Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forum təkcə Azərbaycan yox, bütün dünya üçün əhəmiyyət kəsb edən tədbirlərdən biridir. Çünki forumda müasir dünya üçün çox vacib məsələlər müzakirə olundu.
Bunu Teleqaf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizlik məsələlərində mühüm işlərin həyata keçirilməsinə nail olub:
“Bu forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır. Forumun keçirilməsi bir daha göstərir ki, Azərbaycan humanitar məsələlərin müzakirə məkanına çevrilib. Azərbaycanın ideoloji baxımdan qazandığı uğurlar ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin işğalçı ölkədən qat-qat yuxarıda olduğunu nümayiş etdirməkdə böyük rol oynayır.
Həmçinin forum Ermənistanın işğalçı ölkə olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm bir tribunadır.
Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir foruma ev sahibliyi etməsi humanitar dəyərləri, insani duyğuları önə çəkməsi bir daha dünyaya çağırış kimi yadda qaldı. Belə tədbirlər heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət etməklə bərabər, həm də beynəlxalq ictimai rəydə Azərbaycan haqqında həqiqətlərin formalaşmasına əsaslı zəmin yaradır”.
E.Aşırlı qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz hər zaman beynəlxalq tədbirlərin keçirilməsini yüksək səviyyəli ev sahibliyi ilə reallaşdırıb:
“Azərbaycan keçirdiyi beynəlxalq tədbirlərdən hər zaman alnıaçıq çıxıb və sözün əsl mənasında təşkilatçılıq bacarığı ilə dünya ölkələrini heyrətləndirməyi bacarıb. Təbii ki, Ermənistan tərəfi digər sahələrdə olduğu kimi bu sahədə də bizdən çox geridədir.
Bir neçə həftə öncə ev sahibliyi etdikləri Frankofoniya Sammitində biabir olmaları da bunun bariz nümünəsidir. Hərçənd Frankofoniya Sammiti heç də yüksək səviyyəli bir tədbir deyil”.