1926-cı il noyabrın 6-da fəaliyyətə başlayan Azərbaycan Radiosunu, yəqin ki, qaranlığı aydınladan gur işığa bənzətmək olar. Onun “Danışır Bakı!” kəlməsi sonradan bütün Azərbaycanın səsinə çevrildi. Öncə küçələrə, meydanlara, parklara, klublara, istirahət mərkəzlərinə, sonradan isə hər bir evə, hər bir mənzilə təkcə xəbərləri daşımadı, onu düşündürdü, maarifləndirdi və əyləndirdi.
Sovetlərin işğalında olsaq da, bütün kəşməkeşli dönəmlərdən keçən Azərbaycan Radiosu gündən-günə püxtələşdi, milli şüurumuzun inkişafına, doğma dilimizin qorunub saxlanmasına təkan verəcək proqram və verilişlər hazırlamaqla, milli mədəniyyətimizi və incəsənətimizi təbliğ etdi, o taylı bu taylı məmləkətimizin birləşdirici məkanına çevrildi.
Azərbaycan radiosunun efirindən kimlərin səsi eşidilməyib ki?! Cümhuriyyətimizin bütün görkəmli elm, ictimai, mədəniyyət və incəsənət xadimlərinin səs xəzinəsini özündə daşıyır Azərbaycan radiosu! Sovetlərin ideoloji təbliğatını kənara atsaq, bu xadimlərin fikir və düşüncələrinin əksəriyyəti savadsız olan əhaliyə radio vasitəsilə çatdırılmasının əhəmiyyətini bu günün baxış bucağından baxanda anlamaq olur. Bu radio öz proqram və verilişləri ilə dinləyicilərin zövqünün yüksəlməsinə, soydaşlarımızın təhsilə, tərəqqiyə, mədəniyyət və incəsənətə marağının artmasına xidmət etdi, dilbər Vətənimizi ürəkdən və candan sevməyi aşıladı. Çünki bu efirin ədəbi-bədii siyasətini Məmməd Səid Ordubadi kimi istedadlı ədib, musiqi siyasətini Üzeyir Hacıbəyli kimi dahi, Müslüm Maqomayev (baba) kimi korifey bəstəkarlar müəyyənləşdirirdi…
Azərbaycan Radiosu həm də milli kadrlarımızın yetişməsinə böyük töhfələr verdi. O, milli diktorlar, redaktorlar, reportyorlar, rejissorlar yetişdirərək, 30 il sonra (14 fevral 1956-cı il) yaranacaq Azərbaycan Televiziyası üçün ilk dövrdə kadr bazasına çevrildi.
Böyük azərbaycanlı Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişilə ölkədə elə sürətli inkişaf tempi götürüldü ki, Azərbaycan Televiziyası keçmiş SSRİ məkanında 4-cü yerə çıxdı. Bu, Rusiya, Ukrayna, Belorus kimi slavyan dövlətlərinin öndə olduğu bir “ittifaq”da çox böyük göstərici idi. AzTV-nin hazırladığı veriliş və proqramlar, sənədli filmlər, teletamaşalar hətta Mərkəzi Televiziya vasitəsilə göstərilməyə başlandı. Kimsə deyə bilər ki, bu, o dövrün tələbi idi və bütün respublikalardan veriliş və proqramlar hazırlamaq tələb olunurdu. Amma məsələ təkcə bunda deyildi. Azərbaycan mədəniyyətinin və incəsənətinin o zamankı inkişaf mərhələsində sənət meydanına çoxlu istedadlı şəxsiyyətlər qədəm basmışdılar. Rəqabətin güclü olduğu dönəmdə onların bütün janrlarda yaratdıqları möhtəşəm əsərlər sayəsində AzTV ortaya çox maraqlı layihələr qoya bilirdi. Bundan başqa, respublikaların əksəriyyəti Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti fonunda olduqca kasıb görünürdü...
