24 Oktyabr 2018 19:00
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Türkiyədə yaşayan azərbaycanlı professor, siyasi şərhçi Toğrul İsmayılla müsahibəni təqdim edir:

- Toğrul bəy, İstanbuldakı Səudiyyə konsulluğunda jurnalist Camal Qaşıqçının qətli ətrafında beynəlxalq qalmaqal səngimək bilmir. Bu hadisəni necə qiymətləndirirsiniz?

- Jurnalistin konsulluqda qətlə yetirildiyi ilk gündən bəlli idi. Hətta jurnalist qəddarcasına öldürülüb, cəsədi doğranılıb və yox edilib. Bu, Səudiyyə rejiminin yürütdüyü siyasətin nəticəsidir. Amma Türkiyə maraqları baxımından yaranan vəziyyət Ankara-Riyad münasibətlərinə ciddi təsir edə bilər. Bu baxımdan Türkiyə dövləti çalışır ki, əlaqələr zədələnməsin.

- Sizcə, bu qətl qlobal siyasi prosesin tərkib hissəsidir, yoxsa sırf düşmənçilik zəminində baş verən cinayət hadisəsidir?

- Əslində çox qlobal hadisə hesab olunmalıdır. Törədilən cinayətin motivi, bunun başqa bir ölkənin daxilindəki konsulluqda həyata keçirilməsi, sözsüz ki, ümumbəşəri dəyərlərin, demokratiyanın, diplomatik toxunulmazlığın ayaqlar altına atılmasıdır. Səudiyyə konsulluqlarına bundan sonra vətəndaşların nə dərəcədə güvənməsi, müxalif düşüncəli insana qarşı qətlin konsulluqda həyata keçirilməsi və bunu edənlərin iqtidara yaxın olması əslində qlobal xarakterlidir. Yəni bu qətl ümumbəşəri insan haqları dəyərləri əsasında qiymətləndirilməlidir.

Camal Qaşıqçı hadisəsi başqa bir detalı da gündəmə gətirir. Bu, qətl hadisəsindən sonra “dövlətlətlətrarası əlaqələrə, yoxsa insani dəyərlərə üstünlük verilməlidir” sualı ilə bağlıdır. Bunun nümunələrindən biri Prezident Trampın “bir jurnalistə görə, Səudiyyə Ərəbistanı ilə münasibətlərimizi poza bilmərik, bizim Səudiyyə ilə 110 milyardlıq ticarətimiz var” mövqeyindən çıxış etməsidir. Bu gün dünyanı narahat edən budur. Hətta amerikalı senatorlar da deyir ki, ABŞ Səudiyyə Ərəbistanının pulunun altına girib. Jurnalistin ölümündən sonra “dövlətlətlərarası əlaqələrəmi, yoxsa ümumbəşəri dəyərlərəmi üstünlük verilməlidir” seçimi ortaya çıxır.

- Məlum qətl hadisəsi Səudiyyə Ərəbistanı üçün hansı siyasi nəticələr yarada bilər?

- Türkiyə tərəfi bu hadisənin ədalətli şəkildə araşdırılması üçün Kral Salmana təklifini verib. Riyada təklif olunub ki, jurnalistin ölümü ilə əlaqədar həbs edilən 18 nəfərin məhkəmə prosesi Türkiyədə aparılsın. Əslində Camal Qaşıqçının öldürülməsi böyük skandaldır və çox adamı çıxılmaz vəziyyətdə qoyub. Bu məsələdə Səudiyyə bir dövlət olaraq zərbələr alacaq. Bu biabırçılığın altından çıxmaq elə də sadə məsələ deyil.

Hazırda Səudiyyə Ərəbistanı maksimum cəhdlərlə vəliəhd Məhəmməd bin Salmanın qətldə əlinin olmadığını ortaya çıxarmağa, qətlin fərdi təşəbbüs olduğunu sübut etməyə çalışır. Əslində məsələnin mahiyyəti aydındır. Səudiyyə bu məsələni nə qədər gecikdirirsə, bunun bədəli bir o qədər ağır olacaq.

- Bədəl nə ola bilər?

- Açıq demək lazımdırsa, bu hadisədən sonra Səudiyyə Ərəbistanı birbaşa Amerikanın təsirinə düşəcək, daha asılı olacaq və dili qısalmış vəziyyətə gələcək.

- Avropa ölkələrinin baş verən hadisələrə daha sərt reaksiyası var...

- Avropalılar bu baxımdan Amerikadan fərqli yanaşma ortaya qoyur. Türkiyənin məsələsi belədir ki, Səudiyyənin qonşusudur, region dövlətidir. Yəni bu reallığı nəzərə almalıdır. Eyni zamanda bu, ciddi məsələdir. Səudiyyənin bu hadisənin altından necə çıxacağını söyləmək çətindir.

- Siz düşünürsünüz ki, şahzadə Məhəmməd bin Salmanın vəliəhd statusunun ləğv edilməsi ilə qalmaqal sakitləşər?

- Mənim fikrimcə, Məhəmməd bin Salmanın vəliəhd statusundan gedəcəyi ehtimalı yüksəkdir. Amma görünən odur ki, Kral Salman hələlik bu addıma getmək istəmir. Əslində hadisə baş verdiyi ilk dövrlərdə Kral Salman bu addıma getsəydi, bəlkə də qalmaqal indiki səviyyədə olmazdı. Belə addım atılmadı və nəticədə bu məsələ günü-gündən beynəlxalq skandala çevrilir.

