6 Noyabr 2018 15:19
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva Teleqraf.com-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Öncə yeniliklərinizdən danışardınız.

- Yeniliklərim çoxdur. Bir ay öncə dəyərli rejissor Nail Naiboğlu ilə birgə vətənpərvər ruhda bir klip çəkdirdik. Bu ekran işi Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Klipin musiqisini dəyərli bəstəkarımız Nailə Mirməmmədli yazdı. Bu işdə mənə bir çox sənətkarlar dəstək oldu. Əməkdar artist, balaban ifaçısı Şirzad Fətəliyevin də bu klipdə əməyi var. Mənim dəvətimi qəbul etdiyi üçün ustadımıza təşəkkürümü bildirirəm. Gənc nağara ustası Sadiq Bəşirə və aranjimançı Rəşad bəyə də minnətdarlığımı bildirirəm. Noyabrın 8-də bu klipi təqdim edəcəyik. Uzun fasilədən sonra media nümayəndələri ilə bir araya gələcəyik.

- Daim yeniliklər edirsiniz, amma adınız qalmaqallarda da hallanır...

- Mənim onlara ayıracaq vaxtım yoxdur. Mən istəmədən adımı bir müddət qalmaqallarda hallandırdılar. Bu isə mənə çox pis təsir etdi. Duyğusal, həssas insan olduğuma görə çox fikir edirəm. Çalışıram ki, söz-söhbətdən uzaq olum. Amma bilirsiniz ki, bir insanla aramda problem yaşanmışdı. (Müğənni Xatun Əliyevanı nəzərdə tutur – Y.U. ) Onun adının burada çəkilməsini istəmirəm. Sadəcə, o qalmaqalla bağlı məhkəmə prosesi davam edir. Hazırda hüquqi müstəvidə iş gedir. Bu işlə mənim vəkilim Könül xanım məşğuldur. Görürsünüz ki, artıq susublar. Məhkəmə başlayan gündən söz-söhbət yoxdur. İndi nə haştaqlarda, nə də başqa yerdə belə söz atan yoxdur. Mən bunu etməli idim. Əgər mən bu insanlar barəsində hüquqi müstəvidə tədbir görməsəydim, onlar susmayacaqdı. Yenə də qıcıqlanacaqdılar, yenə də mənim ailəmə, övladlarıma lazımsız sözlər deyəcəkdilər. Mən bilirəm ki, Azərbaycanda qanun var. Və hər kəs etdiyi əmələ görə cavab veerməlidir. Dünya dərəbəylik deyil ki, kimsə çıxıb kiməsə söz atsın. İnsanlar öz yerini bilməlidir.

- Şou-biznesdə yaşadıqlarınız sizə dərs olurmu?

- Əlbəttə, həyat özü böyük dərsdir. Biz bu dərsi almasaq, böyümərik. Biz yıxıla-yıxıla irəli gedirik. Şükür edirəm ki, mənim başım daşlara dəyib, amma büdrəməmişəm. İmkan verməmişəm ki, məni büdrətsinlər.

- Şou aləmində dost varmı?

- Yox. Bu suala cavabımda əminliklə “yox” deyə bilərəm. Bu gün şou aləmində kimə bu sualı versəniz, onlar da eyni cavabı verərlər. Təxminən 5 il öncə bu sualı mənə versəydiniz, deyərdim ki, var. Mən heç kimi qınamıram. Hər kəsin özünə görə problemləri var. Onlara başımız qarışır. Bu gün dostun sənin pulundur.

- Fatimənin həyatında elə inşalar varmı ki, onları heç vaxt bağışlamaz?

- Hər zaman demişəm ki, o insanları dildə bağışlasam da, ürəkdə əsla.

- Həmin insanların adını çəkə bilərsiz?

- Yox, əsla. O demək deyil ki, mən onlara yuxarıdan aşağı baxıram. Mən bu günə qədər heç kəsə yuxarıdan aşağı baxmamışam.

- Onlar şou-biznesdədir?

- Bəli. Əsas bir nəfərdir. Onu ürəyim bağışlamaz.

- Xına biznesinə qoşulandan sonra şou aləmində düşmənlərinizin sayı artdı.

- Elə bir şayiə yayılmışdı ki, kimsə xına yeri açırsa, Fatimə həmin adamla pis olur. Əksinə, indi kimsə mənə desə ki, bizə nəyisə öyrət, mən canla-başla öyrədərəm. Çünki vaxt olub ki, mən də kimdənsə baxıb öyrənmişəm. Hətta mən bu yaxınlarda verilişlərin birində qonaq olanda dedim ki, “Toppuş bacı”ya baxıb xınayaxdı aparmağı öyrənmişəm.

- Demək olarmı ki, hazırda Azərbaycanda xınalara ən baha qiymətə Fatimə gedir?

- Yox, çünki mən bilmirəm ki, kim xınanı neçəyə aparır. Ola bilər ki, məndən də baha qiymətə xinaya gedənlər var.

- Biznes həyatınızda peşmançılıqlarınız olubmu?

- Əlbəttə olub. Gəlinliklər üçün dükanı açanda maşınımı satdım, həmin puldan heç nə qalmadı. Əksinə, itirdiklərim oldu. Peşmançılığım evlə də bağlı olub. Ev almışam, sonra satandan sonra uduzmuşam. Yəni həyatda bu cür şeylər olur. Biznes belədir. Mən heç zaman milyonçu olmaq istəməmişəm. Nə aşağıda, nə də yuxarıdayam. Normal pillədəyəm. Artıq yorulmuşam. Planlarım var, onları həyata keçirim, sonra ayaqlarımı rahat uzada bilərəm. Həyatda çox əziyyət çəkmişəm. 20 ildir səhnədəyəm. Bu illər ərzində mənə mane olmaq istəyən çox insanlar olub. İstəyiblər ki, məni yox etsinlər. Çəkilişlərdə ağlamışam da, gülmüşəm də. Amma buna baxmayaraq, heç zaman geri çəkilməmişəm.

- Fatimə hansı yaş dövründə sənətdən getməyi düşünür?

- 15 ildən sonra sənətdən gedəcəm. Sənətdən gedəndən sonra öz sahəm üzrə tələbələrimi hazırlaşdıracağam. Həmin vaxt mən nəvələrimə baxacam. Çox istəyirəm ki, o günləri görüm. Cavan nənə olmaq istəyirəm.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər