Azərbaycanda Prezidenti ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına həmişə yüksək diqqət göstərib.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili deyib.
O qeyd edib ki, hətta 2013-cü il Azərbaycanda “İKT ili” elan olunmuşdu:
“Ümumiyyətlə, bu gün dünyada İKT-nin inkişafında süni intellektin inkişafı əsas yer tutur. Çünki gələcəkdə iqtisadiyyatın digər sahələrinin, xidmət sferalarının süni intellektlərə malik robotlar tərəfindən idarə olunması əsas istiqamətlərdən biridir. Bildiyiniz kimi, İmişli rayonunda “ASAN Həyat” kompleksi açıldı. “ASAN Həyat” kompleksinin əsas hədəflərindən biri isə Azərbaycan iqtisadiyyatında gedən islahatları dəstəkləmək, yeni-yeni innovasiyalarla cəmiyyət qarşısında çıxış etmək və bu yenilikləri inklüziv, yəni əhatəli olaraq həm iqtisadiyyatda, həm də cəmiyyətin müxtəlif təbəqələrində yaymaqdır. Məhz “Sofiya”nın – süni intellektə malik robotun İmişlidə “ASAN Həyat” mərkəzinin açılışında iştirakı, ölkə prezidenti ilə ünsiyyətdə olması bir tərəfdən Azərbaycan rəhbərliyinin, xüsusən başda cənab Prezidentin yeniliklərə, innovasiyalara və süni intellektə göstərdiyi diqqətin, eyni zamanda bu süni intellektin gələcəkdə oynaya biləcəyi mühüm rolun nəzərə alınması ilə bağlı bir mesaj idisə, digər tərəfdən ümumilikdə, Azərbaycanda həyata keçirilən islahatların getdikcə daha yeni keyfiyyət mərhələsinə keçməsi deməkdir. Bu mərhələdə də innovasiyalara, yeniliklərə, texnologiyalara üstünlük verilməsi önəm daşıyır. Biz rəqabətqabiliyyətli, eyni zamanda ixraca yönəlmiş bir iqtisadiyyat qururuq. Bizim həm sahibkarlarımız, bəm də iqtisadi strukturlarımız xarici ölkələrdə getdikcə daha müxtəlif formalı rəqabətlə üzləşir. Bu baxımdan ölkədə yeniliklərin, süni intellektin tətbiqi iqtisadiyyatın rəqabətqabiliyyətini daha da artıracaq. Düşünürəm ki, bunun ölkənin iqtisadi inkişafına da dolayı yolla təsiri olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Prezident mərkəzdə innovativ yeniliklərlə tanış olub. Dövlət başçısına dünyaca məşhur robot “Sofiya” təqdim olunub. Prezident İlham Əliyev robot “Sofiya” ilə söhbət edib.
Robot “Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.