Azərbaycan ədəbiyyatında ən sevdiyiniz sevgi şeirləri hansılardır?
Teleqraf.com bu sualla ədəbiyyat adamlarına müraciət edib.
Cavabları təqdim edirik.
Ədəbiyyatşünas Cavanşir Yusifli: “Əli Kərim “Qayıt”, Musa Yaqub “Öyrətmə özünə, öyrətmə məni”, “Alik Əlioğlu “Yad şəhərdə”. Seçimləri izah etmək çətindir. Sadəcə bu şeirlər yaxşıdır. Bu cür mətnləri izah etməzlər, seçimi də həmçinin. Çünki mətn də oxuyur”.
Yazıçı Səhər Əhməd: “Ramiz Rövşən “Yavaş-yavaş sevdim səni”, Vaqif Bayatlı “Səni niyə belə sevdim”, Mikayıl Müşfiq “Yenə o bağ olaydı”.
Şair Aqşin Yenisey: “Nəsimi “Ey nigarim, hardasan?”, Vaqif Səmədoğlu “Sevgilim, mən öləndə”, Vaqif Bayatılı Odər “Bir də bir kimsəni sevməyəcəyəm”.
Yazıçı Şərif Ağayar: “Sevgi deyəndə eşq nəzərdə tutulursa, siyahıma Füzulinin lirikası başçılıq edir. Qadın-kişi münasibətlərindən danışırıqsa, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Əli Kərimin “Qayıt”, Ramiz Rövşənin “Ayrılıq” şeirlərinin adını çəkərdim. Səbəbsə sadədir, gözəl yazıblar”.
Ədəbi tənqidçi Əsəd Cahangir: “Məhəmməd Füzuli “Məni candan usandırdı”, Mikayıl Müşfiq “Yenə o bağ olaydı”, Ramiz Rövşən “Ayrılıq”, Əli Kərim “Qayıt”, Eldar Baxış “Sərçə balası”.
Şair Rasim Qaraca: “Mikayıl Müşfiq “Yenə o bağ olaydı”, Əliağa Kürçaylı “Yadına düşürəmmi”, Əli Kərim “İki sevgi”. Başqa sevgi şeirləri çoxdur, lakin bir qayda olaraq şairlər yaşamadığı hissləri yazırlar, daha çox söz oyunuyla ürəklərə yol tapmaq istəyirlər. Lakin adını çəkdiyim bu şeirlərdə əsl sarsıntı və böyük yaşanmışlıq var”.
Yazıçı Qurban Yaquboğlu: “Ramiz Rövşən “Sənsiz ölmək istəyirəm...”, Əli Kərim “Aut”, Məhəmməd Füzuli “Məni candan usandırdı”.
Şair Sevinc Elsevər: "Vaqif Bayatlıdan "Səni niyə belə sevdim?", Eldar Baxışdan "Sərçə balası" şeirini çox bəyənirəm. Əli Kərimdən, Rasim Qaracadan da sevdiyim şeirlər çoxdur. Rasim sevgini yaza bilir. Məncə, Vaqif Bayatlı, Rasim Qaraca sevgini ən gözəl anladan şairlərimizdi. Bizim ədəbiyyatımızda bu mövzuda şeir çoxdur. Ən yaxşılarını qeyd etmək çətindir. Ola bilsin, daha çox sevdiyim şeirlər hazırda yadıma düşmür".
Yazıçı Pərviz Cəbrayıl: “Şeiri ədədə ayırmağı sevmirəm. Ancaq bir kəlmə Füzuli desəm, məncə, suala cavab vermiş olaram”.
Yazıçı Kənan Hacı: “Sevgi poeziyanın hərəkətverici qüvvəsidir. İstənilən şeirin mayasında sevgi var. Birbaşa sevgidən bəhs eləməyən şeirlər var ki, böyük sevgi hesabına yaranıb. Konkret desək, bizim ədəbiyyatımızda mənim sevdiyim sevgi şeirləri çoxdur.
Amma üç şeiri seçmək lazım gələrsə, mən bunları deyərdim: Musa Yaqub “Öyrətmə məni”, Ramiz Rövşən “Yavaş-yavaş sevdim səni”, Eldar Baxış “Sərçə balası”.
