26 Oktyabr 2018 18:14
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulub”. Bu sözləri Prezident İlham Əliyev "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı deyib.

O qeyd edib ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması sosial və humanitar sahədə çox önəmli təşəbbüsdür: “Əgər qonaqlarda imkan olarsa, onlar Bakı şəhərində fəaliyyət göstərən beş mərkəzdən birinə baş çəkə bilərlər. Görə bilərlər ki, doğrudan da Azərbaycan texnologiyaları əsasında, sırf Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” necə fəaliyyət göstərir. Bu il bu mərkəzlərin sayı 15-ə çatdırılacaq, 5-i Bakıda, 10-u bölgələrdə. Bu mərkəzlərdə bir binada 300-dən çox xidmət göstərilir və vətəndaşların “ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulub. Bir neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olub və onların mütləq əksəriyyəti təmin edilib”.

Qeyd olunduğu kimi, son illər ictimai xidmətlər sahəsində neqativ hallara rast gəlinmir. Süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulub.

“Gündəlik Teleqraf” MMC-nin direktoru, sabiq millət vəkili Aynur Camalqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər korrupsiya, süründürməçilik və məmur bürokratiyasına qarşı mübarizənin nəticələrini artıq hər bir Azərbaycan vətəndaşı hiss edir.

A.Camalqızı bildirdi ki, birbaşa Azərbaycanın adı ilə bağlı olan və ölkəmizin dünyaya təqdim etdiyi ASAN, DOST və s. kimi özünü yüksək səviyyədə doğruldan layihələr böyük maraq doğurub: “ASAN xidmət” nəinki qonşu ölkələrdə, eyni zamanda, Qərb dövlətlərində belə diqqətlə izlənir və bu layihənin korrupsiyaya qarşı mübarizədə misilsiz olduğu xüsusi vurğulanır. “ASAN xidmət” dünyaya təqdim etdiyimiz bir nümunədir. “Bir pəncərə” sistemində qüsursuz və şəffaf fəaliyyət göstərən “ASAN xidmət” xalqın ən güvəndiyi məkandır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, bu nümunələr birbaşa Prezidentin nəzarəti və təşəbbüsü ilə yaradılıb: “Cənab Prezident korrupsiya və bürokratiyaya qarşı mübarizənin nümunəvi bir modelini nəinki yaratdı, həm də bu nümunə dünyaya təklif edildi. Bu, bir tərəfdən, Azərbaycanın korrupsiya və rüşvətə qarşı mübarizədə, şəffaflığın qorunmasında səmimiliyini nümayiş etdirirsə, digər tərəfdən, hakimiyyətin sosial problemə həssaslığının görüntüsüdür. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan korrupsiya ilə bağlı mübarizədə yeni innovativ model tətbiq və təbliğ edən ölkəyə çevrilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər