8 Noyabr 2018 11:54
2 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Amaliya Pənahova ilə vida mərasiminin vaxtı dəqiqləşib.

Teleqraf.com-a açıqlama verən əməkdar artist Hüsniyyə Mürvətova bildirib ki, mərhum xalq artisti ilə vida mərasimi sabah olacaq: “Teatrımızın kollektivi Təzə Pir məscidində bir araya gələcək. Rəsmi vida mərasimi isə sabah olacaq”.

Mədəniyyət Nazirliyi də vida mərasiminin sabah keçiriləcəyini bildirib.

Mərasimim Akademik Milli Dram Teatrında baş tutacaq.

Vida mərasimi saat 11:00-12:30-da keçiriləcək.

Xatırladaq ki, Xalq artisti 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

***

09:57

Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə onun rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova bildirib.

O, bununla bağlı sosial şəbəkədə status paylaşıb.

Xəbəri Mədəniyyət Nazirliyi də təsdiqləyib.

**

Teleqraf.com Amaliya Pənahovanın ölüm xəbərini sosial şəbəkədə yayan əməkdar artist Hüsniyyə Mürvətova ilə əlaqə saxlayıb.

O, ağlayaraq xalq artistinin ölüm səbəbini açıqlayıb: “Amaliya xanım xəstə idi, bunu çox adam bilmirdi. Hansı xəstəlikdən dünyasını dəyişdiyini mən deyə bilməyəcəm. Bunu ancaq yaxınlarından öyrənin. Biz çox böyük sənətkarı itirdik”.

***

Teleqraf.com mərhum sənətkarın tərcümeyi-halını təqdim edir.

Amaliya Əliş qızı Pənahova 1945-ci ilin iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə əməkdar artisti, 1985-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adı verilib.

1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa həmçinin rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib. Onların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professoru olub.

Prezident təqaüdçüsü olub. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.
2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb. 17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Allah rəhmət eləsin!


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər