Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonu Günəşli qəsəbəsində "Narkotikə yox deyək, dini radikalizm və erkən nikahlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, qəsəbədə yerləşən 285 saylı orta məktəbdə keçirilən tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov narkomaniyaya qarşıölkəmizdə davamlı işlər görüldüyünü, dini radikalizmə və erkən nigahlara qarşı qanun çərçivəsində əməli işlər aparıldığını deyib. N.Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir: "Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk.Bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub.Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur”.