22 Oktyabr 2018 19:40
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Baku Open Cyber Cup” turniri keçiriləcək. Turnir çərçivəsində Heydər Əliyev Mərkəzində “Xbox” platformasında “FIFA 19” və “Mortal Kombat” oyun növləri üzrə yarışlarla yanaşı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən “Robo Futbol” turniri də təşkil olunacaq.

Nazirıikdən Teleqraf.com-a verilən məlumata görə, turnir robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm-texnikaya maraq oyadılmasına xidmət edir.

Turnirdə seçilmiş ümumtəhsil məktəblərin komandaları onlara məxsus robotlarla iştirak edəcək.

Qeyd edək ki, robotlar müəyyən olunmuş çəki və ölçü limitlərini keçməməlidir. Belə ki, hündürlük 22 santimetrdək, çəki limiti isə 1 kiloqram olmalıdır. Eyni zamanda, robotlar yalnız “leqo” parçalarından istifadə edilərək hazırlanmalıdır.

İştirakçılar yarışa komanda şəklində qatılacaqlar. Qaydaya görə, komandada iştirakçıların sayı 2 və ya 3 nəfər olmalıdır. Komandaların hər biri iki avtonom robotla yarışa bilər. Bu robotlar “Dünya Robot Olimpiadası” standartlarına uyğun masada infraqırmızı şüalar ötürən topu təqib edərək rəqib komandanın qapısından keçirməlidir.

Oyunlar hər biri 5 dəqiqə olmaqla, iki hissədən ibarət olur. Yalnız final oyunu 10 dəqiqə ola bilər. Komandalar final mərhələsinə keçmək üçün əvvəlcə qrup mərhələsini adlamalıdır. Qrupda hər qalibiyyət 3 xal, bərabərlik 1, məğlubiyyət isə 0 xalla qiymətləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər