BMT-nin Miqrasiya Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Bakı şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasına başlayıb.
Teleqraf.com xəbər verir ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
Layihə eyni zamanda Azərbaycan hökumətinə kəhrizlərin bərpası ilə əlaqədar baş planın hazırlanmasına töhfə verəcək, yerlərdə kəhriz mühəndisləri və kankanların potensialını gücləndirəcək, mikro və kiçik sahibkarlığın yaradılmasına yardım vasitəsilə məcburi köçkünlərin, xüsusilə də qadınların kiçik sahibkarlıq fəaliyyətinə dəstək verəcək.
BMqT-nin layihədə nəzərdə tutduğu strategiya qadınları əsas benefisiar və su təminatının idarəediciləri olaraq görür.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak bildirib ki, ətraf mühit insan yerdəyişməsi və insanların cəmləşməsinə hər zaman öz təsirini göstərsə də, ətraf mühit, iqlim dəyişikliyi və miqrasiya arasında olan bu mürəkkəb əlaqəni yeni anlamağa başlayırıq: “Azərbaycanda kəhrizlərin bərpasının öncüsü olaraq BMqT kənd ərazilərində yaşayan minlərlə ailəyə faydalı olacaq bu sahədə işini davam etdirmək imkanını yüksək dəyərləndirirəm”.