Şeirlərin, romanların, hekayələrin – bədii əsərlərin çoxu onlar üçün yazılır. Qadin obrazı olmayan çox az əsər var. Ədəbiyyat əslində qadın orbiti ətrafında fırlanır. Bu cinsin nümayəndələrini canlandıran obrazların sayı kifayət qədərdir.
Bəs həmin obrazlardan hansıları yaddaşlarda silinməz iz qoyub? Ədəbiyyatımızın ən yaxşı qadın obrazı kimdir?
Teleqraf.com bu suala ədəbiyyat adamları ilə cavab axtarıb.
Sorğunun nəticələrini təqdim edirik:
“Yaddaşımda özünə yer edib”
Şairə Səhər Əhməd: “Düzünü desəm, ilk olaraq, ağlıma İlyas Əfəndiyevin “Natəvan” dramındakı Natəvan obrazı gəldi. İlk ağlıma o gəldisə, deməli, yaddaşımda özünə yer edib. Səbəbi daha çox ictimai məsələ olması ilə bağlıdır. Əsərdə onun Tiflis canişini ilə dialoqu var, çox xoşum gəlir:
- Siz tək varissiniz, bu qədər var-dövlət nəyinizə lazımdır?
- Mən tək deyiləm, knyaz həzrətləri, Şuşa əhalisi hələ şor su içir.
Nizami Gəncəvinin Şirini bütöv obrazdır. Mirzə Cəlılin Zeynəbi də adama doğmadır, Anarın Təhminəsi xarakterdir. Elə də çox deyil, indiki halda ağlıma başqa obraz gəlmir”.
“O, əsl ledidir”
Ədəbi tənqidçi Əsəd Cahangir: “Azərbaycan ədəbiyyatında ən yaxşı qadın obrazları məncə bunlardır - folklorda Koroğlunun Nigarı, klassik ədəbiyyatda Nizamininin Şirini, müasir ədəbiyyatda Anarın Təhminəsi…
Nigar ağlı, Şirin sədaqəti, Təhminə intellekti - hər üçü gözəlliyi ilə sevimlidir. Ümumən, mənə görə ən ideal qadın obrazı Marqaret Mitçelin “Küləklə sovrulanlar” romanında inanılmaz dərəcədə mərhəmətli, mehriban, qayğıkeş, hamını başa düşən, hamını bağışlayan, eyni zamanda mətanətli, qətiyyətli və iradəli Melani Hamilton obrazıdır. O, əsl ledidir”.
“Bunun niyəsi adında gizlənir”
Ədəbi tənqidçi Cavanşir Yusifli: “Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərindəki Pırpız Sona... Bu seçimimin niyəsi həm əsərin, həm də personajın adında gizlənir”.
“Onlar heykəlləri qoyulası qadınlardır”
Şair Aqşin Yenisey: “Çətin məsələdir. Birincisi ona görə ki, “ən yaxşı qadın obrazından” əvvəl biz “ən yaxşı qadın”ının hansı keyfiyyətlərə sahib olduğunu təyin etməliyik. Bu da dünyagörüşünə görə dəyişkən bir şeydir.
Birinin əsl qadın dediyinə, başqa biri əxlaqsız kimi baxa bilər, yaxud birinin zırrama dediyi kişini başqa biri Cahandar ağa deyib tərifləyə bilər.
Mən ədəbiyyatımızda ictimai həyatı olan qadın obrazlarını ilk yerə qoyardım. Çünki bilirsiniz ki, bizim müsəlman başımız ictimai həyatı olan qadınlara yava gözlə baxır. Odur ki, ictimai rəydən çəkinmədən deyə bilərəm ki, ədəbiyyatımızda gəlmiş-getmiş ən yaxşı qadınlar Cəfər Cabbarlının yaratdığı və ictimai rəyə üsyan edən qadın obrazlarıdır.
Onlar bütün müsəlman dünyasında heykəli qoyulası qadınlardır. Bu gün nə Cəfər Cabbarlı, nə onun əsərləri təbliğ olunmadığı üçün bu qadınların dəyərini yeni nəsillər anlaya bilmir. Ona görə də cəmiyyətimiz sürətlə xilafətin Abbasilər dövrünə qayıdır”.
“Sevilləşmiş fitnəkar Leyli...”