Bu gün əminliklə demək olar ki, Azərbaycan televiziyası və radiosu həmin ənənəni qoruyub saxlamağa çalışır. Onu rəqiblərindən fərqləndirən cəhət də milli-mənəvi xəzinəmizi müntəzəm şəkildə təbliğ etməsidir. Bu efirdən istər milli, istərsə də xarici dühaların yaratdıqları əsərlər əsasında hazırlanan veriliş və proqramlar səslənir, tamaşaçılara yüksək zövq aşılanır, musiqinin, teatrın, kinonun, rəngkarlıq sənətinin, heykəltəraşlığın, memarlığın ən gözəl nümunələri sərgilənir. Azərbaycan teleradiosu klassiklərimizin yaratdığı xəzinədən yararlanır və onu yaşadır, eləcə də müasir istedadları üzə çıxarır. Son illərdə aşkarcasına gözə görünən bu fəaliyyət Azərbaycan Televiziyasının nəzdində “Mədəniyyət” telekanalı yarandıqdan sonra daha da intensivləşib.
…Bu gün hansı telekanal Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük dəstəyilə muğamla bağlı maraqlı televiziya müsabiqəsi keçirir?!
…Hansı telekanal estrada səhnəmizə onlarla istedad bəxş edən “Voice” (“Səs”) beynəlxalq müsabiqəsini ölkəmizə gətirə bilir?!
…Hansı telekanal xalq və bəstəkar mahnılarından ibarət 5 günlük musiqi festivalı keçirmək iqtidarındadır?!
…Hansı telekanal ölkəmizin iri saray və məbədlərində görkəmli, ölməz bəstəkarlara, yazıçılara, şairlərə, sənətkarlara həsr olunmuş təntənəli gecələr keçirir?!
…Hansı telekanalın nəzdində Üzeyir bəyin və Müslüm Maqomayevin əsasını qoyduğu xalq çalğı alətləri orkestri fəaliyyət göstərir?! Hansı telekanalın nəzdində simfonik, xalq, estrada orkestrləri, ansamblları, caz, vokal, instrumental qrupları, xor kollektivləri çalışır?!
…Hansı telekanalda muğam və estrada müsabiqələrinin onlarla laureatı solist işləyir?!
…Hansı telekanalda cəmiyyətdə söz sahibi olan ziyalılar veriliş və proqramlar aparır?!
…Hansı telekanal ölkəmizin həyatında baş vermiş mühüm hadisələrə həsr olunmuş, bəşəri və milli dəyərlərə xidmət edən musiqi çarxları çəkir?!
…Hansı telekanal irimiqyaslı tədbirləri işıqlandırır, onların təbliğinə veriliş və proqramlar həsr edir?!
Əlbəttə ki, söhbət teleməkanımızın öncülü sayılan Azərbaycan Televiziyasından gedir.
Təkcə bu il iyunun 26-da və sentyabrın 15-də keçirilən hərbi paradları xatırlayaq. Silahlı Qüvvələrimizin və Bakının işğaldan qurtarılmasının 100 illiklərinə həsr olunmuş hər iki paradın yayımlanması həmişəki kimi AzTV-yə həvalə edilmişdi. Birinci televiziya Azadlıq meydanında baş verənləri elə böyük ustalıqla yayımlayırdı ki, Azərbaycan və Türkiyə türkləri dövlətlərimiz adına iftixar hissi keçirir, əzəli düşmənlərimiz isə paxıllıqdan çatlayırdılar...
AzTV-nin proqram siyasəti həm maarifləndirici, həm də rəngarəngdir. Çox sevindirici haldır ki, ölkənin əsas televiziyası bəzi özəl telekanallardan fərqli olaraq ucuz, bayağı və şit layihələrə yer vermir. Bununla AzTV, eləcə də onun nəzdində fəaliyyət göstərən “Mədəniyyət” və “İdman Azərbaycan” telekanalları tamaşaçıların, xüsusən də gənc nəslin zövqünün korlanmasına, yaddaşımızın korşalmasına yol vermir. Bütün bunlar isə AzTV rəhbərliyinin bilik, etika və estetika məsələlərində necə həssas və prinsipial mövqeyə malik olduğunu sübut edir. Sonucda bütün sadalanan vacib məqamlar cəmiyyətimizin savadlanmasına xidmət edir. Savadlı cəmiyyət isə həm də güclü TV deməkdir.
Bu yöndə fəaliyyət göstərən Azərbaycan Televiziyasının və Radiosunun bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, yaradıcılıq uğurlarının bol olmasını arzulayırıq!