- Bəzi ekspertlər deyirlər ki, Camal Qaşıqçı məsələsində Türkiyə müsbət hərəkətləri ilə imicini düzəltməyi bacardı, amma bu hadisəni daha çox qabartmaqda Türkiyə regional maraqlarını təmin etmək istəyir...

- Bunu deyənlər tamamilə haqlıdır. Türkiyənin maraqları var. Səudiyyə Ərəbistanı bölgədə Türkiyəyə meydan oxumağa çalışırdı. Hətta amerikalılar Türkiyənin regionda rolunu zəflətmək kontekstində Məhəmməd bin Salmanın islahatçı nağıllarını ortaya atırdı. Bu hadisə Türkiyənin bölgədə daha demokratik, daha insani dəyərlərə sahib olduğunu, Avropa və Qərblə daha yaxın olduğunu ortaya çıxarır. Ən vacibi Türkiyədəki hüquq sisteminin daha üstün səviyyədə olduğu nümayiş etdirildi. Eyni zamanda bu hadisə Səudiyyə Ərəbistanını Türkiyədən asılı vəziyyətə saldı.

- Bundan sonra Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələri daha da pisləşə bilərmi?

- Əvvəla, bu hadisənin üzərindən Türkiyə sükutla keçə bilməzdi. Çünki bu Türkiyənin imicinə ciddi zərbə olardı. Hadisə Səudiyyə ərazisi hesab olunan konsulluqda olsa da, amma bu, İstanbulda yerləşir və Türkiyə ərazisidir. Bu səbəbdən də Türkiyə imicini nəzərə alaraq bu işin üzərinə getməli idi. Amma mən bu hadisənin Türkiyə-Səudiyyə əlaqələrinə təsirləri haqqında danışmağı yersiz sayıram. Nəzərə alaq ki, buna qədər də münasibətlərdə çoxlu problemlər vardı və əslində düzələcək problemlər də deyil. Bu hadisə hələlik Türkiyənin lehinə işləyir.

- ABŞ Dövlət Departamentinin 21 səudiyyə rəsmisinə viza sanksiyası tətbiq etməsi nədən xəbər verir ?

- Bu addım Camal Qaşıqçı hadisəsinə adekvat deyil. Sanksiyalar, cəhdlər, iqtisadi addımlar ölkələrə ciddi təsir etmir. Sadəcə ABŞ görməli olduğu işin xətrinə belə addım atıb. Çünki dünyanın da gözləntisi var.

- ABŞ Məhəmməd bin Salmanı sona qədər qorumaq xəttini seçəcək?

- Bu, şübhəsizdir. ABŞ Səudiyyəni itirmək istəməz. Söhbət zəngin bir ölkədən gedir. ABŞ maksimum onun pulunu əldə etməyə çalışacaq. Bu baxımdan ABŞ-ın addımları öz maraqları çərçivəsində atılır. Tramp hadisənin ilk günündən baş verənlərə realist və iqtisadi maraqlar çərçivəsində yanaşma tərzi ifadə edir. Məhz bu səbəbdən də “dövlətlərin iqtisadi maraqları vacibdir, yoxsa ümumbəşəri ideyaların qorunması” məsələsi gündəmə gələcək, ciddi müzakirələr başlanacaq.

Bütün hallarda bu hadisə dünyada böyük bir iz buraxdı. Və bəzi dəyərlərin yenidən qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bu hadisə həm də ərəb coğrafiyasında jurnalistlərə qarşı hücumları səngidəcək və ya qələm adamlarına qarşı daha ehtiyatlı tərpənməyə səbəb olacaq. Çünki ortada dünyanın kəskin reaksiyası var. Səudiyyədə iqtisadi forumun keçirilməsi gözlənilirdi, ancaq dünya ölkələri bu forumu boykot etdi. Forumun saytı dağıdıldı və xakerlər saytın yerinə Məhəmməd bin Salmanla İŞİD-in rəsmilərini qoydu. Məncə, bu xəmir çox su aparacaq.

- Nəhayət, jurnalisti öldürənlər layiqli cəzasını alacaqmı?

- Türkiyə hökuməti Kral Salman qarşısında bu məsələni qaldırıb. Bu daha çox Səuiyyədən asılı məsələdir. Cinayətkarlar Səudiyyə vətəndaşlarıdır. Burada Türkiyədən və ABŞ-dan daha çox Səudiyyənin davranışlarının necə olacağı mühümdür.

- Məşhur bir sual var: bu ölüm kimə sərf edirdi?

- Səudiyyə rəsmilərinin qəzetçini bu şəkildə öldürməsi anlaşılan deyil. Çix qəddar, orta əsirlər deyil, insan oğlunun yaranışının ilkin dövrlərindəki qətl hadisələrinə çox bənzəyir. Bu hadisənin kimə sərf etdiyini deyə bilmərəm. Ola bilsin ki, ortada şəxsi intiqam və qisas istəyi də olub. Amma “bu hadisə kimin işinə daha çox yarayacaq” sualına cavab axtarılmalıdır. Hələlik görünən odur ki, bu hadisə daha çox ABŞ-a yarayır. Və onlar bundan daha uduşlu çıxacaq. O cümlədən İsrailin də uduşu olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər