Oktyabrın 28-də Azərbaycan kommunistləri Lenin komsomolunun 100 illiyinə həsr olunmuş tədbir keçiriblər.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, iclas salonuna rus-bolşevik inqilabının lideri Vladimir Leninin büstü qoyulub, dəfnə budaqları içərisində “100” rəqəmi və “komsomol” sözləri, həmçinin respublika və Bakı komsomol təşkilatlarının təltif olunmuş bayraqlarının fotosu asılıb.
Yığıncağı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədrliyinə iddia edən Gülnuisə Mənsimova açıb.
Tədbirdə keçmiş Azərbaycan SSR-in dövlət himni səsləndirilib.
Gülnuisə Mənsimova Lenin komsomolunun 100 illiyi haqqında məruzə edib. Daha sonra məruzə ətrafında çıxışlar başlayıb.
Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov deyib ki, Lenin komsomolu sovet vətəni ilə birlikdə böyük və mərdanə mübarizə yolu keçib, yenilməz mətanəti və Lenin vəsiyyətlərinə hədsiz sədaqətini sübut edib:
“İnqilabın səfərbər etdiyi və ruhlandırdığı komsomol oktyabr həmlələrinin gücünü və vətəndaş müharibəsinin qırmızı alayların müzəffər yürüşünü, sənaye quruculuğunun vüsətini və kollektivləşmə uğrunda sinfi çarpışmanın, faşizm taununa qarşı ölüm-dirim vuruşmasının şücaətini və müharibədən sonrakı nəsillərin əməllərini özündə təcəssüm etdirib. Komsomolun tarixi milyonlarla gənc mübarizin cəsarəti və qəhrəmanlıqla dolu 100 ili deməkdir”.