Yazıçı Çinarə Ömray: “Vaqif Bayatı Odər in “Səni sevmək istəyirəm” şeirində səmimiyyət var. Adam şeiri qucaqlamaq istəyir. Salam Sarvanın “Biz də ölərik doğmam” şeiri son günlər dua kimi dilimdədi. Elvin Paşanın “Saçlarına qurban olum” şeiri. Sonuncu mənə yazılıb...”
Yazıçı Mirmehdi Ağaoğlu: “Mikayıl Müşfiq “Yenə o bağ olaydı”. Əli Kərim “İki sevgi”, Vaqif Bayatlı Odər “Səni niyə belə sevdim”.
Şair Aysel Abdullazadə: “Musa Yaqubun şeirlərini oxuyanda yaşamamaq mümkün deyil. Sanki şeirin tunelinə girirsən və şeir bitənə qədər o tunellə yazılanı yaşayaraq keçirsən. “Öyrətmə özünə, öyrətmə məni” şeiri tam bir sevgi yaşantısı deyilmi? Nüsrət Kəsəmənlinin “Etiraf” şeirini həm bir oxucu, həm bir qadın, həm də qadın mövzusuna həssas və dərin yanaşan yazar kimi bəyənirəm. Bunu çoxları qəbul etməsə də, mən sevgi şeiri adlandırıram.
Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri yaddaşımdan heç vaxt silinməyənlərdəndir. O qədər həssas, duyğulu və axıcı şəkildə qələmə alıb ki, oxuyanda insan özünü o “bağda” hiss edir”.
Şair Hədiyyə Şəfaqət: “Vaqif Bayatlı Odər “Səni niyə belə sevdim”, Xanəmir Telmanoğlu “Şəms”, Musa Yaqub “Öyrətmə özünə, öyrətmə məni”. İlk bunları xatırladım. Hər üç şeiri səs-küysüz, dinc havasına görə sevirəm”
Qiraətçi Xəzər Süleymanlı: “İlk olaraq ağlıma bir neçə şeir gəldi, ancaq nədənsə ilk üçlük qeyri-ixtiyari olaraq belə düzüldü: Eldar Baxış “Sərçə balası”, Ramiz Rövşən “Ayrılıq”, Bəxtiyar Vahabzadə “Unutmaq istərəm”.
Hər üç şeir dilimin əzbəridir. Maraqlısı budur ki, bu şeirlər ummadığım anda, ummadığım yerdə dilimin ucunda peyda olur”.
Şair Şəfiqə Şəfa: “Ümumiyyətlə bütün şairlərin yaradıcılığında sevgi şeirləri var, bunsuz mümkün deyil. Çünki sevgi poeziya üçün ən yararlı materialdır. Amma elə şairlərimiz var ki, onların yaradıcılığının bütünü sevgidən ibarətdir. Mənə görə bu üçlük zirvəsində Mikayıl Müşfiq, Nigar Rəfibəyli və Ramiz Rövşənin şeirləri dayanır. Konkret götürsək, “Yenə o bağ olaydı”, “Neyləyim”, “Qara paltarlı qadın”... Bu şeirlərdə sevgi süjet şəklindədir. Boğazdan yuxarı deyil, səmimi və canlıdır”.
Yazıçı Sayman Aruz: “Şəhriyarın "Xan nənə" şeiri – uşaqlıq sevgisi, bəşərin yaşada və təcrübə edə biləcəyi ən təbii eşq məhz bu şeirdə təsvir edilib. Etiraf etməliyik ki, bizim hər birimizin ilk sevgimiz məhz ailə, ana, atadır.
Nizami Gəncəvinin “Leyli-Məcnun”u. Bu əsər insanın həm özü, həm başqaları və Allahla olan eşq münasibətlərinin təsviridir. İlahi eşq məcazi eşqdən başlasa da sonda aşiqi elə ilahiləşdirir ki, xalqın qarşısında bir növ Allaha çevrilir. Üçüncü isə Söhrab Tahirin “Çöpü də ikiyə bölmərəm daha” şeiridir”.