29 Oktyabr 2018 17:18
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbində brayl əlifbası ilə çap olunan kitabın təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, kitab sağlamlıq imkanları məhdud şəxslər üçün fövqəladə hallara dair təlimat kitabıdır ki, yalnız əllə oxuna bilər.

Layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Layihənin müəllif və koordintoru Elman Süleymanov kitab haqqında məlumat verib: “Kitabda fövqəladə hallara dair təlimatlar yer alıb. Brayl əlifbası ilə olan kitabda gözdən əlilliyi olan şəxslərin bu məlumatları istədikləri vaxt rahat əldə edə bilməsi üçün zəlzələ, yanğın, dəm qazından zəhərlənmə, partlayış, hava nəqliyyatında təhlükəsizlik qaydaları, ilkin tibbi yardım, ekstremal anlarda qısa nömrələrdən düzgün istifadə qaydaları var”.

Elman Süleymanov layihənin ərsəyə gəlməsindən danışıb: “Bir dəfə səfərdə olarkən qəza zamanı təyyarədə nə etmək lazım olduğu izah edilirdi. Bir anlıq düşündüm ki, qəza baş versə mən nə edərəm... Beləliklə kitabı ərsəyə gətirməyi düşündüm.

Müvafiq məlumatları mütəxəssislər topladı ki, görmə qabiliyyəti olmayan adam oxuyanda nə etmək lazım olduğunu anlasın”.

ABŞ səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Mişel Petersen qeyd edib ki, səfirlik belə bir ictimai əhəmiyyət kəsb edən layihəni dəstəkləməkdən çox məmnundur: “Səfirlik icma proqramları ilə bağlı layihə elanı vermişdi, bu da Azərbaycanda fərd və qurumlara icmanı dəstəkləyə biləcək layihələrlə çıxış etmək imkanı yaratmışdı. Həmin layihələr arasında böyük rəqabətlə bu layihə seçilib”.

5 saylı internat məktəbinin direktoru İradə Vəzirova deyib ki, kitab şagirdlər, dərs deyən müəllimlər, tərbiyəçi və valideynlər üçün də çox böyük vəsaitdir: “Bizim məktəbimiz 80 ildən çoxdur mövcuddur, məktəbin məzunları evdə oturub işsiz qalan insanlar deyil. Bizim məzunlarımız cəmiyyətdə layiqli yer tutur. Layihəni reallaşdıran Elman Süleymanov da bizim məzunumuz olub”.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Gənclərlə iş şöbəsinin əməkdaşı Emil Yusifov, UNİSEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavin Min Yuan, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov və Təhsil Nazirliyinin nümayəndəsi Cəmilə Tağıyeva çıxış edərək kitabın əhəmiyyətinin danışıblar.

Təqdimatdan sonra kitab sağlamlıq imkanları məhdud kitab uşaqlara və müəllimlərə paylanıb.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər