Havalar soyumağa başlayıb və qış fəsli yaxınlaşmaqdadır. Bu soyuq aylarda isə dəriyə xüsusi qulluq lazımdır. Bəs bunun üçün nə etmək lazımdır?
Teleqraf.com-un suallarını kosmetoloq Yeganə Kərimova cavablandırıb.
-Yeganə xanım, birinci olaraq dəriyə uyğun qulluğun tipini necə müəyyən etmək olar?
-Əlbəttə ki, konsultasiya lazımdır, bu zaman dərinin hansı tip, yağlı, quru və normal olduğunu öyrənmək olar. Hətta normal dəriyə belə qulluq etmək lazımdır ki, normal qala bilsin.
-Ev şəraitində dərinin tipini müəyyən etmək olarmı?
-İndi xanımlar öz dərilərini müəyyən edə bilirlər, amma çox vaxt səhvə yol verirlər. Elə prosedurlar var ki, orada səhv
etmək olmaz.
-Dərini nəmli saxlamaq üçün nə etmək lazımdır?
-Bunun üçün ən əsası gündə 1.5 -2 lt su içmək lazımdır. İndiki içkilər, kofe, şirin, qazlı sular dərini qurudur. Ona görə də qadınlar qəhvəni, çayları nə qədər sevsələr də, onu su ilə əvəzləməyə çalışmalıdırlar.
-Nəmləndirici vasitələrdən necə istifadə etmək olar?
-Pasiyentlərimin hamısına belə bir tövsiyə edirəm ki, artıq pul xərcləmənin mənası yoxdur, dərinin tipinə uyğun şərtlərə əməl etsələr bu onlara bəsdir. Mən qadınlara əsas ev tapşırığı olaraq 4 kremi tövsiyə edirəm. Gecə bərpaedici, gündüz nəmləndirici krem, mütləq 28 yaşından başlayaraq isə artıq göz ətrafı kremlərdən istifadə etməlidirlər. Əvvəlcədən qırışların qarşısını almaq üçün bu vacibdir. Bir də ki, 4-cü olaraq mütləq yuyucu vasitə olmalıdır. Söhbət duru sabunlardan getmir. Onların xüsusi yuyucu vasitələri olmalıdır. Əgər qadınlar baxımlı qalmaq və qırışların qarşısını almaq istəyirlərsə , bu 4 faktoru nəzərə alınmalıdır.
Üzün təmizliyindən də çox şey asılıdır. Bura skrabları da əlavə etmək olar ki, bir və ya iki gündən bir üzü skrabla təmizləmək lazımdır. Hər bir qadının onsuz da evində bir kremi olur, ancaq onu üstünə baxmaq, tərkibini bilmək lazımdır. Məsələn, gündüz yağlı krem istifadə etmək olmaz. Bərpaedici krem həm nəmləndirici, həm qidalandırıcı tərkibli olduğu üçün gecə istifadə etmək məsləhətlidir.
-Üzü təmizləmək üçün pilinqlərdən istifadə edirlər. Onlara hansı məsləhəti verərdiz?
-Bəziləri ev şəraitində pilinqlər edir ki, bu yanlış da ola bilər. Bioloji, hətta ağardıcı kremlərdən istifadədən sonra dəri tiplərini bilməyə-bilməyə, daxili orqanlardaki problemlərdən xəbəri olmadan pilinq etmək olmaz.
Ləkəni ağardan kremlərin tərkibində olan dəri ağardan maddə birinci bizə xoş gəlir, bəyənirik, rəng durulur və açılır. Amma əgər istifadə edilirsə bunu balansda saxlamaq lazımdır ki, dəri qurumasın. Bunun üçün bolluca su içmək ya da başqa qoruyucu kremlərdən istifadə olunmalıdır ki, ləkə düşməsin. Bütün bu pilinqlər, ağardıcı vasitələrin hamısını mütəxəssislə məsləhətləşmək, ən doğrusu isə ev şəraitində etməmək lazımdır.
-Ev şəraitində duzla zeytun yağını və ya şəkər tozu ilə limonu qarışdıraraq üz təmizləyicisi kimi istifadə edirlər, bu doğrudurmu?
-Onların heç bir ziyanı olmaz. Zeytun yağı, badam yağı duzla, soda ilə reaksiyaya girib adicə aşılanma yaradır və üzü təmizləyir. Ancaq mütləq dəri tipinə uyğun olaraq etmək lazımdır. Bunlar yüngül dərəcədə təsir edir, rəng durulur, ləkələr ağarır, ancaq təkcə bunlarla da kifayətlənmək olmaz. Professional pilinqlər var ki, onların hamısını eyni ləkələrdə istifadə etmək olmur, hətta qırışa qarşı da ayrıca pilinqlər var.
-Yaşlanmaya səbəb olan qırışların qarşısını almaq üçün nə etmək lazımdır?
-Adətən, qırışların genetik faktoru da var. Bir var Günəş şüasından yaranan qırışlar, bir də var hormonol qocalma. Bunun qarşısını almaq üçün mənim ən çox tövsiyə elədiyim proseduralar regenerasiya, revitalizasiya və biorevitalizasiyalardır ki, bunlar uzun müddət üzü nəmli edir. Bizim vurduğumuz hialuron turşusudur. Bir molekula hialuron turşusu 1000 malokula suyu çəkdiyi üçün üzü nəmləndirir və tonusu artırır.
Həm də qadınlar klimaksterik dövrə çatanda halogeni, gelaronu və bədəndə bütün maddələri azalır. Ona görə də 40 -45 yaşdan sonra qadınlarda amin turşuları, kalsium, maqnezium, bədəndən yuyularaq gedir. Misal üçün kalsium gedəndə ürək xəstəliyi yaranırsa, eləcə də hialuron turşusu da gedəndə ki, dəriyə qırışlar düşür. Hialuron turşusu dirsəklərdə, dizlərdə, dəridə və gözün sferasında olduğu üçün ən çox yaşlanma orda hiss olunur. Hal -hazırda hialuron turşusu süni olaraq sintez olunur və dəriyə yeridilir. Cavanlaşdırıcı effekt praktik olaraq dərhal görünür.
-Maskalarla qırışların qarşısını qismən almaq olarmı?
-Evdə çox güclü antioksidantlar var ki, bundan dəri xeyir görə bilər. Bunlar limon, cəfəri, sarıkökdür. Sarıkökün təkcə dəriyə yox, hətta bədənə, mədəyə, bağırsağa da müsbət təsiri var. Təbii ki, bunları bir -iki dəfə etməklə heç nə alınmaz, mütəmadi olaraq etsələr effektini də görərlər. Düyü ununu sıyıq formasına salaraq limon, yağ qatıb maska kimi istifadə edə bilərlər. Yazda giləmeyvələrdən, qış boyu evdə olan banan, almadan və mövsümi meyvələrdən hər zaman maska hazırlamaq mümkündür.
-Bəzi qadınlar gecə makiyajı təmizləmədən yatırlar, bunun dəriyə hansı zərərləri var?
-Hər qadın evə gələndə makiyajı üzdən mütləq təmizləməlidir, bu artıq müzakirə belə olunmur. Su tərkibli məhlullardan istifadə etmək məsləhətdir ki, bu həm qurutmur, həm dartma effekti vermir. Birinci üz yuyulur, əgər yuyulmursa öncə üz üçün südlə, sonra toniklə silinir. Bundan sonra gecə kremlərini çəkə bilərlər. Bəzən qatı makiyaj birinci toniklə, sonra üz üçün südlə silinir ki, bu yanlışdır.
-Qışda Günəş şüaları üzə ziyan edirmi?
-Qışda Günəş şüası o qədər də yandırmır, amma üzə ləkə düşübsə və ya meylilik varsa, SPF tərkibli Günəş şüasından qoruma kremlərindən istifadə etmək lazımdır. İndi tanel kremlərinin hamısının tərkibində qoruyucu maddələr var. Amma ləkə düşübsə və ya yazda problem yaradacaqsa ayrıca olaraq yüksək faizli SPF tərkibli Günəş kremləri alıb çəkə bilərlər.
-Botoksları kimlər edə bilər?
-Ümumiyyətlə, mən 30 yaşdan tez tövsiyə etmirəm. Əgər mini qırışlar düşübsə, öz əzələsini kontrol edə bilmirsə, onu eləmək olar. Bir də ki tərləməyə qarşı botoksların yaş dövrü yoxdur. Qadın özündən asılı olmayaraq, sevincdən, həyəcandan tərləyirsə və bu estetik narahatlıq yaradırsa, əlbəttə ki qoltuqaltına, əllərə bunu edə bilərlər. Amma alın, üz əzələlərinə ehtiyac duyularsa, 30 yaşdan sonranı tövsiyə edərəm. Mənim 48 yaşım var, botoks etməmişəm. Səbəbi isə odur ki dərini o qədər nəmləndirib, qidalandırıb, mezoretepiya edirəm ki, ehtiyac duymamışam. Amma qadınlar bu haqda çox düşünür, götür-qoy edirlər.
-Çünki qadınlar bəzən botoks etdirməkdən və yanlış kosmetoloq əlinə düşməkdən qorxurlar.
