedərdim. Orada qapalı bir küncə çəkilərək yanımdakı fransız-rus lüğəti, əlimdəki Musset və Hugot və ya Toefil Gotyer kitabları ilə fransızca öyrənməyə cəhd edərdim.

1929-cu ildə Fransanı ziyarət etdim. Bütün bu yerləri zavallı yoldaşıma göstərərək keçirdiyim həyəcanı izah edərkən gözlərim yaşardı.

Yoldaşım güldü və dedi:

- Çəkdiyin əzablara 50 il sonramı təəssüflənirsən?
- Xeyr, xeyr. Ona görə deyil, Əksinə, həyatın ta ilk gündən mənə verdiyi işgəncələrə minnətdaram. Çünki bütün ömrüm boyu davam edən min cür imtahanlara keçirdiyim bu işgəncələr sayəsində dözə bildim. Məni xüsusilə mütəəssir edən ailəmin məni unutmuş olması idi. Necə oldu ki, aylarla xatırlamadılar.
- Bizim məmləkətdə sənə gələnə qədər, təhsil üçün ancaq Kərbəlaya və Nəcəfə övlad göndərirdilər. Onlara da ildə bir dəfə ziyarətçilər vasitəsilə pul göndərərdilər. Çünki tələbə imamın hövzəsinin yanındakı bir mədrəsəyə yerləşir, yaşamı da imamın otağından təmin edilirdi. Kimsə onları nə düşünər, nə də axtarardı. Sizinkilər Parisin qiyamət bir yer olduğunu haradan bilsinlər? Zənn ediblər ki, bura da Nəcəf kimi bir yerdir. Yoxsa, heç rahat olardılarmı?
Bəlkə də, doğru fikir idi. Fəqət, bu məsələni araşdıra bilmədim. Çünki Qafqaza qayıtdığım zaman həm zavallı anam, həm atam, həm də əmim vəfat etmişdi.

College de France

Hüquq məktəbinə hazırlıq və münasibətlərin genişlənməsi

Nəhayət, mayın ortasına doğru evdən cavab gəldi. Həmin günü heç unutmuram.

Sabah saat 9 radələrində yaşadığım damın taxta qapısı döyüldü. Ev sahibi olduğunu zənn edərək, “buyurun, madam” dedim.

Rəsmi geyimli biri əlində çanta ilə içəri girdi. Polis zənn etdim. Məgər, poçtalyon imiş. Evdən gələn pul ilə məktubu gətiribmiş. Məktubu aldım. Üstündə rusca “400 rubl” yazılmışdı. Sevinc və məmnuniyyətim hədsiz və sonsuzdu. Tək olsaydım, qalxıb Uzundərə oynayacaqdım.

Poçtalyon dəftərini uzatdı, bir yer göstərərək imzalamağımı istədi. Bir az gözləməsini bildirdim və madamı çağıraraq pul gəldiyini müjdələdim. Eyni zamanda poçtalyona 1 frank verməsini rica etdim.

Mənə yaxşılıq edərək qoruyanlara qarşı borclarımı ödəyərək utanmaq ehtimalından qurtulduğuma hədsiz məmnun idim.

İndi bu rus pullarını fransız frankları ilə dəyişdirmək lazımdı. Necə edəcəkdim? Gürcülərin yanına qaçdım. Onlar da mənim qədər sevindilər və biri məni Odeon teatrının yanındakı tramvay stansiyasına apardı və orada mənimlə bərabər cüt atla yürüyən tramvayın açıq üst hissəsinə mindik. Tramvay Bulvar Sen Mişeli, bir körpünü keçdi. Sonra Rivoli adlanan küçəni təqib edərək böyük bulvara doğru yol aldı. Mən bütün bunları ilk dəfə idi görürdüm. Böyük bulvarın üzbəüzündə tramvaydan endik və bir köşkün önünə gəldik. Dostum “buradır” dedi.

Bir rubla qarşı iki yarım frank verilirdi. Bu şəkildə min frank aldıq. Yenə eyni yol ilə evə qayıtdıq. 250 frank baqqala, 100 frank ev sahibinə, 100 frank küçə başındakı aylardan bəri nisyə qəzet aldığım qadına verdim. Mənim həvəs və təşəkkür ilə pul verməyim bu adamların çox xoşuna gəldi, “A votre service” deyərək qarşılıq verdilər.

Fransada necə yüksək insanlıq var! Heç tanımadıqları adama aylarla nisyə xidmət göstərmək, bu şəkildə çox insanı müşkül vəziyyətdən qurtarmaq. Sonradan anladım ki, digər tələbələr də bu insanlıqdan istifadə etməkdədirlər. Hətta baqqal mənə dedi ki:

- Əfəndim, bu kimi köməkliklər xüsusi bir şey deyil. İmkan verir ki, arada etimad yaransın. Bu etimad məsələsində ən öndə gələn türklərdir. Türk tələbəsinə nisyə otaq, yemək, hətta paltar da verirlər. Çünki bilirik ki, onlar nə olsa da, borclarını ödəyəcəklər. Lakin yunanlar belə deyillər. Yunan tələbəyə əsla etimad edilməz. Çünki pulları olduğu halda borclarını ödəməzlər.
Bütün borclarımı verdikdən sonra cibimdə 500 frank qalmışdı. Bir az paltar və çamaşır da tədarük etmək lazımdı. Bunlara da 200 sərf etdim. 300 qaldı.

İndi ilk işim, əlbəttə ki, mənzili dəyişdirmək idi. Rue de Glacier-də Madam Germaina adında bir xanımın pansiyonu vardı. Aylığı 75 və 90 frankdı. Biz 75-liyi tərcih etdik və üç aylıq pulu əvvəlcədən verdik. Üçüncü mərtəbədə balkonlu bir otağa yerləşdim. Artıq maddi yaşam baxımından heç bir şey düşünmürdüm.

Bu ərəfədə fransız dilini öyrənməkdə xeyli irəliləmişdim. Artıq sıxılmadan danışa bilirdim. Münasibətləri genişləndirməyə, irəliyə doğru getməyə başladım. Qaldığım pansionatda çoxlu romenlər, bolqarlar və iki iranlı həkimlə üç misirli də vardı. Sonuncularla dərhal anlaşdıq və görüşməyə başladıq. Onlar mənə evdə oturmaqdansa, məsələn College de France-yə, yaxud şərq dilləri məktəbindəki dərsləri dinləməyə getməyin daha daha faydalı, daha əyləncəli olacağını söylədilər. College de France daha yaxındı. Günün birində oraya getdim. Bina və bütün mühit məndə dərin təsir oyatdı. Orta əsrlərdən qalma bu köhnə binanın görünüşündə qəribə bir qüdsiyyət vardı. Parlaq və qurucu olduğu görünürdü. Təvazökarlıqla əzəmət onda qəribə bir ahəng yaradırdı. Baxçanın içərisindəki Volterin heykəli, illərdən bəri xəyalımda yaşatdığım böyük şəxsiyyətin zəif, qırışıq və məsxərəçi siması mənə hələ də ətrafına baxan, gördüyü zəiflikləri, axmaqlıqları və yanlışlıqları mərhəmətsizcəsinə qamçılayan canlı bir adam təəssüratı yaratdı.

Rue des Ecoles zəngin landolarla (fayton növü – D.Ə) dolmuşdu. Səbəbini soruşdum. Dedilər ki, Renanın dərs günüdür. Parisin ən ali və ən şıq bəyləri və xanımları ustadı dinləməyə gəlmişdilər.

Əsrlərin təsiri ilə qaralmış divara asılmış elanı oxudum. Anladım ki, burada Ecole des hautes etudes Pratique-nin dil və tarix şöbəsində Jaymis Darmişdater adında bir professor “Şahnamə” ilə “Zənd Avesta”nı izah edir.

Dərhal girdim. Kürsünün üstündə qozbel, kiçik bir insan gördüm. Önündə böyük həcmli kitablar vardı. Yanındakı stulda orta yaşlı, hündür, olduqca xoş bir xanım oturmuşdu. Öndəki iki sırada dinləyicilər sıx oturmuşdular. Diqqəti cəlb etmədən arxa sırada bir yerdə əyləşdim.

Ustad Firdovsidən bir şeir oxumuş, kəlmələri izah edirdi. İçəri daxil olduğum zaman “gül” kəlməsinin uzun əsrlər davam edən sərgüzəştlərini nəql edirdi. O nə uzun və tükənməz bir tarix! Bu tarixi danışmaq üçün nə uzun və tükənməz bir səbir! O nə sonu gəlməz vəsiqələr, ictihadlar! Ustad fars dilinin cəddi olan Zənddə bu kəlmənin “verta” şəklində olduğunu deyir. Fəqət gün keçdikcə, dövran dəyişdikcə “verta” da dəyişir. Əvvəlcə “gelta” olur, sonra “gelt” olur, sonra da “gül”. Fəqət bu “sonralar” yüz illərlə ölçülür və hər “sonra” hər dəyişmə sənədlərlə isbat edilir.

Heyran qaldım. Sabahdan etibarən müntəzəm davam edəcəyəm.

Soruşdum:

- Görəsən, belə bir şey türk dili üçün də varmı?...
(Əhməd bəy Ağaoğlunun öz əli ilə yazdığı xatirələri, təəssüf ki, burada bitir. Oğlu Səməd Ağaoğlu bununla bağlı yazır: “Atamın əllə yazdığı xatirələri bura qədərdir. Bundan sonra davam etmədi. Ölümündən iki ay əvvəl mənə bu sətirləri oxuduqdan sonra “artıq buraxacağam, xatirələrin içində boğulmaq məni sonsuz dərəcədə üzür, məndən sonra sizlər dəftərimdən təqib edərək yazarsınız”.

Hazırladı: Dilqəm ƏHMƏD


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər