“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Dini ekstremizm və radikalizmlə mübarizə məqsədilə təlimlərin təşkili” adlı layihə çərçivəsində Hacıqabul və İsmayıllı rayonlarında seminar keçirilib.
Teleqraf.com xəbər verir ki, 50 nəfərdən çox Hacıqabul sakininin iştirak etdiyi seminar Heydər Əliyev Mərkəzində baş tutub. Hacıqabul rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Elvin Şıxəliyevin də iştirak etdiyi tədbir 2 saatadək davam edib, tədbirdə dini radikalizm və ekstremizm barədə iştirakçılara geniş məlumat verilib.
İsmayıllı rayon Mərkəzi Uşaq Kitabxanasının konfrans zalında keçirilən seminarda isə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Nəsimi Teymurov, yerli mətbuat və ictimaiyyət nümayəndələri, din xadimlərindən ibarət 60-a yaxın insan iştirak edib.
Hər iki tədbirdə ekspert və təlimçi kimi iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov iştirakçılara dini tolerantlıq, antiterror və ekstremizm barədə məlumat verərək bildirib ki, tədbirin əsas məqsədi Azərbayca¬nın tolerantlıq modelinin gənclər arasında təbliği, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində gənclərin məlumatlandırılmasıdır.
İnteraktiv müzakirələrlə keçən tədbirlərin sonunda bütün iştirakçılara sertifikatlar paylanılıb. Tədbirlər çay süfrəsi arxasında davam etdirilib. Beləliklə də, layihə çərçivəsində nəzərdə tutulan seminarlara yekun vurulub.
Qeyd olunub ki, layihə Ceyhun Abbasovun rəhbərliyi ilə həyata keçirilib.