Azərbaycan artıq inkişafının elektron informasiya dövrünü yaşayır. Bu gün Azərbaycanın innovasiyalara geniş yer verilməsi, elektronikanın inkişafı bir sıra sahələrdə özünü göstərir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
O qeyd edib ki, “ASAN Xidmət” mərkəzlərinin, “ASAN Həyat” komplekslərinin yaradılması və bu yolla əhaliyə rahat xidmətlərin göstərilməsi və Azərbaycanda belə bir mühitin yaradılması ölkəmizə dünyaca məşhur robot “Sofiya”nın gəlməsinə zəmin yaradıb:
“Bu gün “Sofiya” artıq Azərbaycandadır. Onun İmişlidə “ASAN Həyat” kompleksinin açılışında təqdim olunması, cənab Prezidentlə dialoqu onu deməyə imkan verir ki, bu gün Azərbaycanda həyata keçirilən müasir innovasiyaların tətbiqi istiqamətindəki siyasət dünya tərəfindən qəbul olunur və çox yüksək səviyyədədir”.
Milli Məclisin deputatı əlavə edib ki, Honkonqda yerləşən “Hanson Robotics” şirkətinin inkişaf etdirdiyi sosial humanoid robotu olan “Sofiya”nın Azərbaycana gəlişi ölkədə İKT-nin inkişafına böyük diqqət yetirilməsi, həmçinin informasiya mühitinin elektronlaşması ilə bağlıdır:
“Azərbaycan elektron iqtisadiyyat qurur və xidmətlər də elektronlaşıb. “ASAN Xidmət”in özünü götürək, bu gün bir mərkəzdən çoxlu dövlət orqanları tərəfindən 24 xidmət təqdim olunur. “Sofiya” robotun Azərbaycana gəlişi də məhz “ASAN Xidmət” kimi bir brendin formalaşması ilə bağlıdır. Bu, həmçinin ölkədə süni intellektin inkişafından xəbər verir. Bu robot özü süni intellektin nəticəsidir. Azərbaycanda bu istiqamətdə görülən işlər və süni intellektin meydana gəlməsi bütün sahələrdə özünü göstərir. Robotun özünün gəlişi də ölkədə süni intellektin inkişafı ilə bağlıdır”.
Qeyd edək ki, “Sofiya” süni intellekt əsaslı robot 2017-ci ilin oktyabrında dünyada ilk dəfə olaraq hər hansı bir ölkənin vətəndaşlığını alan ilk robot oldu. Sofia jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir.