Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirib.
DİM-dən Teleqraf.com-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 15 nəfər imtahana gəlməyib.
Nəticələr DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:
BA1 altqrupu üzrə – 1 nəfər;
BA2 altqrupu üzrə – 1 nəfər;
BA3 altqrupu üzrə – 21 nəfər;
BA4 altqrupu üzrə – 39 nəfər;
BB1 altqrupu üzrə – 124 nəfər;
BB2 altqrupu üzrə – 118 nəfər;
BB3 altqrupu üzrə – 173 nəfər;
BB4 altqrupu üzrə – 190 nəfər olmaqla, ümumilikdə 667 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Artıq inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün oktyabrın 28-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün 29 oktyabr saat 10:00-dan 12 noyabr saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.
Qeyd edək ki, ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.