-Sadəcə axtarıb-araşdırmaq lazımdır, indi seçim rahatdır. Sosial şəbəkələrdə görülən işlər paylaşılır. Ya da kiminsə qohumu edirsə öyrənib onun yanına gedə bilərlər. Heç bir həkim istəməz ki, onun əlindən pis iş çıxsın. 18 -20 günə nəsə səhv olubsa, onu düzəlmək mümkündür. Həkimlərin verdiyi məsləhətlərə əməl etmirlər deyə, nəticə onları qane etmir və başqa həkimə gedirlər. Hər həkimin əlindən belə səhv çıxa bilər, amma baxmaq lazımdır ki, həkim sənə nə vurur, onun botoksu vurmağa sertifikatı, lisenziyası varmı? Azərbaycana preparat gələndə həkimə onu işlətmək üçün lisenziya verilir. Onu əldə etmək asan iş deyil. Pereparatlar buzun içində gətirilir. Hər bir pasiyentin ixtiyarı var ki, onların keyfiyyətilə maraqlansın.
-Biz sadəcə qadınlardan danışırıq, bəs kişilər necə özünə qulluq etməlidirmi?
-İndi 21-ci əsrdir, heç kəs qocalmaq, qırış görmək istəmir, əlbəttə, kişilər də bu prosedurlardan istifadə edir. Kişilər dolğudan, muzoterapiyadan, botoksdan, hətta mezosaplardan da istifadə edirlər. Kişilərin üzü yağlı olduğu üçün lazım olarsa pilinq də edirəm. Mənim kişi pasiyentlərim yalnız dodaq dolğusundan istifadə etmirlər.
Mən kişilərin özünə qulluq etməsinə normal baxıram, əgər insanın alın əzələsinə yaşından əvvəl qırışlar düşməyə başlayırsa və kişi onun qarşısını almaq istəyirsə bu təbiidir. Əvvəllər bunu yalnız aktyorlar, tanınmış insanlar edərdi, artıq hamı baxımlıdır. Bütün dünyada bunu edirlər. Elə kişilər olub ki, demişəm ki, dolğu lazımdır tövsiyəmi qəbul edib, və ya da özü -özü ilə harmoniyadadır, onun üçün əhəmiyyəti yoxdur.
Elə qadınlar da var ki, problemini görmürlər, özlərini olduğu kimi qəbul edirlər. Bu çox gözəl bir hisdir. Mənim daha xoşuma gəlir ki, onlara nəsə göstərəndə deyir ki, bu lazım deyil, mənə mane olmur. Bu xanım özü ilə barışır, heç bir qırış, ləkə onu kompleksə salmır.
-Dolğudan nə zaman istifadə olunur?
-Qadınlar, qızlar dodaqlarına yüngül şəkildə edirlər. Mən həddindən çox dodaq üzərində işləməyi sevmirəm. Çünki dodaq elə bir orqandır ki, danışanda bir -birimizin dodağına baxırıq, bunu bərbad hala salmaq lazım deyil. Pasiyent bilməyə bilər, 3 qram, qram yarım da istəyə bilər, amma elə etməliyik ki, sonra problem yaratmasın. Ən yaxşısı yarım, bir qramdan başlamaq lazımdır ki, evdəkilərin də, özünün də gözləri alışsın. Əgər bəyənərsə yüngül həcm verməklə dodağı korreksiya etmək olar. Artıq şəkildə dodağı doldurub danışığına, yeyib içməyinə mane olmaq olmaz. Dodaq rahat olmalıdır, diskomfort yaratmamalıdır.
Ağız ətrafı qırışlar ki var, onları hətta 28 yaşdan az olanların də dolğu etməyi məsləhətdir. Ağızətrafı qırışlar bizim ən çox işləyən, hərəkətdə olan əzələmizdir. Onun əvvəlcədən qarşısını almaq vacibdir.
Dolğuları yeniləmək preparatların seçimindən asılıdır, qiymət preparatın sıxlığına görə dəyişir. Preparat nə qədər qatıdırsa bir o qədər də çox qalır.
- Dərmanların qiymətləri necədir?
-Pasiyent nəyi seçirsə qiymətlər də ona görə dəyişir. Mən ən bahalı preparatlarla işləyirəm ki, bədənə sorulandan sonra problem də olmur. Baha olduqca problem də yaratmır. Şəhərdə hər kəs bir qiymətlə işləyir. Elə gel var ki 100 manata, eləsi də var 300 manatadır. Əlbəttə, hamı istəyər ki 100 manatlıq olsun. Amma ona da başa salırıq ki bu 100 manatlıq fəsad da verə bilər.
Mən çox ölkələrdə olmuşam, ən gözəl qızlar bizdədir, çox vaxt heç onlara lazım da deyil. Əgər vuracaqlarsa preparatların ən yaxşısını seçsinlər.