Yazıçı Pərviz Cəbrayıl: “Əgər mən bu dəqiqə ancaq iki-üç qadın obrazını xatırlaya bilirəmsə, demək, bundan artıq seçimim yoxdur - Fitnə, Leyli, Sevil. Biri Nizaminin, biri Füzulinin, biri də Cəfərindir. Ancaq fikrim məni barmağımı Leylinin üstünə qoymağa yönləndirir. Çünki Leyli bu gün daha müasirdir, nəinki Fitnə.
Ədəbiyyatımızdakı qadınlar Fitnədən yola çıxdı, Leylidə nəfəsini dərdi, sonra Sevilləşmək istədi, amma yenə də Leyliyə döndü. Sevilləşmiş fitnəkar Leyli.
Bu Leyli nə Fitnənin övladı Sevil kimi cəngavər, nə Leyli kimi eşq dolu! İçindəki böyük eşqi karyeraya qurban verən Leylini ağlımıza gətirək. Sonunda yenə Leylidi ki, Leyli. Hansısa İbn-Səlama ərə gedən, onu çərlədib öldürən, sonra da hər ikisindən olub dul qalan Leyli...
Nə ortodoks buxovlardan azad ola bilir, nə eşqdən, nə karyera ehtirasından. Belə kədərli... Nə ədəbiyyatımız, nə cəmiyyət bu üç qadından yoğurub-yapıb birini düzəldə bilmədi. Ədəbiyyatdakı qadın obrazlarımızı bu baxımdan ölü doğulmuş hesab edə bilərik”.
“Onların heç birindən əksik deyil”
Yazıçı Şərif Ağayar: “Qaraca qız... Ona görə ki, yarada bilib. O obraz hər yadıma düşəndə içim sızıldayır. Məncə, “Qaraca qız” hekayəsi dünya səviyyəli əsərdir. Bunu bir avropalı yazsa, dünya dillərinə çevrilmiş olardı. Qaraca qız Viktor Hüqonun, Con Steynbekin, Dostoyevskinin qəhrəmanlarından əskik deyil”.
“Zeynəbin faciəsi həmişə məni diksindirib”
Yazıçı Ayxan Ayvaz: “Unuda bilmədiyim bir qadın obrazı var: Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”ndakı Zeynəb... Onun faciəsi məni həmişə diksindirib. Əsas da bu hissə: “Zeynəb ağladı, ağladı və yıxılıb yatdı”. Onun iztirabını Mirzə Cəlil böyük ustalıqla təsvir edib.
Bir də “Dəli Kür”də Mələk obrazı - Cahandar ağanın qaçırdığı qadın… Əlacsız bir durumdur. Başqa bir kişinin həyatına gəlib və fırtınalara səbəb olub”.
“Bunu sevdiyim üçün deyirəm”
Şair Hədiyyə Şəfaqət: “Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanındakı nənə obrazı mükəmməl işlənib. Lakin bunu fərqləndirmək mənasında deyil, sevdiyim obraz kimi qeyd edirəm”.
“Bu, çox önəmlidir”
Şair Ramil Əhməd: “Ağlıma ilk Cəfər Cabbarlı gəldi. Onun əsərlərindəki qadın obrazları bir çox cəhətdən önəmli və ədəbiyyatımızda ilk olma özəlliklərini daşıyır. Cəmiyyət olaraq da düşündüyümüzdə bizə ən çox təsir edən əsərlər “Almaz” və “Sevil” olub. Bu tamaşaları izlədikdən sonra çadrasını teatrda qoyub gedən qadınların olduğu deyilir.
Düzdür, bu əsərlərin estetik tərəfləri, dönəmin tələbindən irəli gələn və indi sevməyəcəyimiz şeylər də var. Ancaq əsərlərində Şərq qadınının çox fərqli bir obrazda təqdim olunması önəmlidir və qadın-kişi hüquqları, qadın azadlığı, cəmiyyət basqısı, qadının təhsil alması kimi mövzular baxımından mən Cəfər Cabbarlının əsərlərini deyərdim.
İki əsərinin adını dedim və diqqət edin bu pyeslərdə qəhrəmanın adının sərlövhəyə çıxdığını görürük. Bu gözdən qaçırmamalı olduğumuz önəmli bir nöqtədir.
Cabbarlının “Od gəlini”, “Aydın” əsərlərində də Gültəkin, Solmaz kimi obrazları da unutmamalıyıq”.
“Onun hisslərini…”
Yazıçı Rəbiqə Nazimqızı: “İlk yadıma Şahnigar düşür. İsmayıl Şixlının “Dəli Kür” əsərindəki qadın... Onun daxili aləmini, hiss və düşüncələrini yazıçı əla aça bilib”.