1 Noyabr 2018 22:39
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Teleqraf.com xəbər verir ki, gündəlikdəki ilk məsələ Mətbuat Şurasına yeni üzvlərin qəbulu olub. MŞ sədri məlumat verib ki, Şuraya üzv olmaq üçün 70-dən çox kütləvi informasiya vasitəsi müraciət ünvanlayıb. Həmin müraciətlər «Mətbuat Şurasına üzvlük qaydaları»na uyğun olaraq nəzərdən keçirilib. Ümumilikdə media orqanlarının bir çoxu üzvlük qaydalarındakı tələblər çərçivəsində fəaliyyət göstərdiyini təsdiqləyib. Buna görə də növbəlilik əsasında üzvlüyə qəbulun həyata keçirilməsi qərara alınıb. Müzakirələrdən sonra «ilkxeber.org», «belediyye.info», «qaziler.az», «musteqil.az», «qht.az», «azinforum.az», «bakutime.az», «big.az», «sim-sim.az», «kobramedia.az», «sonxeber.az», «metbuat.az», «tehsil-press.az», «missiya.az» saytları, həmçinin «Türkologiya» jurnalı Mətbuat Şurasına üzv qəbul ediliblər.

Gündəlikdəki ikinci məsələ Şuranın Katibliyinin qurumun ötən 9 ay ərzində gördüyü işlərə dair hesabatının müzakirəsi olub. MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev məlumat verib ki, ötən müddətdə quruma ümumilikdə 651 müraciət daxil olub. Bunlardan 470-ni şikayətlər təşkil edib. Şikayətlərdən 225-i çevik araşdırma nəticəsində həllini tapıb. 155 şikayət üzrə əlavə araşdırmalara ehtiyac yarandığından Katiblik tərəfindən baxılmaqdadır. 87 şikayət Şuranın Şikayətlər üzrə Komissiyasının iclasında nəzərdən keçirilib, müvafiq rəylər qəbul edilib. Şikayətlərdən başqa MŞ-yə mənzil məsələləri, MŞ-yə üzv qəbul olunmaqla, jurnalistlərə fəxri adların verilməsi ilə bağlı da müraciətlər də daxil olub. Hesabat səsə qoyularaq qəbul edilib.

MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbərlik etdiyi komissiyanın hesabat müddətində 20-dək məsələni müzakirə etdiyini diqqətə çatdırıb. Bunlardan 4-ü əsasında cavabdeh KİV-in adının Şuranın «qara siyahı»sına daxil edilməsi rəyinə gəlinib. Bunlar «azeuronews.com», “tendensiya.com”, “milliyol.az” saytları və Dövrün nəbzi İnformasiya Agentliyidir (“dovrunnebzi.com”). İdarə Heyəti sözügedən KİV-lərin adlarının Şuranın “qara siyahı”sına daxil edilməsinə dair qərar çıxarıb.

MŞ-nin Şikayətlər üzrə Komissiyasının sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli komissiyanın 87 şikayətə baxdığını vurğulayıb. Bu şikayətlərdən bir çoxu barədə rəylər çıxarılıb, həmçinin Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına, eləcə də İdarə Heyətinə təqdimatlar verilib. İdarə Heyəti iclasda komissiyanın rəylərindən 5-i ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərarlarda cavabdeh KİV-lərə qarşı tərəfin mövqeyinə aydınlıq gətirmək, təkzib və üzrxahlıq mətninin dərci tövsiyə olunub. İdarə Heyəti həmçinin Şikayətlər üzrə Komissiyanın «demokratik.az» saytı ilə bağlı 24 oktyabr 2018-ci il tarixli rəyinin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair qərar qəbul edib.

İclasda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na əlavələrin edilməsi ilə bağlı Ə.Amaşovun məlumatı dinlənilib. MŞ sədri bildirib ki, bu məsələ Şuranın Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyi ilə birgə reallaşdırdığı «Azərbaycanda gender bərabərliyi və media azadlığı» layihəsi çərçivəsində irəli sürülüb. Təklifdə 4 prinsipdən ibarət olan AJPDQ-ya «Gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsi» adlı 5-ci prinsipin əlavə edilməsi və həmin prinsipin 4 bənddən ibarət olması nəzərdə tutulub. Müzakirələr nəticəsində təklifə müəyyən düzəlişlər edilməklə qəbul edilib. Şuranın İdarə Heyəti dəyişikliyin Azərbaycan jurnalistlərinin növbəti - 8-ci qurultayında müzakirəsinə dair qərar çıxarıb.

İdarə Heyətinin iclasında «reket jurnalistika»ya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı müzakirələr də aparılıb. Bildirilib ki, mövcud sahədə Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsi lazımdır. Bunun ən optimal yolu qurumun hüquqi statusunun dəyişdirilməsindən, onunla bağlı ayrıca qanunun qəbulundan keçir. İH üzvləri Mətbuat Şurası haqqında qanunun qəbulunun qurumun «reket jurnalistika» ilə mübarizə ilə yanaşı, eyni zamanda ümumən media məkanımızdakı proseslərə daha sıx qoşulması baxımından əhəmiyyətini izah ediblər. Onlar vurğulayıblar ki, oxşar praktika dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur və həmin təcrübənin ciddi şəkildə öyrənilməsinə ehtiyac var. «Reket jurnalistika», o cümlədən mediamızdakı digər neqativ təmayüllərlə mübarizə baxımından isə belə yanaşma xüsusilə effektivdir. Çünki qanun Şuranın istər KİV-lərin qeydiyyatı, istərsə də onlara qarşı məhkəməyəqədərki məsuliyyət növlərinin müəyyənləşdirilməsi nöqteyi-nəzərdən təsirli vasitədir. Burada həmçinin MŞ-nin cavabdeh KİV-lərlə əlaqədar məhkəmə qarşısında məsələ qaldırması və digər məqamlar da əksini tapa bilər. İclasda mövcud istiqamətdəki fəaliyyətin intensivləşdirilməsi qərara alınıb.

Sonda ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisinin tətbiqi müzakirə edilib. Bildirilib ki, sözügedən vergi 2016-cı ildən tətbiq edilir. Bu zaman Nazirlər Kabinetinin 2015-ci ildə ləğv olunmuş 11 saylı qərarına istinad olunur. Vaxtilə həmin qərara əsasən ölkəyə gətirilən həm qəzet və jurnallar, həm də qəzet kağızı ƏDV-dən azad idi. Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələrində də idxal olunan KİV məhsullarının ƏDV-dən azad olduğu vurğulanırdı. Hazırda Vergi Məcəlləsi qala-qala ƏDV Nazirlər Kabinetinin ləğv edilmiş qərarına əsasən tətbiq olunur. İdarə Heyətinin üzvləri qanunvericilikdəki bu ziddiyyətli məqamın dərindən araşdırılmasının vacibliyini vurğulayıblar. Onlar eyni zamanda qeyd ediblər ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə daxil olan vəsait elə də böyük deyil. Ancaq bu rəqəm media bazarına mənfi təsir göstərir. Buna görə də Vergi Məcəlləsinə istinadən ƏDV-nin tətbiqinin dayandırılması imkanları müvafiq qurumlarla birgə müzakirə edilməlidir. İclasda bununla əlaqədar konkret tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər